Məhkəmə qərarları › İş №e-2(005)-3981/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3981/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3981/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 311.03 manat vəsaitin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli CO0210012 müqaviləyə əsasən tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən “tam Digicard debet” verilmişdir. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilənin 6.4-cü bəndinə əsasən “Tam Digicard debet” məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərlə, habelə standart şərtlərin 27-ci bəndində əks olunan tam kart bölməsinin tam kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanışdır və müvafiq məlumatlar verilmişdir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. xx.xx.2023-cü il tarixli standart şərtlərin 1.11-ci bəndinə əsasən texniki overdraft - Müştəriyə overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsi. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti Texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. Standart Şərtlərin Kredit/Kredit xəttinə aid müddəaları Texniki overdraft üzrə kreditləşməyə də şamil edilir. Cavabdeh xx.xx.2023-cü ildə kart hesabının qalığından 590 manat məbləğdə əməliyyat aparmaqla, hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Daha sonra cavabdeh müxtəlif tarixlərdə 301.78 manat olmaqla ödəniş etmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsait 288.22 manat və ona hesablanmış (30 faizlə) 18.01 manat, (5 faizlə) 4.8 manat olmaqla cəmi 22.81 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 311.03 manat borcu mövcuddur. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında tərəfimizdən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Beləliklə, əsassız varlanma nəticəsində əldə edilən vəsait cavabdeh tərəfindən könüllü qaytarılmadığından, həmin vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CO0210012 nömrəli tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqavilənin surətindən görünür ki, “Bank” “Müştəri”yə tam kartı verir, “Müştəri” isə ondan müqavilə üzrə müəyyən edilmiş qaydada istifadə edir. Müqavilənin 6.4-cü bəndinə əsasən “Tam Digicard debet” məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə, habelə Standart Şərtlərin 27-ci bəndində əks olunan tam kart bölməsinin tam kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanışdır və müvafiq məlumatlar verilmişdir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli Standart Şərtlərin 1.11-ci bəndinə əsasən Texniki overdraft - Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsi. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti Texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, cavabdeh X4 21. 12.2023-xx.xx.2024-cü tarixləri aralığında ödəniş əməliyyatları icra etmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh cəmi kart üzrə 311,03 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan bank tərəfindən X3 göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi barədə xəbərdar edilmişdir. Həmçinin iş materiallarından görünür ki, bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ödəniş kartından istifadəyə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən bank X1 hesabı açmış, X4 ödəniş əməliyyatları icra etmişdir. Bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında texniki overdraft borcu yaranmışdır. Müqaviləyə əsasən bu halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı vaxtdan dərhal ödəməlidir. Nəticədə cavabdehin banka 311,03 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 954.1-ci maddəsinə uyğun olaraq, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın (Mülki Məcəllənin 956.1, 960.1 və 960.2-ci maddələri). Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 311,03 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 311,03 (üç yüz on bir manat, iyirmi dörd qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar