Məhkəmə qərarları › İş №e-2(005)-3599/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3599/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3599/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 46 manat 80 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 177 manat 20 qəpik məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının 15 dekabr 2022-ci il tarixli UPO-001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. Belə ki, xx.xx.2008-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Babayeva Rasidə ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2013-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2013-cü il tarixdə 15 manat 30 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə olunan Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş AN-1 N ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən də göründüyü kimi qanunsuz qoşulma faktı baş verən zaman cavabdeh ünvan 3 ünvanda yerləşən mənzilin mülkiyyətçisi olmuşdur. xx.xx.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0007 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2013-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 156 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 46 manat 80 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC“Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı müraciət edərək nümayəndənin iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddiaçının qeyd etdiyi kimi qanunsuz qo.ulma faktının müəyyən edilməsinin mümkün olmadığını, əvvəlki mülkiyyətçi Samirə Yusubovanın dövründə 15 manat 30 qəpik borc olması səbəbilə, xx.xx.2013-cü il tarixdə kabel şəbəkədən ayrılmış və xidmət dayandırılmışdır. Bu o demekdir ki, kabel şəbəkəyə mexaniki üsulla qoşulsa belə, bu hal yalnız sistem provayder tərəfindən mərkəzi serverdə təsdiq olunduqdan sonra xidmət yenidən bərpa oluna bilər. Məhkəməyə təqdim edilən akt şəbəkəyə qanunsuz qoşulma halını təsdiq edə bilməz. Bu səbədən də həmin akt mötəbər sübut sayıla bilməz. Eyni zamanda hesablanan məbləğin əsaslığına dair də hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı MMC-nin (“K@TV1”) arayışında qeyd olunur ki, İddiaçı MMC-nin (“K@TV1”) Kabel Televiziyası xidmətinin bir teleqəbul edici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixədək 9 manatdır; xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün aylıq abunə haqqı xidməti 2 manatdır. -xx.xx.2013-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28, 25 saylı mənzil X3 tərəfindən X1. -xx.xx.2014-cü il tarixli 0007 nömrəli aktda qeyd olunur ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28, 25 saylı mənzilin sakini tərəfindən “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, aktın tərtib olunmasında Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28, 25 saylı mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısının döyüldüyü, qapının açılmadığı və aktın surətinin mənzilin qapısına qoyulduğu qeyd edilmişdir. -İddiaçı MMC-nin (“K@TV1”) arayışında qeyd olunur ki, -İddiaçı MMC ilə Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28, 25 ünvanında yaşayan Babayeva Rasidə arasında bağlanmış “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində bu ünvan “K@TV1” kabel televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2013-cü il tarixədək isə son ödəməsini edib. xx.xx.2013-cü il tarixində 15 manat 30 qəpik borc ilə şəbəkədən ayrılıb. - DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28, 25 saylı mənzilin sakini tərəfindən “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuş, bunun üçün mülkiyyətçiyə kabel naqili və digər texniki vasitələr verilmişdir. İddiaçı MMC hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən ünvan üzrə qanunsuz olaraq KATV1 şəbəkəsindən istifadə edildiyini bildirir və bu iddiasını ünvan üzrə tərtib etdiyi iki aktla əsaslandırır. Aktlarda ünvana baxış keçirilən zaman KATV1 kabel naqillərinin ünvana daxil olduğu, ünvan sakinlərinin baxışda iştiraklarının təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı MMC ilə əvvəlki müəlkiyyətçi arasında müqavilə bağlanıdığı qeyd edilsə də, bununla bağlı müqavilə təqdim edilməmişdir. Eyni zamanda mənzilin mülkiyyətçisi dəyişdikdən sonra yeni mülkiyyətçi ilə yeni müqavilənin bağlanması, yeni mülkiyyətçinin qoşulma barədə məlumatlandırılması barədə sübut təqdim edilməmişdir. Baxılan işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməllərinin ona maddi ziyan vurduğunu iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasinin Qanununun 35.4- cü maddəsinəəsasən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Operatorlar, provayderlər bu qaydalara zidd olmayan əlavə mühafizə tədbirləri görə bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehin ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman, yalnız şəbəkədən çıxan və mənzilə daxil olan hər-hansı kabelin mövcud olması cavabdehin təqsirini sübuta yetirmir. Belə ki, Akt tərtib olunan zaman cavabdehin iştirakı təmin edilməmiş, onun mənzilinə baxış keçirilməmiş və ən əsası baxış-yoxlama zamanı cavabdehin televiziya kabelinin məhz iddiaçıya məxsus kabel yayım şəbəkəsinə qoşulması sübuta yetirilməmişdir. Həmçinin həmin mənzildə istifadəsi ehtimal edilən kabel yayım şəbəkəsinin yayım siqnalı (telekanalların yayımı) səviyyəsi peşəkar səviyyədə texniki vasitələrlə yoxlanılmamış və buna dair heç bir sübut (arayış, rəy və s.) məhkəməyə təqdim edilməmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair xx.xx.2014-cü il tarixli 0007 nömrəli akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənəddir. Həmin aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan akt cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz İddiaçı tərəfindən cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması barədə başqa sübutlar təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi göstərdiyi faktiki halları sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia və ona söykənən xərc tələbləri əsassız olduğuna görə təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar