Məhkəmə qərarları › İş №e-2(005)-401/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-401/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-401/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi K.X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 69 310.40 (altmış doqquz min üç yüz on manat 40 qəpik) AZN bundan 38 596.60 (otuz səkkiz min beş yüz doxsan altı manat 60 qəpik) AZN əsas, 30 713.80 (otuz min yeddi yüz on üç manat 80 qəpik) AZN faiz borcunun və iş üzrə ödənilmiş 297.93 (iki yüz doxsan yeddi manat 93 qəpik) AZN dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 44 391.21 (qırx dörd min üç yüz doxsan bir manat 21 qəpik) AZN məbləğində kredit vermişdir. Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin - mənzilin alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 19 oktyabr 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 13-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" ASC ilə İddiaçı ASC arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli “Zaminlik” müqaviləsinin 4.2-ci maddəsinə əsasən, Borclu davamlı olaraq 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 (on iki) ay ərzində 3 (üç) dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 (beş) gün artıq gecikdirərsə, Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 20 (iyirmi) iş günü müddətində Kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.4-cü bəndində qeyd edilmişdir ki: “Zamin bu Müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində Borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditorun Müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır”. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********899 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********938 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Nəticədə 21 avqust 2023-cü il tarixinə cavabdehlərin banka hesablanmış 38 596.60 (otuz səkkiz min beş yüz doxsan altı manat 60 qəpik) AZN əsas, 30 713.80 (otuz min yeddi yüz on üç manat 80 qəpik) AZN faiz, cəmi 69 310.40 (altmış doqquz min üç yüz on manat 40 qəpik) AZN borcu yaranmışdır. Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cəmi 71,266.01 (yetmiş bir min iki yüz altmış altı manat 1 qəpik) manat – bundan 38,596.60 (otuz səkkiz min beş yüz doxsan altı manat 60 qəpik) manat əsas, 32,669.41 (otuz iki min altı yüz altmış doqquz manat 41 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 303.8 (üç yüz üç manat, 80 qəpik) AZN dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi K.X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirərək , kredit borcunun ödənilməsindən boyun qaçırmadığını, lakin məhkəmədən hesablanmış faiz borcunun məbləğinin azaldılmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 23 avqust 2023-cü il tarixli arayışdan görünür ki, 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borcu 38,596.60 manat, faiz borcu 30,713.80 manat olmaqla, cəmi 69,310.40 manat təşkil edir. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı Kredit müqaviləsi üzrə 41,351.11 manat gecikmiş borc məbləğinin 3 (üç) gün müddətində banka ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı Kredit müqaviləsi üzrə 41,329.09 manat gecikmiş borc məbləğinin 3 (üç) gün müddətində banka ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - 19 oktyabr 2010-cu il tarixli Zaminlik müqaviləsinə əsasən, “Zamin” - "xxxx" ASC 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı Kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi “Borclu” - Cavabdeh1 öhdəliklərini yerinə yetirmək üçün “Kreditor” - İddiaçı ASC qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir.(4.1-ci bənd) - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 239 ay müddətinə illik 12 % ödəmək şərtilə 44 391.21 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC-nin xx.xx.2010-cu il təvəllüdlü kreditin ödənmə cədvəlinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixdən xx.xx.2030-cu il tarixədək 44 391.14 manat ödənilməli əsas borc, 72 546.78 manat faiz borcu mövcud olmuşdur. - xx.xx.2010 - xx.xx.2013-cü illər arasındakı dövr üçün Cavabdeh1 hesabından çıxarışdan görünür ki, kreditin karta köçürülməsi əsası ilə Cavabdeh1 hesabına 44 391.21 manat pul köçürülmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/8334 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən ödənişləri nəzərə aldıqda, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: - xx.xx.2023-cü il tarixə (maliyyə arayışı tarixi) əsas borc üzrə - 40.580,24 manat faiz borcu üzrə - 34.788,20 manat - xx.xx.2023-cü il tarixə (qərardadın tarixi) əsas borc üzrə - 40.580,24 manat faiz borcu üzrə - 35.572,76 manat İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 19 oktyabr 2010-cu il tarixində tərəflər - Cavabdeh1 ilə İddiaçı ASC arasında AK-175 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən LPO İddiaçı ASC “borclu” Cavabdeh1 44 391.21 manat məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissəhissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı borclunun öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək kredit müqaviləsinin ləğv edilməsini və müqavilə üzrə yaranmış əsas borca görə 38,596.60 manat, faiz borcuna görə 32,669.41 manat, cəmi 71,266.01 manat pulun və 303.8 manat dövlət rüsumunun məhkəmə qaydasında cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 239 ay müddətinə, illik 12 faiz olmaqla, 44 391.21 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 453-cü maddəsinə əsasən kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2020-ci ildə olmuş, iddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü ildə **********899 saylı yazılı xəbərdarlıq ünvanlanmışdır. Bu hal Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh1 müqavilənin 4.2-ci bəndinin tələblərinə görə müəyyən olunmuş müddətlərdə borcunu ödəməmiş, pozuntuya yol vermişdir. Bununla bağlı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə ünvanlanmış 08 avqust 2023-cü il tarixli, **********938 saylı xəbərdarlıq məktubu ilə 19 oktyabr 2010-cu il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən öhdəliklərini yerinə yetirməsi tələb olunmuşdur. Məhkəmə iddia tələbinin əsas borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/8334 nömrəli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 40.580,24 manat, faiz borcu üzrə 35.572,76 manat məbləğində, xx.xx.2023-cü il tarixinə isə 40.580,24 manat əsas borc, 35572,76 manat faiz borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalı, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə yaranmış 38596.60 manat pul məbləği cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Faiz borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərdən 41,329.09 manat gecikmiş borc məbləğinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, 27 iyul 2023-cü il tarixinə cavabdehin bank qarşısında ümumilikdə 69001,56 manat icra edilməmiş borcunun olduğu bildirilmişdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Sözügedən Qərarda göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır” Qeyd olunur ki, iddiaçı tərəf iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək faiz borca görə 32,669.41 manat pul məbləğinin iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunun surətinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən həmin müddət üçün gecikmiş (məktubun ünvanlandığı tarixədək) borc məbləğinin ödənilməsini tələb etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixdən xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı öhdəlik münasibətləri ləğv edildikdən sonra iddiaçı ləğv olunmuş öhdəlik üzrə faizlər tələb edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 30 713,80 manat pul məbləği tutulması məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbinin “cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2-ci maddəsi). Həmin Məcəllənin 421.3-cü maddəsinə görə isə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarına görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yuxarıda sadalanan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun Qərarından da göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Bu zaman əsas aydınlaşdırılmalı olan hal isə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilib-edilməməsinin müəyyənləşdirilməsidir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Hazırki iş materiallarından görünür ki, borclu müqavilə ilə müəyyənləşdirilmiş annuitet ödənişlərini dəfələrlə gecikdirməklə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bununla da iddiaçının şərtləri pozulmuş kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Bu zaman iddiaçı tərəfindən öhdəliyin tam icra edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilsə də, məhkəmə qeyd edir ki, bu hal gələcəkdə müqavilənin birtərəfli qaydada ləğvi ilə bağlı yarana biləcək mübahisələrin qarşısını almaq məqsədilə iddiaçının müqavilənin ləğv edilmiş hesab edilməsini məhkəmə qaydasında tələb etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli və müqavilə ləğv edilmiş hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin artırılması barədə ərizə təmin edilmədiyindən həmin ərizə üzrə iddiaçı tərəfindən ödənilmiş 303,8 manat dövlət rüsumunun 297,93 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, 5,87 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Eyni zamanda 50 manat mühasibatlıq ekspertizasının xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx"ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı Kredit müqaviləsi ləğv edilmiş hesab edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 38 596,60 manat əsas borc, 30 713,80 manat faiz borcu olmaqla, cəmi 69 310,4 manat məbləğində pul və 297.93 manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı Kredit müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 38 596,60 manat əsas borc, 30 713,80 manat faiz borcu olmaqla, cəmi 69 310,4 (altmış doqquz min üç yüz on manat, qırx qəpik) manat məbləğində pul və 297,93 manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 5,87 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və "xxxx"ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar