Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3577/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 211.000 ABŞ dolları məbləğində əsas borcun, həmin pul vəsaitini qanunsuz olaraq özündə saxladığına görə bank uçot dərəcəsinə əsasən hesablanmış 10.550,0 ABŞ dolları ekvalenti məbləğində faiz borcunun və məhkəməyə ödənilmiş 667,3 manat dövlət rüsumu olmaqla, ümümilikdə 221.550 ABŞ dollarının və 667,3 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh 211.000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh tərəfindən alınmış borcun xx.xx.2025-ci il tarixinədək qaytarılacağı barədə öhdəlik götürülmüşdür. Bu haqda cavabdeh tərəfindən şahidlərin iştirakı ilə xx.xx.2024-cü il tarixli “borc öhdəliyinin icrasına dair iltizam” verilmişdir. İltizamın icrasından 1 ilə yaxın vaxt keçsə də, cavabdeh bu günədək borc öhdəliyini yerinə yerirməmişdir. İddiaçı borc öhdəliyinin yerinə yetirilməsini dəfələrlə cavabdehdən tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən boyun qaçırmışdır. Cavabdehin əsassız bəhanələrindən təngə gələn iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanına xəbərnaməli poçt göndərişi ilə pretenziya məktubu göndərmişdir. Cavabdehə üzərinə götürdüyü borc öhdəliyinə 5 gün ərzində əməl edilməsi təklif edilmiş və öhdəliyin icrasından imtina edəcəyi təqdirdə iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh iddiaçının təklifini almasına baxmayaraq heç bir münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, cavabdeh iddiaçının tanışı olmuşdur. Bundan istifadə edərək cavabdeh ondan borc pul almışdır. Borcun verilməsini yazılı şəkildə rəsmiləşdirmiş, iltizam imzalamışlar. Lakin üzərindən 1 ildən çox müddət keçmişdir. İltizamı imzalayan digər şəxslər də var. Onlar hər iki tərəfi tanıyır. Həmin borcun mövcudluğunu təsdiqləyən səs yazıları da mövcuddur. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “borc öhdəliyinin icrasına dair iltizam” adlanan sənəddən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə aldığı 211000 ABŞ dolları məbləğində borcunu xx.xx.2025-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. İltizamı Cavabdeh ilə bərabər bir neçə şahid imzalamışdır; - Təqdim edilmiş səs yazısından görünür ki, Cavabdeh İddiaçı olan borcunu əmlakını sataraq ödəyəcəyini, əks təqdirdə əmlakını onun adına keçirəcəyini bildirmişdir; -xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunun olması, borcun qaytarılmadığı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş Haqverdi Ramiz bildirmişdir ki, iddiaçı ilə 2002-ci ildən dostdurlar. Cavabdehi iddiaçıya görə tanımışdır. Cavabdeh iddiaçıdan borc almışdır. Pul sadəcə tanış olduqlarından borc üçün verilmişdir. İltizama qədər cavabdehlərin dəfələrlə görüşləri olmuşdur. Hər dəfə pulu ödəyəcəyini demişdir. Son dəfə 31 iyul 2025-ci il tarixində görüşmüşlər. Cavabdeh Ukraynadan mal sifariş etdiyini, lakin onun bir hissəsinin gəlmədiyini və zərərə düşdüyünü bildirərək, pulu ödəməmişdir; Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında borcun mövcudluğuna dair yazılı şəkildə müqavilə bağlanmışdır. İddiaçı cavabdehə borc vermiş, cavabdeh isə həmin pulları qaytarmamışdır. Cavabdeh borcu ödəyəcəyinə dair iltizam imzalamışdır. Hazırda iddiaçının nümayəndəsi və vəkili pulun cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Eyni Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyaya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında olan münasibətlərin şifahi borc müqaviləsinə əsaslanması ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş iltizamdan, şahid ifadəsindən və səs yazısından göründüyü kimi, onlar arasında tanışlıq münasibətləri olmuş və bu səbəbdən borc müqaviləsi yazılı şəkildə rəsmiləşdirilməmişdir. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyi yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Belə ki, o borcu müəyyən müddətə qaytaracağı barədə iltizama imza çəkmiş və bununla borcunu etiraf etmişdir. Mülki Məcəllənin 882.1 və 882.2-ci maddələrinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı pul tələbi barədə məhkəmədə iddia qaldırmaqda haqlıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik şifahi və ya yazılı olmasından asılı olmayaraq müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, borc müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış, cavabdeh isə öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır. Belə ki, pulun verilməsini sübut etmək yükü iddiaçının üzərinə, pulun qaytarılmasını sübut etmək yükü isə cavabdehin üzərinə düşür. İş materialları ilə pulun verilməsi təsdiq olunsa da, onun qaytarılmasını təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Həmçinin cavabdeh məhkəmə iclası barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini müqavilə ilə müəyyən edilmiş müddət ərzində icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 211000 ABŞ dolları məbləğində pul cavabdehdən tutulmalıdır. İddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxladığına görə bank uçot dərəcəsinə əsasən hesablanmış 10.550,0 ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə borclu-cavabdeh kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İltizama əsasən cavabdeh xx.xx.2019-cu il tarixdə alınmış 211000 ABŞ dolları məbləğində borcu xx.xx.2025-ci il tarixdə ödəyəcəyini öhdəsinə götürmüşdür. Bu baxımdan məhkəmə həmin tarixi cavabehin borcun gecikdirilməsindən xəbərdar olduğu tarix hesab edərək, xx.xx.2025-ci il tarixdən iddia ərizəsinin verildiyi günədək, yəni xx.xx.2025-ci il tarixədək (52 gün üçün) illik beş faiz hesablanmalı olduğu qənaətinə gəlir. 211000 ABŞ dolları məbləğində pul öhdəliyinin icrası gecikdirildiyindən 1503 ABŞ dolları məbləğində pul (5 faiz/211000 ABŞ dolları:365x52gün=1503) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, o halı da qeyd etməmiyi zəruri hesab edir ki, qanunverci bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün (Mülki Məcəllənin 449.1-ci maddəsi ilə) cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə etməsini nəzərdə tutur ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin gəlir, bəhər əldə etməsi ilə bağlı sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi verilməsi üçün 667,3 manat rüsum ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 211000 ABŞ dolları, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1503 ABŞ dolları, cəmi 212503 ABŞ dolları məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 667,3 manat pulun 640 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 211000 ABŞ dolları, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1503 ABŞ dolları, cəmi 212503 (iki yüz on iki min beş yüz üç) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 667,3 manat pulun 640 (altı yüz qırx) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3577/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3577/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver