Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3912/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 360,20 manat maddi zərər məbləğinin, 30 manat dövlət rüsumunun və xidmət haqqı kimi ödənilmiş 40 qəpik pulun, ümumilikdə 390,6 manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində **-SY-*** DQN-lı “X2 minik” markalı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri Neftçilər prospekti ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək İddiaçı MMCyə məxsus **-JU-*** DQN-lı “BMC Procity” markalı avtobusun sol arxa yan paneli hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. YNH-si barədə Cəmiyyətlərinin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin polis kapitanı X1 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar verilib. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X4 İdarəsində tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun sol arxa yan paneli deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 3 gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 009961 saylı zərər aktına əsasən **-JU- *** DQN-lı avtobusa 360,20 manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsi **-SY-*** DQN-lı “X2 minik” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 360,20 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə aparılmış danışıqlar nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, avtobus İddiaçı MMC-nin mülkiyyətindədir. Onlarda sözügedən avtobuslarda kasko sığorta olmur. Qarşı tərəfin isə avtomaşını icbari sığorta olunmamışdır. Həmin avtobuslar İddiaçı MMC-nin ölkəyə gətirdiyi avtobuslar deyil, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında bağlanmış müqavilə əsasında BMC Otomatik Sənayedən Azərbaycana idxal olunan avtobuslardır. Bu avtobusların idxalına görə Azərbaycanda hökumətlərarası bağlanan müqavilə əsasında BMC.AZ distributor yaradıldı və o, Azərbaycanda olan yeganə distributordur ki, bu avtobuslara xidmət edir. Avtobus karbon materialdandır, asanlıqla hər yerdə təmir edilmir. İstəsələr belə təmir etdirə bilmirlər. Çünki müqaviləyə əsasən həmin distributor tərəfindən təmir etdirilməlidir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: BMC.AZ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 009961 saylı zərər aktına əsasən **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa 360,20 manat maddi zərər dəymişdir; xx.xx.2024-cü il tarixli, TP6521796 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh “X2 minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək, İXM-nin 327.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobus "xxxx" MMC-nin mülkiyyətindədir; İcbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılmasına dair arayışdan görünür ki, **-SY-*** dövlət qeydiyyat nişanlı, “X2 minik” markalı nəqliyyat vasitəsinin hadisə baş verən vaxt icbari sığortası mövcud olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh “X2 minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək İddiaçı MMC-yə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusu vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı cavabdeh barəsində xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarla inzibati tənbeh tətbiq edilmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsini xahiş edir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yarana bilər. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən qanunazidd əməlin törədilməsi, həmin əməl ilə iddiaçıya zərərin dəyməsi iş materialları ilə təsdiq olunur. Belə ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş (TP6521796 saylı, xx.xx.2024-cü il tarixli qərar), həmin əməllə İddiaçı MMC-yə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Beləliklə, hadisə baş verən zaman yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və o, hadisənin baş verməsində təqsirli olduğundan, nəqliyyat vasitəsini icbari sığorta etdirmək vəzifəsini isə avtonəqliyyat vasitəsinin sahibi, yəni yol-nəqliyyat hadisəsi zamanı qanuni əsaslarla avtomobilə sahiblik edən şəxs daşıdığından, avtomobil isə icbari qaydada sığortalanmadığından iddiaçıya dəymiş zərər cavabdehdən tutulmalıdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.2-ci maddələrinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Məhkəmə dəymiş zərərin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş BMC.az tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 009961 saylı zərər aktına əsasən **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa 360,20 manat maddi zərər dəymişdir. Məhkəmə tələb edilən zərərin məbləğinin yüksək olmamasını, ağlabatan məbləğ olmasını, cavabdehin dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməməklə hər hansı etiraz irəli sürməməsini, ekspertiza təyin edilməsinin əlavə xərclərə səbəb olacağını, həmçinin prosessual qənaət prinsipini əsas götürərək, qüsur aktında göstərilmiş məbləğin tutulmasını məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 360,2 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 30,4 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 360,2 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 30,4 manat pul, cəmi 390,6 (üç yüz doxsan manat, altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3912/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3912/2024
15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver