Məhkəmə qərarları › İş №e-2(005)-357/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-357/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-357/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2459 (iki min dörd yüz əlli doqquz) manat maddi ziyan, 100 (bir yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 44,59 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 2.459 (ikimin dörd yüzəlli doqquz) manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avto servisdə 2.459 (iki min dörd yüzəlli doqquz) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Cavabdehə dəymiş ziyanın ödənilməsi üçün pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 22 may 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 22 may 2024cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı MMC (direktor X2 şəxsində) tərəfindən “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürən Cavabdeh müvəqqəti istifadəsinə verir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Chevrolet Nexia” markalı, **- PX-*** avtomobilin təhvil təslimi aparılmış, avtomobil texniki baxımdan saz vəziyyətdədir, heç bir qüsuru yoxdur və bütün ləvazimatları yerindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə verilmiş BB184316 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC –yə məxsusdur. İş materiallarında olan 22 may 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı MMC Cavabdeh 1 ay müddətinə “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətləri verilmişdir. İş materiallarında olan 01 iyun 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı MMC Cavabdeh 1 ay müddətinə “Chevrolet Nexia” markalı, **-PX-*** nəqliyyat vasitəsini idarə etmək səlahiyyətləri verilmişdir. İş materiallarında olan “Avtoservis”(VÖEN:**********) tərəfindən verilən xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2459 manat müəyyən edilmişdir. İş materiallarında olan “Avtoservis”(VÖEN:**********) tərəfindən məhkəməyə təqdim edilən arayışdan görünür ki, “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2459 manat xx.xx.2024-cü il tarixdə “Avtoservis”-ə ödənilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan pretenziya məktubundan görünür ki, “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2459 manat pulu 5 gün müddətində ödəməyi xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2024-cü il tarixli, 9/8658 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan, X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2009 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 909 manat, təmir bərpa işlərinin qiyməti 1100 manat. Beləliklə, mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün İddiaçı MMC tərəfindən “Cavabdeh 22 may 2024-cü il tarixli etibarnamə verilmişdir. Cavabdeh tərəfindən “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Hazırda iddiaçı məhkəmədə onu mübahisələndirir ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 2.459 (ikimin dörd yüzəlli doqquz) manat tələb olunmuşdur. Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirir ki, avtomobilə dəymiş ziyana görə 1500 manat məbləğində vəsait ödəməyə razıdır. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə cavabdehin etirazının dəlillərindən asılı olmayaraq qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadığının müəyyənləşdirilməsidir. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı MMC “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. Cavabdehlə iddiaçının arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı özünə məxsus avtomobili cavabdeh (icarəyə götürən) Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə əvvəlcə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə dair iddianın qanuni əsaslarını yoxlamalıdır. Məlum olduğu kimi, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı MMC və Cavabdeh arasında icarə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı MMC ilə Cavabdeh arasında 22 may 2024-cü il tarixdə 30ST-PX/935 nömrəli avtomobilin müvəqqəti istifadəyə verilməsi barədə müqavilə imzalanmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 22 may 2024-cü il tarixli icarə müqaviləsinə görə, icarəyə götürən etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə, Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s.) İcarəyə verənin tərəfindən şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; Hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini İcarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, Nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. (2.1.1, 2.1.5-ci, 2.1.6-cı və 2.1.8-ci maddələri) Həmin müqaviləyə əsasən, icarəyə götürən həmçinin də nəqliyyat vasitəsini icarəyə götiirən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və hədələyərsə (sındırarsa, qınırsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə ölıdəlik daşıyır. (4.12.-ci maddəsi) İşin faktiki hallarından göründüyü kimi “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu (avtomobilin nasaz vəziyyətə gətirilməsi) işin mübahisəsiz halıdır, belə ki, cavabdeh məhkəmə iclaslarında verdiyi etirafedici izahatlarında avtomobilə dəymiş ziyana görə 1500 manat məbləğində vəsaiti ödəməyə hazır olduğunu bildirmişdir. İşin mübahisəsiz hallarından görünür ki sözgüdən nəqliyyat vasitəsinə cavabehin müvəqqəti istifadəsi zamanı ziyan vurulmuşdur. Hazırda tərəflər arsında mübahisə qeyd olunan ziyanın həcmi ilə bağlıdır. Tərəflər arasında bağlanan icarə müqaviləsinin şərtlərindən də görünür ki, nəqliyyat vasitəsini təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə dair cavabdeh üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh aralarında bağlanmış müqavilə öhdəliklərini pozduğu halda, vurulan ziyanın ödənilməsini təmin etməmişdir. Hazırda işin mübahisəli halı odur ki, “Avtoservis” tərəfindən həmin ziyana dair hesablanan 2459 manat məbləğin şişirdilmiş olması ilə bağlıdır. Buna görə də məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “Chevrolet Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın və təmir bərpa xərcinin ümumi məbləği 2009 manat təşkil edir. Belə olan halda məhkəmə ekspert rəyini möhtəbər sübut kimi əsas götürərək, hesab edir ki, iddia tələbinin qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, iş üzrə təqdim olunmuş ekspert rəyi, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi etirafedici izahatlarla sübuta yetmişdir. Belə ki, Mülki Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ilə bağlı iddiaçı tərəfindən qeyd olunan 2459 manat hissədə qismən təmin edilərək, ekspert rəyində göstərilən məbləğdə, yəni 2009 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 100 manat məbləğində vəkil xərcinin və etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. MPM-nin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə bağlı xərclərə daxil olan və iddiaçı tərəfindən ödənilmiş 100 manat hüquqi yardım görə, ağlabatan məbləğdə, yəni 100 manat pul vəsaiti, habelə etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, Cavabdeh iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 44,59 manat dövlət rüsumu iddiaçının xeyrinə, 50 manat ekspertiza xərci Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2009 manat pul, 100 manat vəkil üçün hüquqi yardım, 17,25 manat etibarnamənin təsdiqi üçün ödənilmiş xərc və 44,59 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh 50 manat məbləğində pul tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar