Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3540/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu olan 44306,80 (qırx dörd min üç yüz altı manat səksən qəpik) manat; bundan: 24904,04 (iyirmi dörd min doqquz yüz dörd on manat dörd qəpik) manat əsas, 16842,36 (on altı min səkkix yüz qırx iki manat otux altı qəpik) manat faiz, 1370,16 (bir min üç yüz yetmiş manat, on altı qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1190,24 (bir min yüz doxsan manat iyirmi dörd qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 222,92 (iki yüz iyirmi iki manat doxsan iki qəpik) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km. İnşa etdirdiyi 1 bina, 62 blok, 18 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmentinin satışından əldə olunan vəsait borcun tam bağlanmasına kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 119 (bir yüz on doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 32721.63 (otuz iki min yeddi yüz iyirmi bir manat 63 qəpik) AZN məbləğində kredit vermişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi, AK 268 saylı İpoteka müqaviləsinə əsasən Bakı şəhəri, Abşeron rayonu ərazisində Xırdalan qəs., Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 bina, 62 blok, 18 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan 2 otaqdan ibarət mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Kredit müqaviləsinə əsasən, borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ASC ilə “X3” ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir.Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, Bu müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********989 saylı və **********999 saylı, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bankla tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Nəticədə 27 iyul 2022-ci il tarixinə cavabdehin banka hesablanmış 24904.04 (iyirmi dörd min doqquz yüz dörd manat, 04 qəpik) AZN əsas, 16842.36 (on altı min səkkiz yüz qırx iki manat, 36 qəpik ) AZN faiz, 1370.16 (bir min üç yüz yetmiş manat, 16 qəpik) AZN cərimə,1190.24 (bir min yüz doxsan manat, 24 qəpik) AZN gecikdirilmiş vaxt üçün hesablanan faiz, cəmi 44306.80 (qırx dörd min üç yüz altı manat, 80 qəpik) AZN borcu yaranmışdır. İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış “Birgə fəaliyyət haqqında” Müqavilə qarışıq müqavilədir. Tərəflər qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqaviləsinin ünsürləri əhatə olunmuşdur. Sözügedən müqavilədən göründüyü kimi, Müqavilə yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbardar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Həmçinin, Şirkət “Birgə fəaliyyət haqqında” müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz ərizəsini məhkəməyə təqdim etmişlər. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, aşağıdakı səbəblərdən iddia Akkorda aid hissədə tamamilə əsassız və qanunsuzdur. İddiaçı ASC ilə Akkord arasında həqiqətən 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanılmışdır. Bu müqavilənin olması o demək deyil ki, konkret şəxslərə aid zaminlik müqaviləsi olmamalıdır. 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləsinin 2.1 və 2.2 bəndlərinə əsasən Akkord ondan mənzil alan alıcılara kredit verilməsi üçün müvafiq sənədlərlə banka müraciət edir və müraciət olunduqan sonra bank həmin alıcıya öz mülahizəsinə əsasən kredit verə bilər. Göründüyü kimi iddiaçı Cavabdeh2 kreditin verilməsi barədə Akkord tərəfindən müraciətin olduğuna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında birgə fəaliyyət haqqında müqavilənin olmsı o demək deyildir ki, Akkord İddiaçı ASC-dən kredit götürən bütün alıcılara görə bank qarşısında zamindir. Akkord Cavabdeh2 kredit verilməsi barədə banka müraciət etmədiyi üçün onun borcuna görə bank qarşısında öhdəlik daşımır. Tərəflər arasında zaminlik müqaviləsi də mövcud deyildir. Tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilə zaminlik müqaviləsi kimi qəbul edilsə belə həmin müqaviədə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləği, müddəti, faiz dərəcəsi göstərilməmişdir. O cümlədən iddiaçı ilə borcalan arasında bağlanmış kredit müqaviləsində zaminin razılığı ifadə olunmamışdır. Ona görə də cavabdeh "xxxx" ASC-nin nümayəndəsi hesab edir ki, zaminlik (5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilə) müqaviləsi iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun bağlanmamış, zamin kredit müqaviləsi üzrə öhdəliyin bütün şərtlərindən məluatlı olmadığından, həmin müqavilə üzrə üzərinə düşən öhdəliklə bağlı məsuliyyət yükündən azaddır. Əvvəlki məhkəmə iclaslarında İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin nümayəndəsi olan cavabdehə tələb hissəsində rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə məhkəmə iclasının tərəflərin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci tarixli, AK-268 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 12% olmaqla 119 ay müddətinə 32721,63 (otuz iki min yeddi yüz iyirmi bir manat altmış üç qəpik) manat məbləğində kredit verir. Kredit müqaviləsinin əlavənin 1.2-ci bəndinə əsasən borc alan müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən tərəflər xx.xx.2011-ci il tarixli, AK-268 saylı əsas kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km, bina 1, 62 blok, 18 saylı mənzil ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, birgə fəaliyyət haqqında müqavilənin surətindən görünür ki, cavabdeh "xxxx" ASC İddiaçı ASC ilə “Akkord” İnşaat sənaye cəmiyyəti arasında bağlanmışdır. Bu müqaviləyə görə “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün “Şirkət” in inşa etdikləri bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öz öhdəsinə götürürlər. ÜŞirkət” mənzil almaq istəyən və ya almış alıcını “Bank”a göndərir və “Bank” ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır. Müqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət" öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 14319 nömrəli mənzilin alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, satıcı"xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km, bina 1, 62 blok, 18 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.m. olan mənzili Cavabdeh2 (alıcı) satmağı, sonuncu isə həmin mənzili onun dəyərini ödəməklə almağı öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 59344,85 (əlli doqquz min üç yüz qırx dörd manat səksən beş qəpik) manat olmaqla, 120 ( yüz iyirmi) ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Hər ay üçün 471,51 (dörd yüz yetmiş bir manat əlli bir qəpik) manat aylıq ödəniş müəyyənləşdirilmişdir İddiaçı LPO Texnikabank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, 13 sentyabr 2011-ci il tarixli AK-268 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 kredit borcuna görə 24.904,04 manat məbləğində əsas borcu, 16.842,36 manat məbləğində faiz borcu və 1.370,16 manat məbləğində cərimə, 1,190.24 manat məbləğində gecikmiş 5 faiz borcu olmaqla, ümumilikdə cəmi 44,309.80 manat məbləğində borcu yaranmışdır; İş materialarında olan iddiaçı LPO İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanan xəbərdalıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehləri, xx.xx.2022-ci il tarixlə 43,116.56 manat icra edilməmiş borcun mövcudluğu barədə məlumatlandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia üzrə tələbin cavabdeh “Akkord Tikinti və İnvestisiya Korporasiyası ASC”-dən tutulması ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, bankla tikinti şirkəti arasında 05 mart 2010- cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2-ci maddəsinə görə şirkət kreditin verilməsi üçün zəruri olan sənədlərin “banka” təqdim olunmasını təmin edir (həmin sənədlərin siyahısı müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur), satışı bank tərəfindən kreditləşdirilən mənzilin alıcısının müvafiq tələblərə cavab verməsini (şəxsiyyət vəsiqəsinin olması, qeydiyyatının olması, 18 yaşına çatması, fəaliyyət və əmək qabiliyyətinin olması, mənzilin bütün bədbəxt hadisələrdən sığortalanması) yoxlayır. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur və bu zaman bank krediti ən çoxu 20 il müddətinə qədər və kreditin illik istifadə dərəcəsinin 12 faizdən çox olmamaqla verir. Müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür. Müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrülüyünü ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətinə borcalan tərəfindən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “şirkət” öz üzərinə götürür. Bu halda “şirkət” borcalanın “bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “bank”a ödənilənə qədər qüvvədədir. Müqavilənin 2.14-cü maddəsinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir. Göründüyü kimi “Birgə fəaliyyət haqqında” müqavilə - onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan göründüyü kimi müqavilə yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmçinin qeyd edilməlidir ki, şirkət birgə fəaliyyət haqqında müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır. Göründüyü kimi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından tərəflər arasında qarışıq müqavilə bağlanmış, orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri öz əksini tapmışdır və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC “birgə fəaliyyət haqqında” müqaviləyə uyğun olaraq zamin kimi məsuliyyət daşımışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, borcalan kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə iddia tələbinin yönəldiyi hər iki cavabdehin müştərək qaydada məsuliyyət daşıdığını müəyyən edərək, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcun onların hər birinə münasibətdə təmin edilməli olduğu qənaətinə gəlir. Məhkəmə iddia tələbi üzrə əsas məbləğə hesablanmış 1370,16 manat cərimə” tələbi ilə bağlı məhkəmə aşagıdakıları qeyd edir; Tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsində cərimənin ödənilməsi, hesablanması barədə hər hansı müddəa öz əksini tapmamışdır. Məhkəmə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca hesablanmış 1370,16 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki,hesablamış cərimə məbləği əsas borca mütənasib olduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddianın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1190,24 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun Cavabdeh2 tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasmı və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasmı mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçının Cavabdeh2 gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu halda bankın özü tərəfindən də təqdim edilmiş maliyyə arayışından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə tutulan qalıq məbləğin illik 5% dərəcəsi ilə müəyyən olunan hissəsi 1190,24 manat təşkil edir. Məhkəmə iddianın “tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km, bina 1, 62 blok, 18 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.m. olan mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması və s.” hissəsi ilə bağlı aşagıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km, bina 1, 62 blok, 18 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.m. olan mənzil Cavabdeh2 ilə “Texnikabank'’ ASCnin arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi yüklü edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin mənzil ipoteka ilə yüklü edilərkən xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140- cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.4. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1.əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3.ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəlt-mək hüququ verən şərtinin baş verməsi; 34.1.4.bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanmış olsa da, bu özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1 maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddianın “tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km, bina 1, 62 blok, 18 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.m. olan mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması və s.” hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilən 222,92 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və "Akkord Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 24904.04 (iyirmi dörd min doqquz yüz dörd manat, 04 qəpik) manat əsas, 16842.36 (on altı min səkkiz yüz qırx iki manat, 36 qəpik ) manat faiz, 1370.16 (bir min üç yüz yetmiş manat, 16 qəpik) manat cərimə,1190.24 (bir min yüz doxsan manat, 24 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, cəmi 44306.80 (qırx dörd min üç yüz altı manat, 80 qəpik) manat məbləğində pul və ödənilmiş 222.92 i(ki yüz iyirmi iki manat doxsan iki qəpik) manat dövlət rüsumu tutulub Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” elektron informasiya sistemində yaradılan elektron kabinetdən Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3540/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3540/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver