Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-356/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “Toyota Prius” markalı ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə nəzəri hesablama yolu ilə dəymiş 2.000 manat, həmçinin 300 manat inzibati xəta cərmələrinin, bu günə qədər ona nəqliyyat vasitəsinin icarə verilməməsinə görə ödənilməmiş 840,00 manat icarə haqqı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq mülkiyyətçiyə ödənilməsi badərə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus ** TX *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı nəqliyyat vasitəsini X1 vasitəçiliyi ilə Cavabdeh2 28 mart 2023-cü il tarixində müqavilə bağlamaqla və təhvil təslim etməklə hər günü 15 manat olmaqla həftəlik 105 manata xüsusi ehtiyaclarına istifadə etməsi üçün icarəyə verilmişdir. Müqavilənin şərtlərinə əsasən icarəyə götürən nəqliyyat vasitəsini tam saz vəziyyətdə saxlamalı istifadə zamanı nəqliyyat vasitəsinə dəymiş zərəri və sıradan çıxmış ehtiyat hissələrini təmir etməli, nəqliyyat vasitəsini vaxtı-vaxtında sığorta və texniki baxışdan keçirməli, nəqliyyat vasitəsini təhvil vermək istədikdə isə götürdüyü qaydada təhvil təslim aktı əsasında geri qaytarmalı idi. Cavabdeh2 istifadəsində və icarəsində olan zaman sonuncunun xahişi ilə onun tanışı olan digər Cavabdeh1 də etibarnamə verilmiş və nəqliyyat vasitəsi həmçinin onun istifadəsində və eyni qaydalar əsasında icarəsində olmuşdur. Nəqliyyat vasitəsi cavabdehlər tərəfindən istifadə olunarkən yararsız vəziyyətə salınmış, həmçinin müəyyən inzibati xətalar törətməklə nəqliyyat vasitəsinin üzərinə cərimələr yazılmış, texniki baxış müddəti keçmiş neçə həftələr müqavilə üzrə həftəlikləri ödənilməmişdir. Nəticə olaraq tərəfindən icarə haqlarının ödənilmədiyini görüb nəqliyyat vasitəsini geri tələb etmişdir. Lakin sonuncu cavabdeh xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsini evin yaxınlığına gətirib atmış, açarını isə sınıq vəziyyətdə təkərin üstünə qoymaqla çıxıb getmişdir. Səhəri gün tərəflərindən nəqliyyat vasitəsinə baxış zamanı nəqliyyat vasitəsi işləməmişdir, belə ki mühərriki işə salmaq istədikdə mühərrik işləməmiş sonradan usta çağrıldıqdan sonra məlum olmuşdur ki, akmluyator işlək vəziyyətdə deyil, motorun yağı tamamilə yoxdur, avtonəqliyyat vasitəsi tüxniki baxışdan keçməmişdir, qapısı, buferi, padnoşkaları əzilmiş, oturacaq üzlükləri tamamilə cırılmış, kondisioner sistemi nasaz, şinlər tam yararsız, amartizatorlar, nakladkalar, stablizatorun linkləri, apornular, rulavoyu, quruşiteli sallanmış vəziyyətdə, ABS sistemi nasaz, bir sözlə tam yararsız halda qapıya atılmışdır. Tərəflərindən dəfələrlə cavabdehlərlə danışılmış və nəqliyyat vasitəsinin təmir olunaraq, inzibati tənbeh vermə protokolu cərimələrinin ödənilərək, texniki baxış edilərək geri qaytarılması tələb olunmuş lakin hər dəfə müxtəlif bəhanələr gətirilərək avtonəqliyyat vasitəsinə dəymiş 2.000 manatdan çox zərər, həmçinin cərimələr ödənilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən 8 həftə ödənilməmiş icarə haqqları da ödənilməmiş qalmışdır. Hazırda nəqliyyat vasitəsi yararsız vəziyyətdə olduğundan istifadə olunmur. Bu isə hər gün icarə verənin ziyanınadır. Belə ki, nəqliyyat vasitəsi yararlı vəziyyətdə olsa idi başqa şəxsə icarıyə verilə bilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbi ilə eyniməzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, avtomobilin cərimələri ödənildikdən sonra həbs götürülmüşdür. İcarə haqqı həbsin olduğu vaxt üçün hesablanmışdır. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinin özünə aid hissəsini qəbul etməyərək, izahatında göstərmişdir ki, avtomobilə zərər onun tərəfindən vurulmamışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh2 avtomobil istifadə üçün verilmiş, sonuncu isə avtomobili Cavabdeh1 istifadə üçün verilməsini təklif etmişdir. Odur ki, sonuncuya müvafiq etibarnamə verilmişdir. Avtomobil Cavabdeh1 istifadəsində olduğu müddətdə yararsız hala salınmış, avtomobilə bir çox cərimələr yazılmışdır. Cərimələr iddiaçı tərəfindən ödənilmişdir ki, üzərində olan həbs götürülsün. Cavabdehlərə güzəştlər edilmiş, Bəhruz Əlizanin qazi olması nəzərə alınıb ona vaxt verilsə də, avtomobilə vurduqları zərəri, cərimələri ödəməmişdirlər. Məhkəmədən iddianın təmin ediməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki işin materiallarında olan sənədlərdən görünür ki: - Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən Yorulmaz X4 Zaur Arif oğluna “Toyota Prius” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtombilə dair etibarnamə vermişdir. - İcarəçi Cavabdeh2 ilə icarəyə verən İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Tam maddi məsuliyyətli nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətinə əsasən “Toyota Prius” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobil icarəçiyə icarayə verilmişdir. Müqavilə xx.xx.2024-cü il tarixədək bağlanmışdır. 3.1-ci bəndə əsasən icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış avtonəqliyyat vasitəsinin 1 təqvim günü müddətinə icarəsi üçün icarəyə verənə 15 manat məbləğində icarə haqqını ödəyir. Hər həftənin bazar günü 105 manat icarə haqqı icarəyə verən şəxsin bank hesabına köçürülür. 6.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsi icarəyə götürən tərəfindən icarəverənə qaytarılan zaman təhvil-təslim aktı ilə avtonəqliyyat vasitəsinin hansı vəziyyətdə (saz və nasaz) olması nəzərə alınmaqla eyni qaydada qaytarılmalıdır. - EQ21604362 nömrəli protokoldan surətindən görünür ki, “Toyota Prius” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə 52,5 (cərimə olunan Cavabdeh1), EQ21673448 nömrəli protokola əsasən 81,6 manat (cərimə olunan Cavabdeh1), EQ21962222 nömrəli protokola əsasən 10 manat (cərimə olunan Cavabdeh1), EQ220030631 nömrəli protokola əsasən 50 manat (cərimə olunan Cavabdeh1), EQ22452433 nömrəli protokola əsasən 45 manat (cərimə olunan Cavabdeh1) cərimə yazılmışdır. - Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən İddiaçı Cavabdeh1 “Toyota Prius” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtombilə dair etibarnamə vermişdir. - Cavabdeh2 tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, avtomobildən istifadəyə görə xx.xx.2024-cü il tarixdə 105 manat, 35 manat, xx.xx.2023-cü il tarixdə 35 manat, 105 manat, xx.xx.2023-cü il tarixdə 105 manat, xx.xx.2023-cü il tarixdə 35 manat ödənişlər etmişdir. - xx.xx.2024-cü il tarixli müstəqil qiymətləndirici ekspert rəyinin surətindən görünür ki, “Toyota Prius” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərərin dəyəri 2.440 manat təşkil edir. Mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı özünə məxsus “Toyota Prius” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsinə vermiş və gündəlik 15 manat olmaqla, həftədə 105 manat icarə haqqının verilməsi aralarında razılaşmışdırlar. Daha sonra xx.xx.2023-cü ildə qeyd edilən avtomobil iddiaçının verdiyi etibarnamə əsasında Cavabdeh1 istifadəsinə verilmişdir. xx.xx.2024-cü il tarixdə sonuncu cavabdeh avtomobili iddiaçıya qaytarmışdır. İddiaçı bildirir ki, avtomobil geri qaytarılan zaman texniki cəhətdən nasaz vəziyyətdə və istifadəyə yararsız olmuşdur. Həmçinin avtomobil Cavabdeh1 istifadəsində olan zaman avtomobilə yazılmış 300 manat cərimə də ödənilməmişdir və buna görə avtomobilin üzərində həbs olduğu üçün yenidən icarəyə verilmədiyi üçün iddiaçıya maddi zərər də dəymişdir. Hazırda o, avtomobilinə dəymiş zərərin, ödənilmiş cərimələrin əvəzinin və avtomobilin iki həftə ərzində icarəyə verilə bilməməsi nəticəsində dəymiş maddi ziyanın hər iki cavabdehdən müştərək qaydada tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus “Toyota Prius” markalı ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə nəzəri hesablama yolu ilə dəymiş 2.000 manat məbləğin cavabdehlərdən tutulması barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə qənaətə gələrkən məhkəmə onu nəzərə alır ki, cavabdehlərdən heç biri dəymiş zərərin 2000 manat olmasını təkzib edən mötəbər sübut təqdim etməmişdir, odur ki, hazırki mülki mübahisənin əsasını törədilmiş deliktdə cavabdehlərin hər hansı təqsirinin olmaması təşkil etmişdir. Baxılan işin dəlilləri üzrə iddiaçı bildirir ki, avtomobilə vurulmuş zərərin Cavabdeh1 tərəfindən törədilmişdir, lakin icarə müqaviləsi həm də digər iddiaçı Cavabdeh2la bağlandığı üçün sonuncu cavabdeh də avtomobilə dəymiş maddi zərərə görə mülki məsuliyyət daşıyır. Qeyd olunanların kontekstində məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 ilə yeni icarə müqaviləsi bağlamasa da, sonuncunun avtomobildən istifadəsinə dair etibarnamə vermiş, lakin bu zaman Cavabdeh2la bağlanmış icarə müqaviləsini ləğv etməmişdir. Bununla da, İddiaçı öz istəyi ilə, yəni Cavabdeh2 hər hansı təqsirli hərəkəti olmadan, qanuni əsaslarla icarədə olan avtomobili Cavabdeh1 istifadəsinə vermişdir. Qeyd edilən hal isə Cavabdeh2 mülki məsuliyyətini artıq istisna etdiyindən iddia tələbləri ona münasibətdə təmin edilməməlidir. Cavabdeh1 mülki məsuliyyətinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh iddiaya dair etirazlarını və etirazını əsaslandığı hallar barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə verilmiş tələblər üzrə işə baxır. Belə ki, avtomobilin cavabdehin istifadəsində olduğu müddət ərzində avtomobilə 239,1 manat cərimə yazılması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyinə əsasən “Toyota Prius” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərərin dəyəri 2.440 manat təşkil edir. İddiaçı və Cavabdeh2 izahatlarında göstərmişdir ki, avtomobil Cavabdeh2 təhvil verilən zaman xırda problemləri olsa da, Cavabdeh1 avtomobili tamam yararsız hala salmışdır. Məhkəmə qeyd edilən hallara əsasən hesab edir ki, 2.000 manat pul vəsaitinin Cavabdeh1 tutulması hissəsində iddia təmin edilməlidir. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, cərimələrin əvəzinin ödənilməsi barədə iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu baxımdan məhkəmə iddiaçı tərəfindən Cavabdeh1 adına yazılmış cərimələrin dəyərinin cavabdehdən tutulması hissəsində iddia qismən əsaslıdır. Ona görə ki, iddiaçının təqdim etdiyi iş materiallarında olan qəbzlərlə yazılmış cərimələrin ümumi məbləği 300 manat deyil, cəmi 239,1 manat təşkil edir. Odur ki, 239,1 manat pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Eyni zamanda Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, İddiaçı avtomobilin istifadəsinin təmin edilməsi və cərimə meydançasına yerləşdirilməsinin qarşısının alınması məqsədilə cavabdehin yol verdiyi inzibati hüquq pozuntusuna görə cərimələri ödəmək məcburiyyətində qalmışdır. Hansı ki, həmin cərimənin məhz Cavabdeh1 yol verdiyi inzibati hüquq pozuntusu ilə bağlı yaranması işin mübahisəsiz halıdır. Belə ki, inzibati hüquq pozuntusuna görə cavabdehin məsuliyyəti fərdi xarakter daşıdığına görə həmin pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsinin təmin edilməsi cavabdehi zəruri olan xərclərdən azad etməklə (müvafiq xərclərə qənaət etməklə) sonuncunun öz əmlak mənafeyini iddiaçının əmlakı hesabına təmin etməsi təsdiqini tapır. Bu yolla öz əmlakının passivini (xərclərini) azaltmaq dolayısı ilə varlanma deməkdir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə də Cavabdeh1 əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq Cavabdeh1 tərəfindən İddiaçı 239,1 manat məbləğində pul vəsaiti qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin “avtomobilin 8 həftə ərzində icarə haqqının ödənilməməsi” hissəsinə münasibətdə hesab edir ki, bu hissədə iddia tələbi mötəbər sübutlarla öz təsdiqini tapmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. İlk növbədə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 840 manat məbləğində borcun yaranmasını iddia ərizəsinin dəlillərində cavabdehlər tərəfindən 8 həftə ərzində icarə haqqının ödənilməməsi ilə əlaqələndirir, məhkəmədə isə iddiaçının nümayəndəsi izahatlarında avtomobilin cərimələrə görə həbsdə olduğu dövrdə icarəyə verilmədiyi üçün yaranmış borc kimi göstərir. Göründüyü kimi, iddiaçı bu hissədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də məhkəmə bu hissədə iddia tələbinin rədd edilməsini qanunamüvafiq hesab edir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçının xeyrinə maddi zərərə görə 2000 manat, cərimələrə görə 239,1 manat və 51 manat dövlət rüsumu tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi zərərə görə 2000 manat, cərimələrə görə 239,1 manat və 51 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-356/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-356/2025
30.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver