Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-404/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 48 944.46 (qırx səkkiz min doqquz yüz qırx dörd manat 46 qəpik) manat -bundan 24 192.40 (iyirmi dörd min yüz doxsan iki manat 40 qəpik) manat əsas, 24 752.06 (iyirmi dörd min yeddi yüz əlli iki manat 06 qəpik) manat faiz borcu borcunun və iş üzrə ödənilmiş 236.84 (iki yüz otuz altı manat, 84 qəpik) AZN dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «Texnikabank” ASC ilə “X5” ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bundan sonra, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 01 sentyabr 2011-ci il tarixli AK-334 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 24 217.92 (iyirmi dörd min iki yüz on yeddi manat, 92 qəpik) AZN məbləğində kredit vermişdir. Kredit Müqaviləsinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, Birgə fəaliyyət haqqındamüqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********729 saylı xx.xx.2023-cü il tarixli, xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********900 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 48 944.46 (qırx səkkiz min doqquz yüz qırx dörd manat 46 qəpik) manat təşkil edir. Bundan 24 192.40 (iyirmi dörd min yüz doxsan iki manat 40 qəpik) manat əsas, 24 752.06 (iyirmi dörd min yeddi yüz əlli iki manat 06 qəpik) manat faiz borcu təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Cavabdeh "xxxx" ASC iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, aşağıdakı səbəblərdən iddia tələbi Akkorda aid hissədə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı iddiasını onunla əsaslandırır ki, Cavabdeh1 İddiaçı ASC-dən 01 sentyabr 2011-ci il tarixli AK-334 sayl kredit müqaviləsi əsasında kredit almışdır, İddiaçı ASC ilə Akord arasında bağlanılmış 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqaviləyə əsasən Akkord zamindir və borc məbləği müştərək qaydada onlardan tutulmalıdır. İddiaçı ASC ilə Akord arasında həqiqətən 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanılmışdır. Bu müqavilənin olması o demək deyil ki, konkret şəxslərə aid zaminlik müqaviləsi olmamalıdır. Bildirilir ki, qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı ASC ilə Akkord arasında Akkordun zamin olmaq istədiyi alıcılarla zaminlik müqaviləsi (zaminlik müqaviləsi əlavə olunur) bağlanılmışdır. Hesab olunur ki, tərəflər 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləni zaminlik müqaviləsi kimi qəbul etmiş olsa idi, onda tərəflər arasında digər şəxslərə aid zaminlik müqavilələri bağlanılmazdı. Digər tərəfdən 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin 2.1 və 2.2 bəndlərində qeyd olunur ki, Akkord ondan mənzil alan alıcılara kredit verilməsi üçün müvafiq sənədlərlə banka müraciət edir və müraciət olunduqdan sonra bank həmin alıcıya öz mülahizəsinə əsasən kredit verə bilər. Göründüyü kimi iddiaçı tərəfindən, Cavabdeh1 kreditin verilməsi barədə Akkord tərəfindən müraciətin olunduğuna dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hesab olunur ki, Akkord 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin 2.1 və 2.2 bəndlərinə əsasən Cavabdeh1 kreditin verilməsi barədə banka müraciət etmədiyi, eləcə də tərəflər arasında Zaminlik müqaviləsi mövcud olmadığı üçün Cavabdeh1 öhdəliklərinə görə bank qarşısında məsuliyyət daşımır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə yazılı mülahizə təqdim edərək bildirmişdir ki, iş üzrə digər cavabdeh "xxxx" ASC bildirmişdir ki, İddiaçı ASC ilə onlar arasında “Birgə fəaliyyət haqqında” müqavilə bağlanılmış olsa da tərəflər arasında Zaminlik müqaviləsi mövcud deyildir. Şirkətin hesab edir ki, ayrıca zaminlik müqaviləsi mövcud olmadığı üçün Cavabdeh1 öhdəliklərinə görə məsuliyyət daşımırlar. Bildirilir ki, İddiaçı ASC ilə "xxxx" ASC arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. “Birgə fəaliyyət haqqında” Müqavilənin 1.1-ci bəndinə əsasən, onun predmetini müqaviləyə görə tərəflər “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün “Şirkət”in inşa etdikləri mənzillərin satışının “Bank” tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. “Birgə fəaliyyət haqqında” Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə mənzil satışının həyata keçirilməsi üzrə tərəflərin birgə fəaliyyətinin əsaslarını, onların hüquq və vəzifələrini, habelə mülki-hüquqi məsuliyyətini müəyyən edir. İddiaçı hesab edir ki, İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış “Birgə fəaliyyət haqqında” Müqavilə qarışıq müqavilədir. Tərəflər qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqaviləsinin ünsürləri əhatə olunmuşdur. Sözügedən müqavilədən göründüyü kimi, Müqavilə yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Belə ki, “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbardar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Həmçinin, Şirkət “Birgə fəaliyyət haqqında” müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlanmışdır. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur və bu zaman bank krediti ən çoxu 20 il müddətinə qədər və kreditin illik istifadə dərəcəsinin 12 faizdən çox olmamaqla verir. Müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür. Müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrülüyünü ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur.”Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Müqavilənin 2.14-cü bəndinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir. AR MM 390-cı maddəsinə əsasən, Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Bank digər tikinti şirkətləri ilə də eyni növlü müqavilələr bağlamışdır və heç birində ayrıca zaminlik müqaviləsi bağlanmamışdır. Həmin şirkətlərə qarşı da bankın iddiaları məhkəmələrdə təmin edilir. Göründüyü kimi, Bank müqaviləni bağlayan zaman qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Tərəfin könüllü olaraq müqavilə şərtləri ilə razılaşması, onu imzalaması, lakın məhkəmənin müqavilədə nəzərdə tutulmuş, tərəflərin iradə ifadəsini əks etdirən halları nəzərə almaması qanunvericiliyin ruhuna ziddir. Əgər müqaviləyə əlavə edilmiş müddəalar gələcəkdə tətbiq olunmayacaqdırsa, onların müqaviləyə daxil edilməsinin heç bir mənası da olmazdı. Bank məhz müqavilənin bu müddəalarına əsaslanaraq "xxxx" ASC-nin tikdiyi mənzillərin kreditləşməsini həyata keçirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş etiraz əsassız olduğundan, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X3 iddia ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında verilmiş iddianı əsas borc hissəsində qəbul etdiyini, banka olan borcunu qrafik əsasında hisssə-hissə ödəyə biləcəyini bildirmişdir. Digər cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 01 sentyabr 2011-ci il tarixli AK-334 saylı Kredit müqaviləsinə əsasən Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 239 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 24 217.92 manat məbləğində kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Abşeron ray, Xırdalan qəs, Sumqayıt şos.7-ci km., bina 1, 50 blok, 38 saylı, ümumi yaşayış sahəsi 45.5 kv.m olan, 1 otaqdan ibarət mənzilin alınmasına verilir. - 01 sentyabr 2011-ci il tarixli AK-334 saylı kredit müqaviləsinə əlavədən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixdən xx.xx.2031-ci il tarixədək hər ay 266,93 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə tərəflər “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün “Şirkət”in inşa etdikləri mənzillərin satışının “Bank” tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə mənzil satışının həyata keçirilməsi üzrə tərəflərin birgə fəaliyyətinin əsaslarını, onların hüquq və vəzifələrini, habelə mülki-hüquqi məsuliyyətini müəyyən edir. - xx.xx.2015-ci il tarixdə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “birgə fəaliyyət haqqında” müqaviləyə 1 saylı Əlavənin məzmunundan görünür ki, tərəflər müqavilənin 2.12-ci bəndinin 1-ci cümləsini “Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti" məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 (otuz) iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank” ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətin” bankda olan hesabından, ona xəbərdarlıq etməklə, silir” redaksiyada verilməsi barədə razılığa gəlmişlər. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh1 gecikdirilmiş 30035,88 manat pulu 3 gün ərzində ödəməyəcəyi təqdirdə, kredit müqaviləsinin ləğv olunacağı, əsas və faiz borcunun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - ləğv prosesində olan İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunur ki, bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Qeyd olunanları nəzərə alaraq, 01 sentyabr 2011-ci il tarixli AK-334 saylı Kredit müqaviləsi üzrə 30035,88 manat gecikmiş borc məbləğinin 3 gün müddətində banka ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 01 sentyabr 2011-ci il tarixli AK-334 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 24 192.40 manat əsas; 24 752.06 manat faiz; cəmi 48 944.46 manat məbləğində borcu yaranmışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli 9/437 №-li ekspert rəyinə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2010, xx.xx.2010-cu il tarixli zaminlik müqavilələri, ödəniş qrafiki, iddia ərizəsində göstərilənlərə əsasən Cavabdeh1 Həsər oğlunun xx.xx.2011-ci il tarixli, AK-334 saylı kredit müqaviləsi üzrə ‘‘Texnikabank" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə (pretenziya məktubunun tarixinə 50.536,69 AZN: - əsas borc üzrə: 24 192,41 AZN, - faiz borcu üzrə: 26 344,28 AZN. xx.xx.2023-cü il tarixə (iddia tarixinə) 51.060,86 AZN: - əsas borc üzrə: 24.192.41 AZN, - faiz borcu üzrə: 26.868,45 AZN. xx.xx.2024-cü il tarixə (ekspert rəyinin tarixinə) 52.851,10 AZN: - əsas borc üzrə: 24 192,41 AZN, - faiz borcu üzrə: 28,658,69 AZN. - Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2024-cü il tarixli 9/5130 №-li ekspert rəyinə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, eyni zamanda tərəfindən əlavə təqdim edilmiş kassa mədaxil qəbzləri, xx.xx.2010, xx.xx.2010-cu il tarixli zaminlik müqavilələri, ödəniş qrafiki və digər sənədlərə əsasən Cavabdeh1 xx.xx.2011-ci İf tarixli, AK-334 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə olan borcu ekspert qarşısında qoyulmuş suallar üzrə aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə (pretenziya məktubunun tarixinə) - əsas borc üzrə: 24.192.41 AZN, - faiz borcu üzrə: 24.852,34 AZN. xx.xx.2023-cü il tarixə (iddia tarixinə) - əsas borc üzrə: 24.192.41 AZN, - faiz borcu üzrə: 25.376,51 AZN. xx.xx.2024-cü il tarixə (ekspert rəyinin tarixinə) 52.851,10 AZN: - əsas borc üzrə: 24.192.41 AZN, - faiz borcu üzrə: 28.069,93 AZN. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər mülki qanunvericiliyin müqavilələr azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsiplərindən çıxış etməklə sərbəst iradələrini aralarında mülki müqavilə bağlayaraq ifadə etmişlər. Bu müqavilənin bağlanması ilə tərəflər nisbi mülki hüquq münasibətlərinə daxil olmuşlar. Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 01 sentyabr 2011-ci il tarixli AK-334 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 239 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 24 217.92 manat məbləğində kredit vermişdir. Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin (mənzilin) alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 05 mart 2010-cu il tarixli zaminlik (birgə fəaliyyət haqqında) müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan İddiaçı ASC müqavilə üzrə öz öhdəliklərini lazımınca yerinə yetirmiş, lakin borcalan Cavabdeh1 öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqavilə üzrə ödənişləri vaxtında ödəməmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2024-cü il tarixli 9/5130 №-li ekspert rəyinə əsasən, xx.xx.2023-cü il tarixə (pretenziya məktubunun tarixinə) - əsas borc üzrə: 24.192.41 AZN, faiz borcu üzrə: 24.852,34 AZN təşkil edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2011-ci il tarixli AK-334 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə "xxxx" ASC-yə münasibətdə iddia tələbləri və ASC-nin iddiaya qarşı etirazları ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, borcalan Cavabdeh1 kreditor İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərin icrasına təminat olaraq "xxxx" ASC və İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, “Şirkət” mənzil almaq istəyən və ya almış alıcını “Bank”a göndərir və “Bank” ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır. Həmin sənədlər tam və düzgün olduğu halda “Bank” öz mülahizəsinə əsasən alıcı ilə kredit müqaviləsi bağlaya bilər. Cavabdeh "xxxx" ASC müqavilənin bu bəndinə istinad edərək iddia tələbinə etirazını bildirmiş, Cavabdeh1 kreditin verilməsi barədə Şirkət tərəfindən Banka müraciət olunmadığını, eyni zamanda tərəflər arasında Zaminlik müqaviləsi mövcud olmadığına görə Cavabdeh1 öhdəliklərinə görə Bank qarşısında məsuliyyət daşımadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018ci il tarixli Qərarında qeyd olunur ki, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Belə ki, həmin zaminlik müqaviləsinin 2.12-ci maddəsinə (1-ci cümləsi xx.xx.2015-ci il tarixdə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “birgə fəaliyyət haqqında” müqaviləyə 1 saylı Əlavəyə əsasən redaksiya olunmuşdur) əsasən, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti" məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 (otuz) iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank” ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətin” bankda olan hesabından, ona xəbərdarlıq etməklə silinməsi barədə tərəflər razılığa gəlmişlər. Bu halda Şirkət borcalanın Bank qarşısında icra edilməmiş öhdəliyi üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Göründüyü kimi, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Sözügedən 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilə yazılı şəkildə bağlanmışdır və orada (2.12-ci bəndində) zaminin öhdəlikləri qeyd olunmuş, "xxxx" ASC bu müqavilənin müvafiq bəndinə razılığını bildirmiş və bu bənddə nəzərdə tutulmuş öhdəliyi öz üzərinə götürmüşdür. İş materiallarından aydın olur ki, İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair Cavabdeh1 xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin zaminə, yəni "xxxx" ASC-yə münasibətdə təmin edilməsi üçün qanuni əsasların olduğu qənaətinə gəlir və hesab edir ki, iddia tələbləri bu hissədə də təmin edilməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun tutulması hissəsində isə əsas və faiz borcun miqdarını ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia ərizəsində qeyd edilən əsas və faiz borc məbləğləri cavabdehdən tutulmalıdır. Belə ki, verilmiş ekspert rəylərində əsas borc məbləği iddia tələbində tələb olunan məbləğlə eyni olsa da, faiz borc məbləği iddia tələbində qeyd edilən məbləğdən artıqdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın iddia tələblərini artırmadığını nəzərə alaraq iddia tələbində qeyd edilən əsas və faiz borc məbləğinin cavabdehlərdən tutulmasını qanuni hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 01 sentyabr 2011-ci il tarixli AK-334 saylı kredit müqaviləsinə əsasən 24 192.40 manat əsas; 24 752.06 manat faiz; cəmi 48 944.46 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 236.84 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 01 sentyabr 2011-ci il tarixli AK-334 saylı kredit müqaviləsinə əsasən 24 192.40 manat əsas; 24 752.06 manat faiz; cəmi 48 944.46 (qırx səkkiz min doqquz yüz qırx dörd manat, qırx altı qəpik) manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 236.84 (iki yüz otuz altı manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-404/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-404/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver