Məhkəmə qərarları › İş №e-2(005)-3565/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3565/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3565/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı BOKT İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı İddiaçı Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il 027-KOS/AZN-2021 kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə olan 1541 manat 52 qəpik ( bir min beş yüz qırx bir manat əlli iki qəpik) məbləğində əsas, 273 manat 45 qəpik ( iki yüz yetmiş üç manat qırx beş qəpik) məbləğində faiz və 1394 manat 44 qəpik ( bir min üç yüz doxsan dörd manat qırx dörd qəpik ) məbləğində cərimə (dəbbə) faizi olmaqla, cəmi borcu 3209 manat 41 qəpik ( üç min iki yüz doqquz manat qırx bir qəpik) məbləğində borcun və tərəfimizdən ödənilmiş 52 manat 10 qəpik dövlət rüsumunun cavabdehdən ( Cavabdeh) tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 027-KOS/AZN-2021 saylı kredit müqaviləsinə əsasən illik 28% olmaqla, 12 (on iki) ay müddətinə 3100 manat (üç min yüz) məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-ci bəndinə görə “borcalan” kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan 1№-li əlavəyə uyğun həyata keçirməli idi. Lakin Cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş cədvəlinin tələblərini davamlı şəkildə pozmuşdur. Kredit məbləği 2022-ci ilin iyun ayında ödənilib başa çatmalı olduğu halda cavabdeh bu günə kimi əsas borcdan 1558 manat 48 qəpik, faiz borcundan 703 manat 24 qəpik, cərimə (dəbbə) borcundan 551 manat 78 qəpik ödəniş etmiş, cədvəl üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdi. Hal-hazırda Cavabdeh "xxxx" MMC-yə 1541 manat 52 qəpik ( bir min beş yüz qırx bir manat əlli iki qəpik) məbləğində əsas, 273 manat 45 qəpik ( iki yüz yetmiş üç manat qırx beş qəpik) faiz və 1394 manat 44 qəpik ( bir min üç yüz doxsan dörd manat qırx dörd qəpik ) cərimə faizi olmaqla, cəmi borcu 3209 manat 41 qəpik ( üç min iki yüz doqquz manat qırx bir qəpik ) təşkil edir. Dəfələrlə cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Göstərilənlərə müvafiq olaraq kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün borc alandan müqavilə üzrə 1541 manat 52 qəpik əsas, 273 manat 45 qəpik faiz borcu və 1394 manat 44 qəpik cərimə (dəbbə) faizi alınaraq "xxxx" MMC-yə qaytarılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 006-KOS/AZN- 2021 saylı kredit müqaviləsinin 2.6-ci bəndinə uyğun olaraq “borcalan” ödəniş cədvəlinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarma müddətini pozduğu halda gündəlik 0.5 % cərimə faizi ödəyir. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə əgər borc alan bu Müqavilə ilə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, o cümlədən borcun (əsas və faiz, habelə dəbbə və digər cərimə və sair borcları) ödənilməsi şərtlərini və qaydasını 1 saylı əlavə üzrə 2 dəfə pozduqda, borc verən müqaviləyə xitam vermədən bütünlüklə əsas kredit borcunu və faktiki hesablanmış faiz borcunu və cərimələrin ödənilməsini ondan Məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında əsas və faiz borcunu qəbul etsə də, cərimə borcu ilə razı olmadığını, borcun ödənilməsinin aylıq 364 manat məbləğində olan təqaüdünə yönəldilməsini xahiş etdiyini bildirərək iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 560 nömrəli maliyyə arayışından məlum olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 027-KOS/AZN-2021 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 1541,52 manat, 273,45 manat faiz borcu, 1394,44 manat cərimə olmaqla, ümumi borcu 3209,41 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 027-KOS/AZN-2021 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 28 faizlə 12 ay müddətinə 3100,00 manat kredit verilmişdir. İş materiallarında olan nə 1 saylı Əlavənin surətindən görünür ki, 12 ay müddətinə illik 28 % dərəcəsi ilə aylıq 299,17 AZN annuitetlə 3100,00 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh hesabına 2991,50 (iki min doqquz yüz doxsan bir manat əlli qəpik) manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli, 027-KOS/AZN-2021 saylı Kredit müqaviləsi üzrə yaranmış borcun 7 gün müddətində banka ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində tam əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, 027-KOS/AZN-2021 saylı kredit razılaşması üzrə 1541,52 manat əsas kredit borcu, onun üzərinə hesablanmış 273,45 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1394,44 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 150 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 52,10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1541,52 manat əsas borc, 273,45 manat faiz borcu, 150 manat cərimə olmaqla, cəmi 1964,97 manat (bir min doqquz yüz altmış dörd manat, doxsan yeddi qəpik) məbləğində borc və 52,10 (əlli iki manat on qəpik) manat dövlət rüsumu iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar