Məhkəmə qərarları › İş №e-2(005)-3932/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3932/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3932/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı MMC-nın nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5094 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 254,70 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 5378,70 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 31.01.2029-cu il tarixdə 211.01716 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları almış, qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 25.02.2020-ci il tarixində tərtib olunan və cavabdeh tərəfindən imzalanan üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 5094 manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçı «İddiaçı MMC-nın nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 15.03.2021-ci il tarixli MAPS arayışından görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. 31.01.2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış satış müqaviləsindən görünür ki, iddiaçı tərəfindən istehsal və topdan satışı olunan mal/malların cavabdeh tərəfindən üçüncü tərəflərə satılması üçün səlahiyyət, məsuliyyət və şərtləri müəyyənləşdirmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə qeyd olunmuşdur ki, alıcı mal/malların satış qiymətinin ödənilməsi gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.01% məbləğində dəbbə pulu ödəyir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan 5094 manat məbləğində borcu 3 gün ərzində ödəməyi xahiş edilmişdir. Həmin müddət ərzində borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 25.02.2020-ci il tarixli Üzləşmə aktından görünür ki, aparılmış hesab üzləşməsinə əsasən məlum olmuşdur ki, Cavabdeh İddiaçı MMC-yə 5094 manat borcu yaramışdır. Həmin akt Cavabdeh tərəfindən imzalanmışdır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC-dan aldığı malların məbləğin qarşılığında öhdəliyini icra etməmişdir və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Göründüyü kimi, İddiaçı MMC tərəfindən 5094 manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla əksini tapmışdır. Cavabdeh tərəfindən pul məbləğinin qaytarılmasına dair sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 254,70 manat tələb edilməsi hissəsində tələb təmin edilməməlidir. Belə ki, iddianın həmin hissəsinə məhkəmə qeyd edir ki, iddiaçının ərizədə qeyd etdiyi gecikdirilməyə görə illik 5% tələb qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında müqavilənin bitdiyi vaxtdan hesablanır. Tərəflər arasında müqavilə müddətsiz bağlanmış və iddiaçı tərəfindən bağlanmış müqaviləyə xitam verilməsi barədə heç bir sübut təqdim edilməmiş və nəticədə cavabdehdən gecikdirilməyə görə illik 5% tələb etmək hüququ yaranmamışdır. Odur ki, iddianın 254,70 manat hissəsi əsassız olduğundan iddia həmin hissədə rədd edilməlidir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci bəndinə əsasən ödənişin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0.01% dəbbə pulu nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 28,60 manat cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 31.01.2019-cu il tarixli satış müqaviləsi üzrə ödənilməmiş 5094 manat əsas borc və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi 28,60 manat Cavabdeh İddiaçı MMC-nın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 31.01.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 5094 manat əsas borc və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi 28,60 manat Cavabdeh İddiaçı MMC-nın xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar