Məhkəmə qərarları › İş №e-2(005)-371/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-371/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-371/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nə vurduğu real zərər kimi 133716 (yüz otuz üç min yeddi yüz on altı) ABŞ dolları, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 15043 (on beş min qırx üç) ABŞ dolları faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 542.89 (beş qırx iki manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh X10 Ghulamından tutularaq barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1278/2022 saylı hökmü ilə müəyyən edilmişdir ki, X2baqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Pakistan İslam Respublikası vətəndaşı X9 Ghulam elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə Pakistan İslam Respublikası vətəndaşı olan qrupun digər üzvü və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən qrupun digər üzvü ABŞ, Kanada, Honq-Konq və Kolumbiya banklarının müştərilərinə aid bank kartı məlumatlarını qanunsuz əldə edərək həmin hesablarda olan pul vəsaitlərinə ölkə ərazisində müxtəlif saat və cihazların satışını həyata keçirən, hesabları İddiaçı ASC-də açılmaqla həmin bank tərəfindən xidmət göstərilən “saatstore.az”, “alinino.az”, “apple-azerbaıjan.az”, “e-alver.az”, “mgstore.az”, “myshops.az” adlı və digər internet dükanlarından qol saatı, mobil telefon, simsiz qulaqlıqlar, notbuk, makbuk, planşet, oyun aparatı, videokamera və s. elektronika mallarının onlayn qaydada alışını etdikdən sonra qrupun digər üzvləri ilə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən onlayn satış həyata keçirən dükanların kuryer xidmətlərindən məhsulları Bakı şəhərində müxtəlif ünvanlarda qəbul etməklə səyyar qaydada nağd pula satışını həyata keçirmiş, 2022-ci ilin yanvar ayının ortalarından etibarən məhsulların bir hissəsini ünvan 2 ünvanında metronun Neftçilər stansiyası yaxınlığında yerləşən “Real Mobile” və “Lombard Telecom” adlı mobil telefon satışı məntəqələrinə rəsmi sənəd əsasında orta bazar qiymətindən ucuz satıb nağd şəkildə əldə etdiyi pulun bir hissəsini özünə qazanc kimi götürmüş, digər hissəsini isə cinayətkar qrupun digər üzvünə göndərmiş, müştərilərinin hesablarından pul vəsaitləri oğurlanmış xarici ölkə banklarının etiraz sorğusu əsasında vəsaitin geri qaytarılmasını təmin etmiş İddiaçı ASC-yə külli miqdarda – 228.418,47 manat (iki yüz iyirmi səkkiz min dörd yüz on səkkiz manat qırx yeddi qəpik) məbləğində maddi ziyan vurmaqla İddiaçı ASC-nin külli miqdarda əmlakını - Azərbaycan Respublikasının milli pul vahidi ilə həmin dövrün məzənnəsinə uyğun olaraq 228.418,47 manat təşkil edən 134.363,81 (yüz otuz dörd min üç yüz altmış üç dollar səksən bir sent) ABŞ dolları məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin yanvar ayının əvvəllərindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Həmin iş üzrə icraat zamanı Bankın nümayəndəsinin verdiyi izahatdan da görsənir ki, Beynəlxalq ödəniş sistemlərinin qaydasına əsasən bank kartı sahibinin məlumatı olmadan hər hansı bir maliyyə əməliyyatı həyata keçirilirsə həmin müştəri xidmət göstərən banka etiraz müraciəti edə bilər. Belə olan halda həmin bank hesabından pul çıxan müştərinin müraciəti ilə əlaqədar hansı hesaba pul köçürülübsə həmin banka etiraz sorğusu göndərilir. Etiraz sorğusunu qəbul edən bank müəyyən müddət ərzində araşdırma apararaq kart sahibinin şikayətinə baxır, əgər təsdiqlənsə ki, həqiqətən də kart sahibinin iştirakı və razılığı olmadan maliyyə əməliyyatı aparılmışdır, belə olan halda hesabına pul gələn bank həmin ödənişi geri qaytarmalıdır. İddiaçı onlayn ticarətlə məşğul olan bir sıra şirkətlərə bank xidmətləri göstərir. Həmin şirkətlərin içində “Music Gallery”, “AliNino”, “Shop.az” və digər şirkətlər də var. Həmin şirkətlərdən hansısa müştəri onlayn qaydada məhsul alsa, ödəniş Kapital Bankda açılmış hesablara köçür. 2022-ci ilin yanvar ayının ortalarında onların bankına ABŞ, İspaniya və Kolumbiya banklarından etiraz sorğuları daxil olmuşdur ki, onların xidmət göstərdikləri müştərilərin hesablarından sahibinin məlumatı və icazəsi olmadan pul vəsaitləri oğurlanmış və həmin pul vəsaitlərinə Bakı şəhərində yerləşən əsasən elektronika məhsullarının satışını həyata keçirən dükanlardan alış olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, Kolumbiya, Kanada, ABŞ, Honq-konq-a aid bankların müştərilərinə məxsus bank kartlarına dair məlumatlar ələ keçirildikdən sonra həmin hesablardan “AliNino.az”, “Apple-Azerbaijan.az.”, “ealver.az” və s. onlayn satış həyata keçirən dükanlardan 2022-ci ilin yanvar ayı ərzində məhsul alışı həyata keçirilmişdir. Adları sadalanan dükanlar İddiaçı-ın müştəriləridir. Banklar arası araşdırma zamanı təsdiq olunmuşdur ki, həqiqətən də ABŞ, Kanada, Kolumbiya, Honqkonq-a aid bankların müştərilərinin iştirakı və razılığı olmadan “AliNino.az”, “Apple- Azerbaijan.az”, “Myshop.az”, “E-alver.az” və s. onlayn satış həyata keçirən dükanlardan məhsul alışı həyata keçirilmişdir. Belə olan halda hesabına pul gələn bank , yəni onların bankı həmin ödənişi geri qaytarmalıdır. 228 418 manat 47 qəpik təşkil edir. ABŞ dollarına münasibətdə isə həmin məbləğ 134363, 81 ABŞ dolları təşkil edir. 228 418 manat 47 qəpik maddi ziyan bank tərəfindən aidiyyəti ölkələrin bank hesablarına onların müştərilərinə vurulmuş maddi ziyan müqabilində ödənilmişdir. İddiaçı ASC-nə ümumilikdə228 418 manat 47 qəpik, (134363, 81 ABŞ dolları) maddi ziyan dəymişdir. Qeyd edilən hökmlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 1100 manat pul vəsaitini xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq müsadirə edilərək İddiaçı MMCnin hesablaşma hesabına ödənilməsi hökm edilmişdir. Qeyd edilən hökmdən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)- 1996/2022-ci saylı qərarı ilə hökmdən müdafiə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Cari iddia tələbi ilə daha öncə Xəzər Rayon Məhkəməsinə müraciət etsə də, həmin Məhkəmə cavabdehin rəsmi qeydə alındığı məhkəməyə verilməli olması səbəbi ilə iddia ərizəsini geri qaytarmışdır (qərardad əlavə edilir). Odur ki, bugünə qədər cavabdeh tərəfindən Banka ödənilməmiş 227 318 manat 47 qəpik (133716. ABŞ dolları)pul vəsaitinin tələb edilməsi üçün Bank Nərimanov Rayon Məhkəməsinə müraciət edirik. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahat verərək, bildirmişdir ki, iddiaçı tərəf uzun müddətdir ki, hökmün icra edilməməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Hökmdə AR DİN Maliyyə Plan İdarəsinin depozit hesabında saxlanılan 1100 manat pul vəsaitinin ödənilməsi barədə məlumat məhkəməyə təqdim edilsə də, hökmlə müəyyən olunan maddi dəyəri olan əşyaların müsadirə olunaraq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi barəsində hər hansı məlumat yoxdur. Belə olan təqdirdə hesab edir ki, iddiaçı ilk növbədə hökmün icrası üçün tədbirlər görməli, həmin əmlak qiymətləndirilməli, hərrac vasitəsilə satılmalı, iddiaçıya dəymiş maddi ziyanın ödənilməsinə yönəldilməli, bundan sonra iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən qalan məbləği tələb etməlidir. Digər tərəfdən vurulmuş ziyana bank uçot dərəcəsi ilə hesablanmış faizin tutulması hissəsində də iddia tələbini əsassız hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1278/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə X9 Ghulam Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. M.G.M.Abbas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, M.G.M.Abbasın cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. M.G.M.Abbas barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, M.G.M.Abbas Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxs X9 Ghulamdan tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd «Samsung A10» markalı mobil telefona aid boş qutu, 01 ədəd «Macbook Pro» markalı makbuka aid boş qutu məhv edilməsi, Abbas Moazzamın istifadəsində olmuş «Samsung A10» və «İphone8» markalı mobil telefonlar Abbas Mozzamın özü tərəfindən müəyyən edilərək etibar edilmiş şəxsə qaytarılması, İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan X9 Ghulamın yaşadığı mənzildən aşkar edilərək götürülmüş 01 ədəd «X12 Chrono» markalı qol saatı, 01 ədəd «İphone13 pro max» markalı və 01 ədəd «İphone 12 mini» markalı mobil telefonlar, 01 ədəd «Airpods pro» markalı və 01 ədəd «Airpods Max» markalı qulaqlıqlar, 01 ədəd «X13 Handheld Gimbald» markalı videokamera, 01 ədəd «Lenovo» markalı planşet müsadirə olunaraq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 1100 manat pul vəsaitini xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq müsadirə edilərək İddiaçı MMC-nin hesablaşma hesabına ödənilsin. Zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərar a alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1996/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə, təqsirləndirilən şəxs X9 Ghulamın müdafiəçiləri-X6 və Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs X9 Ghulamın barəsində olan 03 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. AR MPM-nin: 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh üzərinə düşür. Belə ki, cavabdehin təqsiri hökm ilə öz təsdiqini tapmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti dəymiş ziyanın əvəzini cavabdehdən tələb etsə də, cavabdeh dəymiş ziyanın əvəzini ödəməkdən yayınmışdır. Cavabdehdən dəymiş ziyanın əvəzi olaraq tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, mülki işin materiallarından görünür ki, cavabdehdən 1100 manat məbləğində pul iddiaçının xeyrinə tutulmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hökmlə müəyyən edilmiş 134363 ABŞ dollarından 1100 manatın ekvivalenti olaraq 647 dollar (13 sentyabr 2023-cü il tarixə (ödəmə tarixinə) çıxılmalı və iddia tələbi tam təmin edilərək, 133716 (134363-647=133716) ABŞ dolları tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “maddi ziyanın ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə 15041 dollar faizlərinin ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəlləni 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti AR Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinad edərək cavabdehdən pul məbləğinin tutulmasını tələb etmək hüququna malik deyildir. Belə ki, AR MM-nin müvafiq maddələrinin dispozisiyasından görünür ki, gecikdirilmiş vaxt üçün pul kreditor tərəfindən borclu öhdəliyin icrasını gecikdirdikdə tələb edilə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə tələb edilə bilər. Hazırki mübahisə üzrə isə tələb cavabdeh tərəfindən hər hansı öhdəliyin icra edilməməsi, və ya iddiaçının pul vəsaitinin qanunsuz şəkildə saxlanılması və ya ondan faydalanması deyil, dəymiş maddi ziyanın ödənilməsindən ibarətdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, cavabdeh tərəfindən iddiaçının pul məbləğinin qanunsuz şəkildə saxlanılması, faydalanması və s. kimi əməllərə yol verməsini təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 133716 (yüz otuz üç min yeddi yüz on altı) ABŞ dolları məbləğində pul və 487 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1278/2022 saylı hökmü ilə X9 Ghulamın yaşadığı mənzildən aşkar edilərək götürülmüş və maddi sübut kimi tanınmış əmlakların müsadirə edilməsi və İddiaçı ASC-yə vurulmuş ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, həmin hissədə hökmün icra edilməməsi işin mübahisəsiz halıdır. Belə ki, bu halı həm iddiaçı, həm cavabdeh tərəf bildirmişdirlər. Eyni zamanda hökmün həmin hissədə icra edilməməsi iddianın rədd edilməsi için əsas deyil, qətnamənin icrası mərhələsində icra məmuru tərəfindən həll edilməli məsələdir. Belə ki, AR MPM-nin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 542,89 məbləğində pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 488 manatı cvaabdehdən tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 133716 (yüz otuz üç min yeddi yüz on altı) ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnə üzrə) və 487 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə icra edilərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1278/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün maddi sübutların müsadirə edilərək zərərçəkmiş (iddiaçı) İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə göstərişi nəzərə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar