Məhkəmə qərarları › İş №e-2(005)-354/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-354/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-354/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən "xxxx" MTK cəlb edilməklə) “kredit borcun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı “kredit borcun qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 43.279,40 manat əsas, 42.913,87 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.075,79 manat və iş üzrə ödənilmiş 352 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 009 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 138.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 84/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli 009/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə cəmi borcu 87.269,06 manat təşkil edir. İddiaçı LPO "xxxx" ASC sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 44.706,34 manat əsas, 44.352,41 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.105,24 manat olmaqla, cəmi 90.163,99 manat pulun və iş üzrə ödənilmiş 361 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mövcud olan ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Cavabdeh müqavilə bağlanan tarixdən tibarən 8 il ərzində ipoteka üzrə hissə-hissə ödənişlər həyata keçirmiş, 2016-cı ildə isə birdəfəlik 77.700 manat ödəməklə borcunu tamamilə ödəyib qurtarmışdır. Bank da ona borcun ödənilməsinin bitdiyini bildirmişdir. Hazırda ipoteka predmeti olan mənzil yüklü deyildir. Bankın borcun tam şəkildə ödənilməsi barədə etirazının olmadığına dair məktub olduğundan, MTK-nın ümumi yığıncağında cavabdehə münasibətdə ipoteka predmeti olan mənzilə dair çıxarış verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş ipoteka qoyana göndərilməli və DƏDRX-də həmin bildirişi qeydiyyata almalı idi. Lakin iddiaçı göstərilən tələblərə də riayət etməmişdir. Həmçinin bankın ləğv edildiyi vaxtdan iddia müddəti ötmüş hesab olunur. Göstərdiklərinə əsasən, həmçinin iddia müddətinin tətbiq ediləməklə məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 009 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 15% оlmaqla 180 ay müddətinə, 138.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü maddəsində müəyyən edilmişdir ki, kredit borcalana Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzilin alınmasına görə verilir. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 009/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, mənzilin ümumi dəyəri 138.000 manat məbləğində müəyyən edilmişdir. - LPO İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli “kredit borcunun ödənilməsinə dair” xəbərdarlıq bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə LPO "xxxx" ASC-nə 43.279,4 əsas, 42.913,87 manat faiz, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üzrə 108,18 manat faiz borcu qalmışdır. Borcludan 3 gün müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixli 009 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş borcu xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 43.279,40 manat, faiz borcu üzrə 42.913,87 manat, gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 1075,79 manat, cəmi 87.269,06 manat təşkil edir. - xx.xx.2016-cı il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nə 77.700 manat pul vəsaiti ödənilmişdir. - Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev 10B, giriş A, 38 saylı mənzil xx.xx.2016-cı il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, X5 tərəfindən Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev 10B, giriş A, 38 saylı mənzilin pay dəyəri olan 138.000 manat tam şəkildə ödənilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı LPO "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: Müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə: -əsas borc üzrə 44.706,34 manat, -faiz borcu üzrə 44.352,41 manat Maliyyə arayışında borcun hesablandığı xx.xx.2023-cüi il tarixə: -əsas borc üzrə 44.706,34 manat, -faiz borcu üzrə 44.352,41 manat -müqavilə müddətinin bitdiyi tarixdən 5%-lə hesablanmış faiz borcu üzrə - 1.105,24 - İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilənlər nəzərə alınmaqla Cavabdeh İddiaçı LPO "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016-ci il tarixə: -əsas borc üzrə 44.706,34 manat, -faiz borcu üzrə 0,0 manat, Müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü tarixə: -əsas borc üzrə 44.706,34 manat, -faiz borcu üzrə 44.352,41 manat Maliyyə arayışında borcun hesablandığı xx.xx.2023-cüi il tarixə: -əsas borc üzrə 44.706,34 manat, -faiz borcu üzrə 44.352,41 manat -müqavilə müddətinin bitdiyi tarixdən 5%-lə hesablanmış faiz borcu üzrə - 1.105,24 Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC (bundan sonra – bank) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzilin cavabdeh tərəfindən alınmasına görə sonuncuya lazımı pul vəsaitinin verilməsi məqsədi ilə borc münasibətləri yaranmış, nətiəcədə xx.xx.2008-ci il tarixdə aralarında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, bank tərəfindən cavabdehə illik 15% olmaqla 180 ay müddətinə qaytarılmaq şərtilə 138.000 manat kredit pul vəsaiti verilmişdir Həmin borcun qaytarılmasının təminatı olaraq sözügedən mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş və yenə nəticədə tərəflər arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və 138.000 manat vəsaitin bank tərəfindən cavabdehə verilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh bildirir ki, o, borc məbləğini xx.xx.2016-cı ildə ümumilikdə 77.700 manat banka birdəfəlik ödəməklə bağlamışdır. Yəni hazırda onun iddiaçı borcu yoxdur. Məhkəmə tərəfindən iş üzrə təyin məhkəmə-mühasibatlıq ekspertizalarıının rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2016-cı il tarixə 44.706,34 manat əsas borc üzrə borcu olmuş və həmin tarixə faiz borcu olmamışdır. Hər iki ekspert rəyi verilərkən iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə ödənilmiş 77.700 manat pul vəsaiti nəzərə alınmışdır. Göründüyü kimi, cavabdehin banka hər hansı borcunun olmadığı barədə gətirdiyi dəlilləri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamış, əksinə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə təkzib olunmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.7 və 103.1-ci maddələrinin tələbləri baxımından məhkəmə verilmiş ekspert rəyini qiymətləndirir və mötəbər sübut kimi qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin o, kredit vəsaitini ödəməli olmasına dair vəzifələrini tam icra etməyərək, pul öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 745.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə iş üzrə toplanılmış sübutları araşdıraraq və qanunvericiliyin göstərilən müddəalarına əsasən qeyd edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan, təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 44.706,34 manat borc tutulmalıdır. Məhkəmə həmçinin cavabdehdən iddiaçının xeyrinə əsas borca hesablanmış faiz borcunun tutulması barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə ödənilməmiş 42.913,87 manat faiz borcu vardır. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Sözügedən Qərarda göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə iddiaçı tərəfindən cavabdehə pretenziya ilə müraciət edildiyi tarixdən xitam verildiyindən tərəflər arasındakı öhdəlik münasibətləri ləğv edildikdən sonra iddiaçı ləğv olunmuş öhdəlik üzrə faizlər tələb edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 42.913,87 manat (iddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubunda tələb edilən tarixə) pul məbləği tutulması məqsədəmüvafiqdir. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün cavabdehdən illik 5% hesablanmaqla 1.105,24 manat borcun tutulması barədə hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia göstərilən hissədə əsaslıdır, bu səbəbdən də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.105,24 manat pulun tutulmasını əsaslı hesab edərək, həmin hissədə təmin edilməsini qanunauyğun hesab edir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi və s. tələblərinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissələr də əsassızdır. Məhkəmə iddiaçının “kredit borcu üzrə tutmanın mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmetləri olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsi” ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, belə tələb irəli sürməkdə iddiaçı haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Belə ki, 009/1 saylı xx.xx.2011-ci il tarixli mənzilin ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Lakin hazırda göründüyü kimi Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. İddiaçı isə kredit borcunun ödənilməsinin təminatı kimi tutmanın həmin mənzilə yönəldilməsini xahiş edir və iddia tələbini bu hissədə qanunvericiliyin ipoteka haqqında müddəalarına əsaslanmaqla irəli sürür. Göründüyü kimi, iddiaçı hazırda mənzilə dair hər hansı rəsmiləşdirilmə olmadan (ipoteka müqaviləsi olmadan), çıxarış alınmadan müvafiq müddəaya əsaslanmaqla, tutmanın mübahisəli mənzilə yönəldilməsini tələb edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının belə tələb irəli sürməsinin hüquqi əsası olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, ipoteka müqaviləsi özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, bu məqsədlə ipoteka müqaviləsinin bağlanması və əmlakın yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmiş, əksinə daha sonra digər şəxs Afərdə Əsədovanın adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olanda hazırda iddiaçının bu hissədə təmin edilməsi digər şəxsin hüquq və mənafelərinə uyğun olmamaqla, qanunvericiliyin də müddəalarına ziddir. Mülki Məcəllənin 271.1-ci maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə də əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi və kreditin ödənilməsi cədvəlinin surətindən görünür ki, müqavilənin müddətinin bitmə tarixi xx.xx.2023-cü il tarixidir. Yəni kredit müqaviləsi üzrə iddia müddətinin axımı da həmin tarixdə başlamış və iddia müddətinin son tarixi xx.xx.2026-cı il olmalıdır. Bu səbəbdən də iddia müddətinin ötməsi barədə cavabdehin ərizəsi əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin edilən hissəyə müvafiq olaraq ödənilmiş dövlət rüsumunun məbləği olan 352,86 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə aparılmış iki ekspertiza tədqiqatı üzrə nəzərdə tutulan 290 manat (145+145) xərc də iddia qismən təmin olunduğundan, cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il tarixli 009 nömrəli kredit müqaviləsi üzrə banka 44.706,34 (qırx dörd min yeddi yüz altı manat otuz dörd qəpik) manat əsas, 42.913,87 (qırx iki min doqquz yüz on üç manat səksən yeddi qəpik) faiz borcu və gecikdirilmiş vaxt üçün 1.105,24 manat illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 88725,45 manat (səksən səkkiz min yeddi yüz iyirmi beş manat qırx beş qəpik) manat borc pul vəsaiti və 361 manat dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 290 manat Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar