Məhkəmə qərarları › İş №e-2(005)-368/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-368/2025

11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-368/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4145 manat avtomobilə dəymiş zərər, 80 manat evakuator və duracaq xərcləri, 1290 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 5515 manat pulun və ödənilmiş 76 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı2 məhkəməyə ərizə verərək birgə iddiaçı kimi işə cəlb edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək qeyd etmişlər ki, cavabdehin zərər vurduğu maşının mülkiyyətçisi İddiaçı2dır. Həmçinin iddia tələbi üzrə onlar iddianı xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdilər. Həmin vaxt maşın təmirdə idi. Maşının təmir işi xx.xx.2024-cü il tarixdə yekunlaşmışdır. Bu barədə cavabdehin özünə məlumat tərəfindən verilmişdir, cavabdeh isə təmirin xx.xx.2024-cü il tarixdə bitməsini təsdiq etmişdir. Hesab edir ki, iddia tələbinin əldən çıxmış fayda hissəsi xx.xx.2024-cü il tarixədək hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı2 əlavə iddiaçı qismində işə əlavə edilməsi və iddia tələbi üzrə 4145 manat avtomobilə dəymiş zərər, 80 manat evakuator və duracaq xərcləri, 1650 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 5875 manat və ödənilmiş 79 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəfindən hər iki ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 adına olmuş Toyota Prius markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Cavabdeh ona sürücü kimi işləmək üçün müraciət etmiş və ona xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsindən istifadə edilməsi etibarnaməsi əsasında maşını icarəyə vermişdir. Qeyd edir ki, həmin avtomobilin mülkiyyətçisi İddiaçı2 olsa da sərəncam vermə səlahiyyətli etibarnamə üzrə faktiki mülkiyyətçi odur. Cavabdehlə aralarında olan razılaşma üzrə avtomobili 1 günə 30 manat məbləğ olmaqla, avtomobil cavabdehin icarəsində olmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh içkili vəziyyətdə avtomobili idarə edərək Suraxanı rayonu ərazisində qəza törətmiş, qəza nəticəsində onun avtomobilinə 4145 manat məbləğində zərər dəymişdir. Eyni zamanda avtomobilin həmin gün duracağa aparılması, duracaqda çıxarılması xərcləri üzrə 80 manat pul da onun tərəfindən ödənilmiş, cavabdeh isə dəfələrlə vatsap vasitəsilə pulu ödəyəcəyini bildirsə də, hələ də ödəməmişdir. Qeyd edilən qəza ilə bağlı qarşı tərəfin sürücüsü və cavabdeh xəsarət aldığı üçün həmin iş hazırda Suraxanı Rayon Polis idarəsində araşdırılma mərhələsindədir. Avtomobil təmirdə olan zaman dəfələrlə cavabdehlə əlaqə saxlamışdır və təmir üçün maddi köməklik etməsini xahiş etmişdir, lakin cavabdeh yalandan pulu ödəyəcəyini bildirməsinə baxmayaraq, hələ də ödəniş etməmişdir. Avtomobil isə hələ də həmin qəzadan aldığı zərərlərə görə təmir mərhələsindədir. Avtomobilin qəza törətdiyi xx.xx.2024-cü il tarixdən indiyədək, yəni xx.xx.2024-cü il tarixədək 43 gün müddət keçmiş, 43 gün ərzində avtomobil günlük 30 manat pul qazanması nəzərə alınsa, 1290 manat əldən çımış fayda üzrə zərər dəymişdir. (43x30=1290) Dəymiş zərərlər cavabdeh tərəfindən mübahisəsiz hal olaraq qəbul edilir, lakin zərərin dəyəri aralarında razılaşma əldə edə bilməmişlər. Cavabdehin delikt nəticəsində avtomobilə vurduğu 4145 manat zərər, ödədiyi 80 manat evakuator və duracaq xərcləri, həmçinin 1290 manat əldən çıxmış fayda üzrə vurduğu zərər cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmənin gedişatında cavabdehin delikt nəticəsində vurduğu zərərin ətraflı video görüntüsü, cavabdehin zərəri qəbul etməsinə dair vatsap səs yazıları, Suraxanı RPİ-də aparılan araşdırma üzrə qərarın surəti işin məhkəmə baxışına hazırlanması mərhələsində tərəfindən təqdim ediləcəkdir. İddia tam əsaslı və qanunidir, təmin olunmalıdır. Dövlət rüsumu olaraq 76 manat tərəfindən ödənilmişdir. Cavabdeh etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbi ilə razılaşmır və hesab edir ki, aşağıda göstərilən səbəblərə görə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ilə o, cavabdeh arasında icarə haqqında şifahi razılaşma olmuşdur və həmin razılaşmaya görə, etibarnamə əsasında 2008-ci il buraxılışlı, ** BS *** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prius” minik markalı avtonəqliyyat vasitəsini idarə etdiyi müddətdə həftənin 6 gün ərzində, hər gün 30 manat məbləğində iddiaçıya icarə haqqı ödənişini ödəməyi öhdəlik götürmüşdü, həftənin bir günü işə istirahət günü hesab edilirdi, buna görə də ondan həmin gün üçün 30 manat icarə haqqı tutulmamalıdır və aralarında başqa şərtlər barəsində heç bir nə şifahi, nə də ki yazılı surətdə razılaşma olmamışdır. Lakin qəzadan sonra həmin nəqliyyat vasitəsinin 43 gün müddətdə təmirdə olduğu üçün, iddiaçı iddia tələbində ondan əlavə olaraq 43 gün, hər gün üçün 30 manat hesablanmaqla, 1290 manat məbləğdə əlavə pul vəsaitinin tutulması tələbi ilə müraciət olunmuşdur, hesab edir ki, onların aralarında belə şərt əsasında razılaşma olmadığından iddiaçının tələbi əsasızdır. Bundan da başqa onu bildirir ki, xx.xx.2024-cü il tarixdə Suraxanı rayon ərazisində həmin avtomobili idarə etdiyi zaman tərəfindən qəza törədilmişdir, lakin həmin nəqliyyat vasitəsinə qəza nətiçəsində 4145 manat məbləğində zərərin dəyməsi ilə tamamı ilə razı deyildir, çünki iddiaçı tərəfindən təqdim olunmuş, həmin avtomobilə görə dəymiş ziyan tamamilə şişirdirimiş dərəcədə 4145 manat məbləğində göstərilmişdir. Hesab edir ki, həmin nəqliyyat vasitəsinə görə dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza keçirilməlidir, lakin hazırda iddiaçı tərəfindən həmin nəqliyyat vasitəsi təmir edildiyi səbəbindən ekspertiza keçirilməsini qeyri-mümkün hesab edir, buna görə də avtomobilə dəymiş zərər dəqiq müəyyənləşdirilmədiyi ucbatından, iddia tələbi əsasız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 (həmçinin digər iddiaçının nümayəndəsi) iddia tələbinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, maşın nənəsi İddiaçı2 mülkiyyətindədir. Ona baş etibarnamə vermişdir və maşınları o idarə edirdi. Cavabdehə də maşını o icarəyə vermişdir. Maşın 43 gün təmirdə olduğundan ondan fayda götürə bilməmişdi. İddia ərizəsi verilərkən VÖEN-i yox idi. 1-2 ay olar ki VÖEN açmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, maşın ona İddiaçı1 tərəfindən gündəlik 30 manat olmaqla icarəyə verilmişdir. Maşına zərər vurulmasında onun təqsiri olduğunu qəbul edir. 80 manat evakuator xərclərini də qəbul edir. Lakin maşına vurulmuş zərər çox şişirdilmişdir. Maşının təmirdə olduğu vaxtda da iddiaçıya müvafiq məbləğləri ödəməsi barədə razılaşma olmamışdır. Avtomobilə dəymiş zərərlə bağlı iddiaçının göstərdiyi və ekspert rəyində göstərilən qiymətlərlə razı deyildir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2008-ci il buraxılışlı, Toyota Prius markalı, ******* mühərrik nömrəli nəqliyyat vasitəsinin sahibi İddiaçı2dır; - Nəqliyyat vasitəsinin idarə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, 2008-ci il buraxılışlı, Toyota Prius markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair səlahiyyəti ötürən İddiaçı1 nəqliyyat vasitəsini Cavabdeh etibar etmişdir. Etibarnamə 11 ay 28 gün müddətinə verilib; - xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyinin surətindən görünür ki, İddiaçı2 məxsus “Toyota Prius” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 4145 manat zərər dəymişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8536 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən “Toyota” ehtiyat hissələri mağazalar şəbəkəsində olan avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “Toyota Prius” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 3685,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 2345,0 manat; təmir-bərpa işlərinin qiyməti - 1340,0 manat. Ekspertiza xərci 50 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı2 mülkiyyətində olmuş Toyota Prius markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil, digər İddiaçı1 tərəfindən Cavabdeh günlük qiyməti 30 manat olmaqla icarəyə verilmiş, sonuncu tərəfindən nəqliyyat vasitəsi idarə edilən zaman qəza törədilmiş və nəqliyyat vasitəsinə zərər dəymişdir. Nəqliyyat vasitəsinə zərər vurulmasında cavabdehin təqsirli olması, onun günlük 30 manata İddiaçı1 icarəyə götürülməsi işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçılar dəymiş zərərin, əldən çıxmış faydanın və çəkilmiş xərclərin cavabdehdən tutulmasını xahiş edirlər. Cavabdeh isə zərərin məbləğinin yüksək göstərilməsinə istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Bu baxımdan iddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Belə ki, cavabdeh özü də məhkəməyə təqdim etdiyi etiraz ərizəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatlarında qəzanın onun tərəfindən törədilməsi, qəzanın baş verməsində təqsrli olması, maşına zərər dəyməsi faktını təsdiq etmiş, lakin tələb edilən məbləğlərlə razı olmadığını bildirmişdir. Həmçinin hər iki tərəfin izahatına əsasən qəza nəticəsində başqa şəxsin sağlamlığına zərər vurulduğundan cinayət işi başlanılmış, lakin ibtidai istintaq yekunlaşmamışdır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə cavabdehin faktı etiraf etməsini nəzərə alaraq və iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi qismən təmin edilməlidir. Nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8536 saylı, xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, 2008-ci il buraxılışlı “Toyota Prius” markalı, **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3685 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən nəqliyyat vasitəsinin İddiaçı2 məxsus olması və əmlaka dəymiş zərərin tələb edilməsi hüququnun da mülkiyyətçiyə aid olması səbəbindən əmlaka dəymiş zərərin aradan qaldırılması xərclərinə görə 3685 manat məbləğində məhz ona ödənilməlidir. Vurulmuş zərərin ödənilməsi ilə bağlı iddia qalan hissədə təmin edilməməlidir. Əldən çıxmış fayda ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Məhkəmə iddianın 1650 manat əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf maşının 55 gün təmirdə olmasını əsas gətirməklə, maşının icarə xərci olan hər gün üçün 30 manat pulun əvəzinin cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə cavabdehin etirazını, nəqliyyat vasitəsinin 55 gün ərzində təmirdə olmasını təsdiq edən hər hansı sübutun təqdim edilmədiyini, qeyd edilən müddətin nəqliyyat vasitəsinin təmiri üçün ağlabatan olmadığını nəzərə alaraq, həmin müddətin 30 gün götürülməsini məqsədəmüvafiq hesab edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, maşının istifadə edilə bilmədiyi 30 günə görə, hər gün üçün 30 manat olmaqla, cəmi 900 manat məbləğində pul bilavasitə icarə müqaviləsi bağlamış iddiaçıya – İddiaçı1 ödənilməlidir. Nəzərə alınmalıdır ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır ( Mülki Məcəllənin 21.3-cü maddəsi). Məhkəmə vurğulayır ki, iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Evakuator və duracaq xərclərinə görə 80 manat pulun cavabdehdən tutulması tələbi ilə bağlı isə məhkəmə qeyd edir, cavabdeh bu faktı qəbul etdiyindən iddia həmin hissədə təmin edilməlidir. Belə ki, hər iki tərəfin izahatına əsasən qəza baş verdikdən sonra İddiaçı1 hadisə yerinə gəlmiş və evakuator çağıraraq maşını duracağa aparmışdır. Audiovideo yazının aparıldığı məhkəmə iclasında isə cavabdeh həmin məbləği qəbul etdiyini bildirmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməli, 80 manat pul cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Toyota Prius” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 3685 manat məbləğində pul tutularaq İddiaçı2, evakuator və duracaq xərclərinə görə 80 manat, əldən çıxmış faydaya görə 900 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməlidir. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 79 manat pulun 69 manatı Cavabdeh tutularaq iddiaçılara ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Toyota Prius” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 3685 (üç min altı yüz səksən beş) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh evakuator və duracaq xərclərinə görə 80 manat, əldən çıxmış faydaya görə 900 manat, cəmi 980 (doqquz yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 79 manat pulun 69 (altmış doqquz) manatı Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar