Məhkəmə qərarları › İş №e-2(005)-392/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-392/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-392/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə kreditə görə ******* ABŞ dolları, faiz borcuna görə 299458,04 ABŞ dolları, cəmi 1698258,04 ABŞ dolları, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 2233 manat məbləğində, cəmi 2273 manat pulun tutulması; tələbin ümumi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, 972,9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2018-ci il tarixli RBNPT-0122saylı kredit müqaviləsi üzrə cəmi 1698258,04 ABŞ dolları borc, dövlət rüsumları və xidmət haqqı kimi ödənilmiş cəmi 2273 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; İpoteka predmeti olan və tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, 972,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə tələb yönəldikdən, həmin əmlak hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində onun boşaldılması və keçmiş mülkiyyətçilərin həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması; İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RBNPT-0122saylı kredit müqaviləsinə əsasən illik 5% faiz dərəcəsi olmaqla 24 ay müddətinə ******* ABŞ dolları məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə ******* ABŞ dolları, faiz borcuna görə 299458,04 ABŞ dolları, borcun cəmi məbləği 1698258,04 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə X1 məxsus olmuş ünvan 1 ünvanında yerləşən, 972,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC qarşısında xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Daha sonra xx.xx.2018-ci il tarixdə isə, ünvan 1 ünvanında yerləşən, 972,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi ipoteka yüklülüyü saxlanılması şərtilə ******* manata X4 tərəfindən Cavabdeh1 satılmışdır. Hal-hazırda həmin əmlak xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi ipoteka ilə yüklü olmaqla Cavabdeh1 məxsusdur. Bundan başqa xx.xx.2018-ci il tarixli RBNPT-0122saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixli, RBNPT-0122 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə zamin və borclu xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar və borc tam ödənilməyənə qədər Zaminlik müqaviləsinə xitam verilə bilməz. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda ipotekasaxlayan (Bank) ipoteka predmetinə ödəniş yönəldə bilər. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə kreditə görə ******* ABŞ dolları, müqavilənin icra müddətinin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixinə faiz borcuna görə 56456,73 ABŞ dolları, əldən çıxmış fayda kimi əsas borca illik 5%-lə xx.xx.2023-cü il tarixinə hesablanmış faiz borcuna görə 163863,67 ABŞ dolları, cəmi 1579120,4 ABŞ dolları, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 2233 manat məbləğində, cəmi 2273 manat pulun tutulması; tələbin ümumi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, 972,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə cəmi 1579120,4 ABŞ dolları borc, dövlət rüsumları və xidmət haqqı kimi ödənilmiş cəmi 2273 manat məbləğində pulun İddiaçı ASCnə ödənilməsi; İpoteka predmeti olan və tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, 972,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə tələb yönəldikdən, həmin əmlak hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində onun boşaldılması və keçmiş mülkiyyətçilərin həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması; İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Kreditor İddiaçı ASC və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 5% faiz dərəcəsi olmaqla 24 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, ******* manat pul Cavabdeh1 tərəfindən hesabdan nağd götürülmüşdür. xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay müəyyənləşdirilmiş ödənişlər etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli RBNPT- 0122 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka ******* ABŞ dolları əsas borc, müqavilənin icra müddətinin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixinə faiz borcuna görə 56456,73 ABŞ dolları, əldən çıxmış fayda kimi əsas borca illik 5%-lə xx.xx.2023-cü il tarixinə hesablanmış faiz borcuna görə 163863,67 ABŞ dolları, cəmi 1579120,4 ABŞ dollarıborcu vardır. Kreditor İddiaçı ASC və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBNPT-0122 saylı zaminlik müqaviləsinə əsasən zamin borclunun xx.xx.2018-ci il tarixli RBNPT- 0122 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. İpoteka saxlayan İddiaçı ASC və ipoteka qoyan X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə X1 məxsus olmuş ünvan 1 ünvanında yerləşən, 972,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC xeyrinə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən ******* manat məbləğində qiymətləndirilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan aydın olur ki, ünvan 1 ünvanında yerləşən 972,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi hazırda Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8341 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2018-ci il tarixli, RBNPT-0122 saylı kredit müqaviləsinin, xx.xx.2020-ci il tarixli 1 saylı Əlavənin və xx.xx.2020-ci il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu 1.451.800,80 ABŞ dolları məbləğində və xx.xx.2023-cü il tarixə (ekspert rəyinin tarixi) banka olan əsas və faiz borcu 1.451.800,80 ABŞ dolları məbləğində müəyyən edilir. Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli ekspert rəyində Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 972,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 2022-ci il üçün bazar dəyəri 3 300 000 manat, likvid dəyəri 3 000 000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4375 nömrəli ekspert rəyində qeyd olunur ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə (kredit müqaviləsi bitmə tarixi) əsas borcu ******* ABŞ dolları, faiz borcu 56250,80 ABŞ dolları; ekspertiza təyin olunan xx.xx.2023-cü il tarixə əsas borcu 1451800,80 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış borcu 181727,50 ABŞ dolları təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Kreditor İddiaçı ASC və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 5% faiz dərəcəsi olmaqla 24 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditor İddiaçı ASC və zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borclunun xx.xx.2018ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. İpoteka saxlayan İddiaçı ASC və ipoteka qoyan X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi ilə xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə X1 məxsus olmuş ünvan 1 ünvanında yerləşən, 972,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC xeyrinə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən ******* manat məbləğində qiymətləndirilmişdir. Hazırda ipoteka predmeti Cavabdeh1 mülkiyyəti olmaqla İddiaçı ASC-nin xeyrinə olan yüklülük saxlanılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tələb olunan əsas, faiz və əldən çıxmış fayda kimi əsas borca illik 5%-lə hesablanmış pul məbləği ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqavilənin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia tərəfindən iddia tələbinin həcminin azaldılmasına dair ərizədə qeyd edilən əsas borc ekspert rəyində xx.xx.2020-ci il tarixə, kredit müqaviləsinin bitməsi tarixinə hesablanmış əsas borc məbləğindən az olduğundan həmin iddia tələbində qeyd edilən əsas borc məbləğinin ******* ABŞ dolları pulun cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə faiz borcuna münasibətdə qeyd edir ki, əldə edilmiş ekspert rəyindən cavabdehin müqavilənin bitmə tarixinə - xx.xx.2020-ci il tarixdə 56250,80 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən faiz borcu olaraq 56456,73 ABŞ dolları pulun tutulması tələb olunur. Məhkəmə ekspert rəyini əsas götürməklə cavabdehdən faiz borcu olaraq 56250,80 ABŞ dolları pulun tutulması qənaətinə gəlir. Məhkəmə əldən çıxmış fayda olaraq hesablanmış pul məbləğinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2020-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixə kimi keçən müddət 1 il 10 ay 13 gün təşkil edir. İllik 5 faiz dərəcəsi ilə 1 il üçün hesablanmış faiz borcu (1358800 x 5 /100 = 67490) 67490 ABŞ dolları, 10 ay üçün hesablanmış faiz borcu (67490 / 12 = 5661,66 x 10 = 56616,66) 56616,66 ABŞ dolları; 13 gün üçün hesablanmış faiz borcu (5661,66 / 30 = 188,72 x 13 = 2453,39) 2453,39 ABŞ dolları təşkil edir. Ümumilikdə 1 il 10 ay 13 gün üçün isə (67490 + 56616,66 + 2453,39 = 126560,05) 126560,05 ABŞ dolları təşkil edir. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi illik 5 faiz dərəcəsi ilə hesablanmış 126560,05 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə zamin Cavabdeh2 münasibətdə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC və zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər. Məhkəmə qeyd edir ki, müqavilədə “Zaminliyin müddəti” adlanan 6-cı fəsildə zaminlik müqaviləsinin kredit müqaviləsindən fərqli qüvvədə olma müddəti qeyd olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. "Zaminliklə təmin edilmiş öhdəlik “Kredit alan” tərəfindən “Bank” qarşısında tam həcmdə icra edilənədək qüvvədədir" ifadəsi (müddəası) isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətini ehtimal etmək mümkün deyil. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2017ci tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanılmış müqavilənin şərtindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2020-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. İddiaçı zaminə qarşı iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmiş, hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunan hallardan hər hansı birinin mövcudluğu hazırki halda müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, zaminə aid hissədə iddia tələbləri zaminə qarşı belə bir iddia qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə verildiyindən təmin edilməməlidir. Məhkəmə kredit müqaviləsi üzrə yaranmış borca tutumanın ipoetka predmetinə yönəldilməsi, bu əmlakın hərracdan satılması, satıldıqdan sonra boşaldılması və satışdan əldə olunan məbləğ kredit borcunu ödəməyə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh1 tutulması hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin : 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı kimi əmlakını iddiaçının xeyrinə ipoetka ilə yüklü etdiyindən, lakin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazmınca icra etmədiyindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən iportka predmeti olan əmlaka tutma yönəldilməsi üçün əsaslar yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə ******* ABŞ dolları əsas borc, 56250,80 ABŞ dolları faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış borcu 126560,05 ABŞ dolları məbləğində pul Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 972,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, hərracdan ilk satış qiyməti ******* manat müəyyən edilməli, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği ümumi qaydada Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı, ünvan 1 ünvanında yerləşən 972,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə “Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumu və dövlət rüsumu kimi ödənilmiş 2233 manat, cəmi 2273 manat pulun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 2233 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 2032 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon üç yüz əlli səkkiz min səkkiz yüz) ABŞ dolları əsas borc, 56250,80 (əlli altı min iki yüz əlli dollar, səksək sent) ABŞ dolları faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış borcu 126560,05 (yüz iyirmi altı min beş yüz altmış dollar, beş sent) ABŞ dolları məbləğində pul Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. xx.xx.2018-ci il tarixli RBNPT-0122 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 972,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına borc ödənilsin, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq Cavabdeh1 qaytarılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 972,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti ******* ( üç milyon) manat məbləğində müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən 972,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumu və dövlət rüsumu kimi ödənilmiş 2032 manat, cəmi 2072 manat pul Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 250 manat məbləğində pul Cavabdeh1 tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar