Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4066/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi X1, İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi və vəkili X3, Cavabdeh2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı söhbətgahların quraşdırılmasına maneəçilik törədilməsinin qadağan edilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, söhbətgahların tikilməsinə maneəçilik törədən sakinlərin hərəkətlərinin qanunsuz hesab edilərək, cavabdehlərə söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə hər hansı maneə törədilməsinin qadağan edilməsi və bu qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi ziyana görə cavabdehlərin hər birindən 100 manat məbləğində pulun tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, söhbətgahların tikilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə maneəçilik törədən sakinlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, gələcəkdə həmin şəxslərə söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə hər hansı maneə törədilməsinin qadağan edilməsi və bu qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi ziyana görə cavabdehlərin hər birindən 100 manat məbləğində pulun tutularaq İddiaçı MMMC-yə ödənilməsi barəsində və cavabdehlərin binada olan elektrik şitlərinə, elektrik qutularına, elektrik xətlərinə, elektrik avtomatlarına və digər elektrik təsərrüfat obyektlərinə özbaşına müdaxiləsinin əsassız və qanunsuz hesab edilməsi və bu cür hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı çoxmənzilli yaşayış binasının sakinləri tərəfindən yaradılmış qeyri-kommersiya qurumudur. Qanunvericiliyin tələbinə əsasən inşası başa çatmış bütün yaşayış binalarının idarə edilməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. Bu tələbə əsasən binanın sakinləri tərəfindən İddiaçı MMMC yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. Digər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərində olduğu kimi İddiaçı MMMC-nin yaradılmasının məqsədi aşağıdakı işlərin görülməsindən ibarətdir: 1. Çoxmənzilli binanın və onun ümumi əmlakının idarə edilməsi və saxlanması;
2. Bina sakinlərinə lazımi kommunal xidmətlərin təşkil edilməsi; 3. Binanın həyətinin abadlaşdırılması və ümumi istifadədə olan ərazilərin təmizlənməsi; 4. Binanın cari təmiri,elektrik, qaz, su, kanalizasiya xətlərinə xidmət göstərilməsi, onların təmiri və saz vəziyyətdə saxlanması; 5. Binada olan liftlərə lisenziyası olan təşkilatlar vasitəsilə qulluq edilməsi və onların saz vəziyyətdə saxlanması; 6. Binanı 24 saat su ilə təmin edən su anbarı və su nasoslarının təmir edilməsi və saz vəziyyətdə saxlanması; 7. Pilləkən meydançaları, pilləkənlər, həyətin işiqlandırılması, liftlərin və su nasosların işlədilməsi üçün istehlak olunan elektrik enerjisi haqqının ödənilməsi; 8. Məişət tullantılarının müvafiq təşkilatla bağlanmış müqavilə əsasında daşınması; 9. Qəza vəziyyətlərində istifadə olunan elektrik generatorunun saz vəziyyətdə saxlanması və dizel yanacağı ilə təmin edilməsi; 10. 6/04 kvt-luq yarımstansiyadan binanın zirzəmisinə elektrik təchizatı üçün 3200 metr uzunluğunda çəkilmiş alüminium kabellər, mənzillərin elektrik təchizatı üçün bloklarda mərtəbəarası elektrik qutulara (şitlərə) 5200 metr uzunluğunda çəkilmiş mis birdamarlı naqil xəttləri, mərtəbələrarası quraşdırılmış paylayıcı şitlərdən hər mənzilə çəkilmiş 6-10 kvmm-lik mis naqillərin, sayğacların saz vəziyyətdə saxlanılması. İddiaçı MMMC yaradıldıqdan sonra bina sakinləri arasında aparılmış sorğulardan onların binada görülməsini arzu etdikləri işlərdən birinin də binanın həyətinin abadlaşdırılması, yaşıllaşdırılması, həyətdə böyüklərin və uşaqların oturub dincəlməsi üçün söhbətgahların qurulması və uşaq bağçasının yaradılmasından ibarət olduğu müəyyən edilmişdir. Bu məqsədlə İddiaçı MMMC tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı hazırlanmış, əvvəlcədən aidiyyatı dövlət orqanlarına bu söhbətgahların qurulması üçün icazə alınması məqsədilə yazılı müraciətlər edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli məktubla Nəsimi rayon Polis İdarəsinə edilmiş müraciətə xx.xx.2023-cü il tarixli, № 3-13- 51-4/1-1779/2023 nömrəli məktubla cavab verilərək bunun üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunması bildirilmişdir. Bundan sonra tərəflərindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xx.xx.2023-cü il tarixli, 39 nömrəli məktubla müraciət olunaraq həyata keçirmək istədikləri abadlıq işləri üçün icazə almalı olubolmadıqları soruşulmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35-1/2-1166/2023 saylı məktubu ilə onların müraciətlərinə cavab olaraq bildirilmişdir ki, binanın həyətində söhbətgah quraşdırılması üçün icazə tələb olunmur. Yaşayış binasının bəzi sakinləri söhbətgahların tikilməsinə maneə törədirlər. Onlar söhbətgahların tikintisi ilə məşğul olan ustalara hədə-qorxu gəlirlər, ustaları təhqir edirlər, onların işinə maneə olurlar, ustaların işləməsinə imkan vermirlər, ustalardan işlərin dayandırmasını tələb edərək görülən abadlıq işlərinə maneəçilik edirlər. Həmçinin uşaq bağçasına daxil olub, qanunsuz hərəkətlər etməklə bağçanın ümumi iş ahəngini də ciddi şəkildə pozurlar. Hazırda həmin şəxslər qanunsuz hərəkətlərinə davam edirlər. Həmin şəxslər bina sakinlərinin ümumi yığıncağı tərəfindən səs çoxluğu ilə yaradılmış və yalnız bina sakinlərinin rahatlığı üçün çalışan İddiaçı MMMC-nin fəaliyyətini davamlı olaraq sobataj edən, binanın saxlanması üçün qanunvericiliyin tələblərinə əsasən ödəməli olduqları kommunal xidmət haqları ödənişlərini qərəzli və davamlı olaraq ödəməyən, hətta buna görə məhkəmələr tərəfindən barələrində çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamələrini qəsdən icra etməyən bir neçə şəxslərdir. Cavabdehlər onların nə etmələrindən asılı olmayaraq həmişə hər şeydən narazıdırlar, baxmayaraq ki, qanunla üzərlərinə düşən vəzifələrini qərəzli olaraq yerinə yetirməkdən imtina edirlər. Onların hərəkətləri qanuna ziddir və bina sakinlərinin tam əksəriyyətinin hüquqlarının pozulmasına yönəlmişdir. Cavabdeh2 məhkəməyə işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, mübahisəli ərazi Bakı şəhəri, Nəsimi rayonu, Xocalı prospekti 38 ünvanında yerləşir. Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki mülki iş müstəsna aidiyyətlə bağlı olduğu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməlidir. Göstərilənləri nəzərə alaraq vəsatətinin təmin olunmasını və hazırki mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi X2, vəsatətə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi və vəkili X5, işə Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğunu, vəsatətin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil vəsatətin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin məzmununu və iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, ilkin iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Xocalı prospekti 38 ünvanında söhbətgahların tikilməsinə maneə törədən sakinlərin hərəkətlərinin qanunsuz hesab edilərək, cavabdehlərə söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə hər hansı maneə törədilməsinin qadağan edilməsi və bu qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi ziyana görə cavabdehlərin hər birindən 100 manat məbləğində pulun tutularaq İddiaçı MMMC-yə ödənilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən isə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı bəzi mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərar). Məhkəmə hesab edir ki, hazırki tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aid olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və mülki iş daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən isə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Göründüyü kimi, hazırki iddia tələbi çoxmənzilli binanın ümumi əmlakına sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı söhbətgahların quraşdırılmasına maneəçilik törədilməsinin qadağan edilməsi və s. tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 40, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı söhbətgahların quraşdırılmasına maneəçilik törədilməsinin qadağan edilməsi və s. tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər.
Hakim Nərgiz Tağıyeva