Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3958/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2018-ci il tarixli, ***- *******NK271218-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3.221,57 manat məbləğində borcun-bundan 1.781,28 manat əsas borcun, 1.219,86 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 219,75 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 52.22 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ***-*******NK271218-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında 28 dekabr 2018-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh3 28 dekabr 2018-ci il tarixli, ***-*******NK271218-01 nömrəli kredit müqaviləsi üzrə 7 iyun 2024-cü il tarixə banka ödənilməmiş cəmi 3.221,57 manat məbləğində borcu vardır. Bundan 1.781,28 manatı əsas borc, 1.219,86 manatı müqavilə müddəti üçün hesablanmış faiz borcu və 219,75 manatı isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə və 12 iyun 2024-cü il tarixli, **********882 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia Cavabdeh3 münasibətdə təmin edilməlidir. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ***-*******NK271218-01 nömrəli kredit müqaviləsinin surətinə əsasən “Bank” tərəfindən “Müştəri”yə 36 ay müddətinə, illik 25 faiz olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh3 hesabına 4000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Nəsibov X1 4000 manat məbləğində pul aldığını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ***-*******NK271218-01/ZM/2 nömrəli zaminlik müqavilələrinin surətinə əsasən onlar, “Bank” tərəfindən “Müştəri”yə verilən kredit üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam həcmdə üzərinə götürmüşlər. İş materiallarında olan bank tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, onlar, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 3 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 əsas borcu 1781 manat, faiz borcu 1219,86 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 219 manat, cəmi borcu 3221 manat təşkil edir. Həmçinin iş materiallarından görünür ki, bank tərəfindən 52,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi, eyni tarixdə həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqavilələri bağlanmışdır. Nəticə etibarilə müqavilə üzrə borclunun əsas borc üzrə 1781,28 manat, faiz borcu üzrə 1219,86 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcu üzrə 219,75 manat olmaqla, cəmi 3221,75 manat borcu yaranmışdır. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırki iş üzrə borclu Cavabdeh3, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdehə kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun kredit müqaviləsi üzrə borcu yaranmışdır. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını əsas borcludan tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borc alan cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia tələbinin borcun zaminlərə yönəldilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinin məzmununa uyğun olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyə xitam verilməsi ilə bağlı qeyd olunmalıdır ki, zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də ondan ibarətdir ki, zamin bir qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması, qeyri-müəyyən müddətə məsuliyyət daşımasının qarşısının alınması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin mövcudluğu müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Hazırki iş üzrə xx.xx.2018-ci il tarixli zaminlik müqavilələrində zaminliyin öhdəliyin tam yerinə yerinə yetirilənədək qüvvədə qaldığı müəyyən edilmişdir (maddə 6.1). Lakin bu müddəa qanunvericilik tələblərinə zidd olmaqla əhəmiyyətsizdir. xx.xx.2018-ci il tarixli kredit müqaviləsində müqavilənin müddəti 36 ay olaraq müəyyən edilmişdir. Odur ki, əsas öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən, zaminlik həmin tarixdən sonra 1 il, yəni xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə xx.xx.2024-cü il tarixində, zaminliyə xitam olunduqdan sonra müraciət etdiyindən, borcun zaminlərə münasibətdə tələb edilməsi mülki qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən normaları ilə ziddiyyət təşkil edir. Beləliklə, zaminlər xx.xx.2022ci il tarixdən kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmışlar və həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıya bilməzlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcun tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh3 münasibətdə təmin edilməli, Cavabdeh3 əsas borca görə 1781,28 manat, faiz borcuna görə 1219,86 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcuna görə 219,75 manat olmaqla, cəmi 3221,57 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 52,22 manat pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. İddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh3 münasibətdə təmin edilsin. Cavabdeh3 əsas borca görə 1781,28 manat, faiz borcuna görə 1219,86 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcuna görə 219,75 manat olmaqla, cəmi 3221,57 (üç min iki yüz iyirmi bir manat, əlli yeddi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 52,22 (əlli iki manat, iyirmi iki qəpik) manat pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3958/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3958/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver