Məhkəmə qərarları › İş №e-2(005)-3645/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3645/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3645/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı və "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının, "xxxx" ASC-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 10894.69 AZN, faiz borcu üzrə 1484.96 AZN, cəmi 12379.65 AZN kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 127.14 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Bakı şəhəri, Sabunçu rayonu ərazisində,2595 nömrəli məhəllədə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilən, 8 nömrəli binanın, blok 1, ümumi sahəsi 67.2 kv.m olan 1 otaqlı, 137 nömrəli mənzilin alınması üçün 222 ay müddətinə 12 faiz dərəcəsi ilə 46209.23 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bank ilə "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Yuxarıda adı çəkilən xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 10894.69 AZN, faiz borcu üzrə 1484.96 AZN, cəmi 12379.65 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 127.14 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı, "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixində 22-9239/2022 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.6-cı maddənin tələblərinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı ilə arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına 222 ay müddətinə, illik 12% ödəmək şərti ilə 46209.23 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Kreditin müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli "xxxx" ASC ilə İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu ərazisində,2595 nömrəli məhəllədə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilən, 8 nömrəli binanın, blok 1, ümumi sahəsi 67.2 kv.m olan 1 otaqlı, 137 nömrəli mənzil ipoteka ilə rəsmiləşdirilmişdir; "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli zaminlik müqaviləsinə əsasən borcalan İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının xx.xx.2012ci il tarixli, HEY-İ-12/34 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin "xxxx" ASC borcalan İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı ilə "xxxx" ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı 222 ay ərzində, yəni xx.xx.2012-ci il tarixdən xx.xx.2031-ci il tarixədək hər ay 519.10 (sonuncu ay 519.05) manat ödəməli idi; xx.xx.2012-ci il tarixli kassa məxaric orderinə əsasən İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-dən 46209.23 manat məbləğində pulu qəbul etmişdir; "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 10894.69 AZN, faiz borcu üzrə 1484.96 AZN, cəmi 12379.65 AZN manat borc məbləği yaranmışdır. "xxxx" ASC tərəfindən cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildirişin surətinə əsasən cavabdehlərə xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 127.14 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ- 12/34 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən borcluya 222 ay müddətinə, illik 12% dərəcəsi ilə hesablanmaqla 46209.23 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Lakin kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə qaytarmamışdır. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı və "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 10894.69 AZN, faiz borcu üzrə 1484.96 AZN, cəmi 12379.65 AZN manat borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına 46209.23 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin "xxxx" ASC borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızından və "xxxx" ASC-dən müştərək qaydada əsas borc üzrə 10894.69 AZN, faiz borcu üzrə 1484.96 AZN, cəmi 12379.65 AZN "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızından və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 10894.69 (on min səkkiz yüz doxsan dörd manat altmış doqquz qəpik) AZN, faiz borcu üzrə 1484.96 (bir min dörd yüz səksən dörd manat doxsan altı qəpik) AZN, cəmi 12379.65 (on iki min üç yüz yetmiş doqquz manat altmış beş qəpik) AZN kredit borcu və 228.44 (iki yüz iyirmi səkkiz manat qırx dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar