Məhkəmə qərarları › İş №e-2(005)-411/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-411/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-411/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8503.75 AZN əsas, 1649.70 AZN faiz, cəmi 10153.45 AZN məbləğində vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK1591843A115 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 25.9 faiz dərəcəsi ilə 8697.57 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 16 09.2020-ci il tarixə İddiaçı ASC-nə 8503.75 AZN əsas; 1649.70 AZN faiz; cəmi 10153.45 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iştirakı olmadan işə baxılmasını, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh bildirmişdir ki, banka olan borcunu qəbul edir, lakin ona borcunu ödəmək üçün vaxt lazım olduğunu, eləcə də kredit borcunun hissə-hissə ödənilməsi üçün kreditor tərəfindən ona imkan yaradılmasını xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli Cavabdeh “İddiaçı" ASC-yə ünvanlandığı ərizənin surətindən görünür ki, ərizəçi gündəlik tələbat məqsədləri üçün 8697.57 (səkkiz min altı yüz doxsan yeddi manat, əlli yeddi qəpik) manat məbləğində, 48 qırx səkkiz ay müddətinə nağd pul kreditinin verilməsi, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəyəcəyini, bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyini bildirmişdir; Cavabdeh ilə "İddiaçı" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK1591843A115 saylı kredit müqaviləsinin surətinə əsasən Cavabdeh 48 ay müddətinə illik 25,9% ödəmək şərti ilə 8697,57 manat məbləğində kredit verməyi, Cavabdeh isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, 8697,57 manat (səkkiz min altı yüz doxsan yeddi manat, əlli yeddi qəpik) məbləğində pul vəsaiti "İddiaçı" ASC tərəfindən Cavabdeh verilmişdir; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK1591843A115 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 292,77 manat, sonuncu ay xx.xx.2023-cü il 302,05 manat ödəməli idi; İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, RGTK1591843A115 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə İddiaçı ASC-yə 8503.75 AZN əsas, 1649.70 AZN faiz, cəmi 10153.45 AZN məbləğində borcu var; İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən qeyd olunan borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir; xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən qaldırılmış iddia üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK1591843A115 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh oğluna tələbat məqsədi ilə 48 ay müddətinə 8697,57 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı “İddiaçı" ASC Cavabdeh xx.xx.2019-cu il tarixli, RGTK1591843A115 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə banka 8503.75 AZN əsas, 1649.70 AZN faiz, cəmi 10153.45 AZN məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin pul öhdəliyi manatla ifadə edilməlidir müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin ödəniş müddəti çatanadək müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn öhdəliyin əmələ gəldiyi vaxt müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh 8503,75 manat məbləğində əsas borc, 1649.70 AZN faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, RGTK1591843A115 saylı kredit müqaviləsi üzrə 8503.75 AZN əsas, 1649.70 AZN faiz, cəmi 10153.45 AZN məbləğində kredit borcu və habelə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK1591843A115 saylı kredit müqaviləsi üzrə Cavabdeh 8503.75 (səkkiz min üç manat, yetmiş beş qəpik) AZN əsas, 1649.70 (bir min altı yüz qırx doqquz manat, yetmiş qəpik) AZN faiz, cəmi 10153.45 (on min yüz əlli üç manat, qırx beş qəpik) AZN manatın, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar