Məhkəmə qərarları › İş №e-2(005)-3748/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3748/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3748/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 (dörd yüz) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, hüquqi yardım üçün vəkilə verilmiş AR-İİİ 448417 nömrəli xx.xx.2024-cü il tarixli Etibarnaməyə ödənilmiş 20 manatın və dövlət rüsumu üçün ödənilmiş 30 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bodyline Fitness & Spa” mərkəzi öz İnstaqram hesabından kompaniya başlatmışdır. Həmin hesabda bildirmişdir ki, 6 aya 200 manat ödəniş etməklə xidmətdən (xidmətə daxildir hovuz, idman və.s.) istifadə edə bilərlər. Məndə az yaşlı övdlamla bu xidmətdən (xidmət hovuz) yararlanmaq üçün 2023-cü ilin oktyabr və noyabr aylarında “Bodyline Fitness & Spa” mərkəzinin əməkdaşı Cavabdeh 400 manat məbləğində ödəniş etdim. Bununla bağlımənə qəbz vermədilər və bildirdilər ki, sizin və oğulunuzadı bizim kompüterdə yazılıb. Mənim bununla bağlışəkilim var iddia ərizəmə əlavə edirəm. Biz 2 ay bu xidmətədn istifadə edə bildik sonra isə həmin “Bodyline Fitness & Spa” mərkəzi təmir adı ilə bağlandı. Məndə ödənişimi Cavabdeh geri tələb etdikdə o mənə bildirdi ki, mənə 1 ay vaxt ver sənin və bir neçə sənin kimi müştərilər var ki, onlarından pulunu qaytarmalıyam. Lakin həmin məbləğlər yüksək olduğundan ödəniş etməyə pulum yoxdur maşınımı satıb sizin pullarınızı ödəyəcəyəm. Cavabdeh tərəfindən verilən 1 ay vaxt bitidikdən sonra pulumun yatarılması ilə bağlı Cavabdeh istifadəsində olan mobil telefon (055 526-30-90) vasitəsilə pulumu tələb etsəm də hər dəfəsində müxtəlif bəhanələrlə yaxın zamanda borcunu qaytaracağını vəd versə də sonda pulumu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən mən xx.xx.2024-cü il tarixdə Nərimanov rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişəm. Nərimanov rayon Polis İdarəsinin 17ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, H-4455 saylı məktubu ilə bildirmişlər ki, müraciətinizdə qeyd olunan xüsusatlarla bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir. Məndə heç bir yerdə işləmədiyimdən, maddi imkanım olmadığından məhkəmədə prosessual hüquqlarımın həyata keçirilməsi üçün peşəkar huquqi yardım almaq məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olmağım barədə aidiyyatı üzrə müraciət etdim. Mənim müraciətimdən sonra Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(005)-241/2024 saylı Qərardadına əsasən mənə Bakı şəhəri 20 saylı Vəkil Bürosundan vəkil təyin edilmişdir. Mənim şikayətim əsasında Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində aparılmış araşdırma ilə bağlı toplanmış materialların müvafiq qaydada təsdiq olunmuş surətlərini alınması barədə xx.xx.2024-cü il tarixdə vəkil sorğu verilmişdir. Sorğumuza cavab olaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən tərəflərin izahatlarının surəti göndərilmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh obyekti subicarə əsasında istifadə etdiyini, icarədar tərəfindən çıxarıldığını bildirdi. İddiaçının və oğlunun 2 ay ərzində xidmətlərdən istifadə etdiyini qeyd edib. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materialları İddiaçı tərəfindən Nərimanov rayon Polis İdarəsi 17-ci Polis şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı oğlu X1 ilə birlikdə xx.xx.2023-cü ildə “Bodyline Fitness & Spa” mərkəzinə 6 aylıq kompaniya ilə yazılmışdırlar. Hər ikisinə 400 manat pul ödəmişdirlər. “Bodyline Fitness & Spa” mərkəzi xx.xx.2024-cü il tarixində təmir adı altında bağlanmışdır. Mərkəz bir aylıq bağlanmışdı, lakin 4 aydır ki, bağlıdır. Bu 4 ay ərzində Adil adlı şəxs özünü oranın müdürü kimi bildirib və açılmasa ödənişləri geri qaytaracağını deyirdi. Son günlər o artıq heç nə verməyəcəyini və hara istəyirsiz şikayət edin dedi o fitnessin aylığını77 manat deyir, yazırki sizin mənə borcunuz var. Onlar “Bodyline Fitness & Spa” mərkəzinə yaxınlaşıb binanın rəhbərliyi ilə danışdılar. Oda bildirdi ki, Adil onun özünə də borcludur. Pulu hərkəs bir birinin boynuna atır. Cavabdeh 01 may 2024-cü il tarixli izahatından görünür ki, “Bodyline Fitness & Spa” mərkəzinin ödənişlərioktyabr ayının biri etmişdir. Zalda baş vermiş texniki nasazlıqla bağlı 4 aylıq təmirə bağlanıb. Təmiri işi yarandığından ödənişlər gedişlər döndürülüb. Təmir bitdikdən sonra yeni üsulda dönüşlər olacaq və qalan günlər davam etdiriləcəkdir. Əks halda 6 aylıq 200 manat, aylıq 77 manat hesablanacaqdır. Adıçəkilən müştərilə oktyabr ayında ödəniş edib, obyekt isə 28 yanvar tarixində təmirə bağlanmışdır. 4 ay istifadə edildiyindən ödəniş tam istifadə edilib. 07 yanvar 2024-cü il tarixli Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 200 manat ödəniş etmişdir. 07 yanvar 2024-cü il tarixli Çıxarışdan görünür ki, Xalid Süleymanov xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər 200 manat ödəniş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6667/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. CD diskdə olan səs yazılarından görünür ki, Cavabdeh “İddiaçı və oğlunun sonradan gəldiklərini onların 2 ay istifadə etdiklərini, onlara cüzi miqdarda ödəniş ediləcəyini” bildirmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Maddə 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Maddə 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Maddə 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. İşə baxan məhkəmənin mövqeyi: Tərəflərin izahatları və iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında yaranan münasibətlər öhdəlik münasibətləridir. Cavabdeh iddiaçıya müəyyən xidmətlər göstərməyi, iddiaçı isə bu xidmətlər müqabilində razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı öz vəzifəsini yerinə yetirərək, ödənişləri həyata keçirmişdir. Lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İşin hallarından göründüyü kimi iddiaçı cavabdehdən borc pul məbləğini tələb etmiş, lakin cavabdeh tərəfindən iddia tələbinə etiraz və ya borcunun olmadığına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 03 noyabr 2023-cü il tarixində “Bodyline Fitness & Spa” mərkəzində müəyyən xidmətlərin göstərilməsi üçün özünün və oğlunun əvəzinə Cavabdeh 6 ay üçün 400 manat ödəniş etmişdir. Bundan sonra “Bodyline Fitness & Spa” mərkəzi 2024-cü il ilin yanvar ayında təmir üçün bağlanmışdır. Göründüyü kimi iddiaçı 2 ay müddətində xidmətlərdən istifadə etmişdir. İddiaçının hovuzdan 2 ay ərzində istifadə etməsi həm iddia ərizəsi, həm də cavabdehin izahatı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı xidmətlərdən 2 ay müddətində istifadə etdiyindən, cavabdehin öhdəliklərini yerinə yetirməməsi səbəbindən həyata keçirilməmiş 4 aylıq xidmətlər üzrə ödənişlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddaçı tərəfindən 6 aylıq xidmət göstərilməsi üçün 400 manat ödəniş edilmişdir. İddiaçıya 2 aylıq xidmət göstərildiyi üçün buna mütənasib olaraq 133 manat pul (400*2:/6=133) ümumi ödənilmiş məbləğdən çıxılmalıdır. İddia tələbi əsaslı olduğundan Cavabdeh 267 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazışma və səsyazıları sübut qismində dəyərləndirilə bilər. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddia tələbinin “AR-İİİ 448417 nömrəli xx.xx.2024-cü il tarixli Etibarnaməyə ödənilmiş 20 manat pulun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bununla bağlı müvafiq sübutları təqdim etmədiyindən, iddia tələbi bu hissədə əsaslı hesab edilmir və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 267 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 267 (iki yüz altmış yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 20 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar