Məhkəmə qərarları › İş №e-2(005)-3840/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3840/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3840/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı ASC-nin X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 138 AZN əsas, 2.15 AZN faiz borcu olmaqla, cəmi 140.15 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank of Baku” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 809.69 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi və vəkili X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka 138 manat əsas, 2.15 manat faiz və 0 manat məbləğində cərimə borcu vardır. - Cavabdeh ilə Bank of Baku” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh faiz dərəcəsi 60 ay müddətinə illik 1% ödəmək şərtilə 809.69 manat məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Bank of Baku” ASC tərəfindən Cavabdeh hesabına 809.69 manat ödəniş edilmişdir. - Bank of Baku” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, kredit müqaviləsi ləğv edilərək cavabdeh tərəfindən xx.xx.2019cu il tarixli, FR/44475/69 saylı müqavilə üzrə yaranmış bütün borc məbləğinin dərhal ödənilməsi, əks halda bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bank of Baku” ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, FR/44475/69 saylı saylı kredit razılaşması bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş materiallarında olan kredit müqaviləsini, ödəniş cədvəlini, maliyyə arayışını əsas götürərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır. Müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Faiz borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən həmin müddətə mövcud olan gecikmiş borcun dərhal ödənilməsini və kredit müqaviləsinin ləğvini bildirir. Belə olanda məhkəmə qeyd edir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə xx.xx.2024-cü il (bildirişdə qeyd olunan) tarixdən birtərəfli qaydada xitam verilmişdir. Çünki iddiaçı cavabdehə qeyd olunan tarixədək bütün borcun ödənilməsini təklif etmiş, lakin məlum olduğu kimi həmin tarixdə borc cavabdeh tərəfindən ödənilməmiş, beləliklə də onlar arasındakı öhdəlik münasibətlərinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən əsaslıdır və cavabdehdən xx.xx.2019-cu il tarixli, FR/44475/69 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə yaranmış 1.74 manat pul məbləği tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçı Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 138 manat əsas borc, 1.74 manat faiz borcu, 0 manat cərimə, ümumilikdə 139.74 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 138 manat əsas borc, 1,74 manat faiz borcu olmaqla, ümumilikdə 139,74 manat borc və 30 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar