Məhkəmə qərarları › İş №e-2(005)-3726/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3726/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3726/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Bu Məcəllənin 152.1.6-cı maddəsinə görə isə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunan prosessual qanunvericilik normalarının məzmunundan göründüyü kimi, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsində göstərilməsi yalnız o halda məcburidir ki, bu müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş olsun. Pretenziya qaydasına riayət edilməsinin məcburiliyinin müqavilədə nəzərdə tutulmaması tərəflərin bu qaydaya riayiət edilməsi vəzifəsini istisna etmir. Yalnız həmin qayda qanunda da nəzərdə tutulmadığı halda tərəflərin müvafiq vəzifəsi istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki işin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə görə cavabdeh iddiaçıdan məişət avadanlığı əldə etmiş, əşyanın dəyərini pul məbləğində hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Maddələrin məzmunundan göründüyü kimi, ikitərəfli müqavilələrdə öhdəlik icra edilmədiyi halda əlavə müddət verilməsi və yaxud borcluya xəbərdarlıq edilməsi qanunla tələb olunur. Hazırki iş üzrə isə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə isə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət eməyə mane olmur. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4, 152.1.6, 152.2, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar