Məhkəmə qərarları › İş №e-2(005)-415/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-415/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-415/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 Südeib oğluna qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cil tarixdə 9 saylı notariat ofisində bağlanmış müqaviləyə əsasən Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “AB” massivində inşa edilən çoxmərtəbəli yeni tikilinin 14-cü mərtəbəsindəki 153 saylı, 3 otaqlı, 117 kv.m olan mənzil üçün əlavə olaraq ödənilmiş 10.000 manat pulun və 8.800 manat yarımcıq qalmış mənzilin tamamlanması üçün xərclərin, cəmi 18.800 manat dəymiş maddi ziyanın müştərək qaydada Cavabdeh1 MTK-dan və direktoru Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən onun xeyrinə 23 fevral 2022-ci il tarixdə 9 saylı notariat kontorunda bağlanmış müqaviləyə əsasən Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “AB” massivində inşa edilən çoxmərtəbəli yeni tikilinin 14-cü mərtəbəsindəki 153 saylı, 3 otaqlı, 117 kv.m olan mənzil üçün əlavə olaraq ödənilmiş 10.000 manat pulun və 8.800 manat yarımçıq qalmış mənzilin tamamlanması üçün xərclərin, 500 manat su hovuzu üçün ödənilən ödəniş, 300 manat qaz və su boruları və motorlara ödənilmiş məbləği, 200 manat həyətin abadlaşması və asfalt çəkilişi, 8500 manat 17 kv.m əskik olan mənzilin hissəsi üçün olmaqla, cəmi 28300 manat pulun müştərək qaydada Cavabdeh1 MTK və direktoru Cavabdeh2 tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenidən ərizə verərək Cavabdeh3 Südeib oğlunun da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra yenidən iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, əlavə olaraq, mənəvi zərərə görə 6000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MTK, direktoru Cavabdeh2 və Cavabdeh3 Südeib oğludan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Cavabdeh2 və Kərimov X6 rayonu Yeni Günəşli qəsəbəsi “AB” massivində inşa edilən çoxmərtəbəli yeni tikili olan binada bir mənzili bir neçə şəxsə sataraq cinayət əməli törətmişlər. Onlar bu cinayət əməllərini etiraf etmişlər. Bu cinayətkar qrupun törətdiyi cinayətdən zərər çəkmişlərdən biri də odur. Belə ki, 25 may 2022-ci il tarixdə həmin problemli binanın 14 mərtəbəsindən 153 saylı, 3 otaqlı, 117 kv.m mənzili 60.000 manat ödəyərək almışdır. Həmin vaxt binanın 2021-ci ilin sentyabrında təhvil veriləcəyi deyilmişdir. Lakin sonradan məlum olmuşdur ki, bu cinayətkar qrup həmin mənzili X1. Sonradan Mirdaməd müəllimin evi satmaq istədiyindən istifadə edərək ondan aldığı puldan 17.000 manatı Taley Mirdamədə ödəyərək 43.000 manatı mənimsəmişdir. Bütün bu məsələlər aşkar olunanda cinayət işi açılmamış Sənan adlı şəxs onun Taley və Mirdaməd müəllimin nümayəndəsi Səfquliyev Heydərin iştirakı ilə 33.000 manatı Taleydən sonra borc olaraq geri almaq şərti ilə Heydər müəllimə onun mənzilinin təmizlənməsi üçün vermişdir. Qalıq olan 10.000 manatı isə evin pulundan əlavə olaraq o ödəniş etməli olub. Bundan sonra Mirdaməd müəllim 23 fevral 2022-ci il tarixdə 9 saylı notariat kontoruna gələrək 10.000 manat aldıqdan sonra mənzillə bağlı bütün səlahiyyətləri ona verərək mənzildən imtina ərizəsi yazmışdır. Hal-hazırda da bina sakinlərin maddi hesabına qalmış olan işlər yekunlaşdırılır. Bunun üçün də hər sakindən 1 kv.m 20 manat pul vəsaiti yığılıb. Mənzili 117 kv.m olduğuna görə 2400 manat bundan əlavə müqavilədə yazılsa da mənzilin içi suvaq olunmuş, qapı və pəncərələri qoyulmuş halda təhvil veriləcək, bunlar da sakinlərin öz hesabına olunacaq. Bunlar üçün də 2600 manat pəncərələr, 3000 manat suvaq və 800 manat qapıya ödəniləcək. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, bina 2022-ci ilin sentyabr ayında təhvil verilməli idi. Binada işlər zəif gedirdi, daha sonra sakinlər mənzillərin bir neçə şəxsə satıldığını öyrəndilər. Qonşulardan ibraət qrupda hamı maliyyə arayışı və müqaviləsini göndərmişdir, həmin vaxt ona satılmış mənzilə dair başqa müqavilə olduğunu görmüşdür. Mənzil ondan əvvəl başqasına satılmışdır. MTK rəhbərlərinin ikisi də həbs olunmuşdur. Mənzili alan Mirdaməd adlı digər şəxs, MTK-dan aldığı mənzili qaytarmaq istədiyini və 10000 manat ödədikdən sonra mənzildən imtina edəcəyini bildirmişdir. O da həmin pulu MTK rəhbərinin yanında Mirdaməd adlı şəxsə ödəmişdir. Daha sonra notariusa getmişlər və həmin şəxs mənzildən imtina etmişdir. Həmin ərəfədə MTK rəhbərləri tutulduğundan, bina yarımçıq qalmış, işlər 9-cu mərtəbədə dayanmışdı. Bundan sonra qonşularla pul yığaraq, öz hesablarına tikintini bitirmişlər. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - “Satıcı” Cavabdeh1 MTK-nın direktoru Cavabdeh2 ilə “alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, "Kooperativ" “Payçı"dan qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu Müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.m 500 manat olmaqla, "Kooperativ" tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B" yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 14-cü mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici mühəccərinin daxili tərəfi hesablanmaqla) 117 kv.m. olan, 3 otaqlı, 153 saylı yaşayış mənzilini "Payçı”nın mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. "Рayçı"nın pay şəkilində qoyacağı pul vəsaiti 58500,00 manat, 00 qəpik təşkil edir. Bu Müqavilənin 1.1-ci bəndində göstərilən mənzilin ümumi sahəsi həmin mənzilin kənar (fasad və qonşuluq) divarlarından hesablanır. Müqavilənin 3.3-cü bəndinə əsasən "Bina" və “Mənzil"in tikinti işləri başa çatdıqdan sonra "Kooperativ" aşağıda göstərilən texniki vəziyyətdə "Bina"nı və “Mənzil"i təhvil verir: "Bina"da liftlər quraşdırılmış, "Mənzil"in və "Bina"nın ümumi tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq başa çatdırılmış, "Bina" ətrafinda abadlıq işləri tam başa çatdırılmış, Tikintinin xarici tərtibat və daxili arakəsmələr işləri görülmüş, “Mənzil"in girişinə seyf qapısı qoyulmuş, "Mənzil"in divarları suvaq edilmiş, “Mənzil"də PVC tipli metaloplastik pəncərələr quraşdırılmış və şüşələnmiş, "Mənzil"ə (girişə qədər) kommunikasiya xərcləri çəkilmiş, "Bina" və “Mənzil”də mərkəzləşdirilmiş daimi soyuq su sistemi quraşdırılmış, "Bina" və "Mənzil"də mərkəzləşdirilmiş daimi peyk, yerli kanallar, internet sistemi quraşdırılmış, "Mənzil"də bütün sayğaclar quraşdırılmış (sayğaclar quraşdırma xərcləri müqavilədə göstərilən məbləğə daxil deyil və «Payçı»tərəfindən əlavə olaraq ödənilməlidir) halda; - Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivində yerləşən yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 117.0 kv.m olan 3 otaqlı 153 saylı mənzilin pay dəyəri, "Payçı" İddiaçı, 58500 manata ilk və son olaraq alınmışdır. Ödənilən məbləğ 58500 manata oldu. MTK-ya borcu qalmamışdır. Komunal xərclərlə, sayğaclarla bağlı rüsumlar ödənilmişdir; - “Satıcı” "xxxx" İnşaat MTK-nın direktoru Cavabdeh2 ilə “alıcı” X5 arasında bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, "Kooperativ" “Payçı"dan qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu Müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.m 1000 manat olmaqla, "Kooperativ" tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B" yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 14-cü mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici mühəccərinin daxili tərəfi hesablanmaqla) 117 kv.m. olan, 3 otaqlı yaşayış mənzilini "Payçı”nın mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. "Рayçı"nın pay şəkilində qoyacağı pul vəsaiti 117000 manat təşkil edir. Bu Müqavilənin 1.1-ci bəndində göstərilən mənzilin ümumi sahəsi həmin mənzilin kənar (fasad və qonşuluq) divarlarından hesablanır; - Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivində yerləşən yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 117.0 kv.m olan 3 otaqlı 153 saylı mənzilin pay dəyəri, "Payçı" X5 tərəfindən 72900 manat məbləğinə alınmışdır. Qeyd edilən məbləğ tam ödənilmişdir. MTK-ya borcu qalmamışdır. Komunal xərclərlə, sayğaclarla bağlı rüsumlar ödənilmişdir; - X5 tərəfindən Cavabdeh1 MTK-ya ünvanlanmış və notarial qaydada təsdiq edilmiş 23 fevral 2022-ci il tarixli ərizənin surətindən görünür ki, ona məxsus olan paya münasib verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli "A-B" massivində yerləşən "Sahil-S İnşaat” MTK-da 14-cü mərtəbədə 117 kv.m olan 3 otaqlı 153 saylı mənzildən və həmin cəmiyyətdə olan paydan İddiaçı xeyrinə imtina edir. Əvəzinə həmin paya münasib İddiaçı ilə müqavilə bağlanmasına, ona tam ödəniş barədə maliyyə arayışı verilməsinə və gələcəkdə göstərilən mənzilin həmin şəxs tərəfindən özəlləşdirərək satılmasına etiraz etmir. Həmin əmlakla bağlı heç bir məhkəmə mübahisəsi yoxdur. Gələcəkdə bununla bağlı məhkəmə və digər orqanlarda iddia qaldırmayacaq. Həmin mənzilə dair bağlanmış müqavilənin ləğv edilməsinə dair saziş bağlanmasını xahiş etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1708 saylı ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "A-В" massivində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 153 saylı mənzilin ümumi sahəsinin 94,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59cu bəndinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-nın tələbləri nəzərə alınmadıqda, yəni balkonlara müvafiq azaltma əmsalları tətbiq olunmadıqda sözügedən mənzilin faktiki sahəsinin 100,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "A-B" massivində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 153 saylı mənzilin divararının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə, eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.1 və 1.3-cü bəndlərinə uyğun olaraq, mənzilin xarici məhəccərinin daxili tərəfi və mənzilin kənar (fasad və qonşuluq) divarlarından hesablanmaqla ümumi sahəsinin 117,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir; - Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktının surətindən görünür ki, aparılmış istintaq nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" MTK-nın müvafiq binasında mənzil almaq üçün müraciət etmiş 50 nəfər şəxsə məxsus ümumilikdə 2.401.825 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı törətmişdir. Həmçinin aparılmış istintaq nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh3 "xxxx" MTK-nın müvafiq binasında mənzil almaq üçün müraciət etmiş 43 nəfər şəxsə məxsus ümumilikdə 1.971.005 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə aldatma və etibardan sui-istifadə etmə, yolu ilə vahid niyyətlə ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, 4 nəfər şəxsə məxsus 30.000 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan ola mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı törətmişdir; - Su sayğaclarının qəbulu barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "A-B" massivi 20A ünvanında yerləşən binaya quraşdırılmış su sayğacları abonentin iştirakı ilə komissiya tərəfindən texniki şərtlərə uyğun olaraq, qəbul edilib, istismara buraxılışdır; - "xxxx" ASC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "A-B" massivində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən bina sakinləri İddiaçı və digərlərinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki,qeyd edilən yaşayış binasında yerləşən mənzillərin qeydiyyata alınaraq, hesablaşma sayğaclarının quraşdırılması qısa müddət ərzində icra ediləcəyi bildirilmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmiş ki, iddiaçının qonşusu olmuşdur. O zaman qrup yaratmışdılar. Həmin binada 109 saylı mənzil onundur. Onlar alan zaman bina 9-cu mərtəbədə yarım qalmışdı. Əslində 15 mərtəbəli bina olmalı idi. Hazırda cinayət işi davam edir. O zərərçəkmiş şəxs qismində tanınmışdır. Əvvəl ona 3cü mərtəbədə mənzil satılmışdı. Lakin sonra məlum oldu ki, həmin mənzili başqa şəxsə də satmışlar. Bina yarım qaldığı üçün hər mülkiyyətçidən 2500 manat 9-cu mərtəbədən yuxarı mərtəbələrin tikintisi üçün, 2500 manat qapı pəncərə üçün (bu ödənişlər hər mənzil üçün fərqli idi), 2500 manat binanın tamamlanması üçün yığılmışdı. Suvaq vurulması, lift quraşdırılması, su hovuzunun inşası, həyətin abadlaşdırılması və s. işlər görülmüşdür. Həyətin abadlaşdırılması üçün 150 manat, hovuzun inşası üçün hər mənzil 500 manat ödəniş etmişdir. Bir iki sakin istisna olmaqla, 130-140 sakin ödəniş etdilər. 25000 manat binanın elektrik xəttinə verildi. Qaz borularının çəkilməsi və usta xərcinə görə 20000- 30000 manat xərc çəkilmişdir. 157000 manat liftlər üçün xərc çəkilmişdir. İşıqların tam quraşdırılması, avadanlıqlar üçün 160000 manat verilməli idi. O da dövlətin göstərişi ilə təmənnasız olmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu. Yeni günəşli "A-B" massivində "Sahil-S İnşaat” MTK tərəfindən inşa edilmiş binanın 14-cü mərtəbəsində yerləşən 117 kv.m olan 3 otaqlı 153 saylı mənzilə dair "Sahil-S İnşaat” MTK ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixində podrat müqaviləsi bağlanmışdır. Sözügedən mənzil daha əvvəlki tarixə aid müqavilə ilə X3 da satılmışdır. Mübahisəli mənzilin iddiaçıya satılmasını öyrəndikdən sonra sonuncu 2022-ci ildə müqavilə üzrə ödədiyi pulun bir qismini MTK-dan, qalan 10000 manatı isə iddiaçıdan almışdır. Daha sonra üçüncü şəxs qismində cəlb edilmiş Seyidov Mirdamət notarial qaydada rəsmiləşdirilmiş ərizə ilə mübahisə predmeti olan mənzilə və pay hüququna münasibətdə iddiaçının xeyrinə imtina etdiyini bildirmişdir. Binanı inşa edən cavabdehlərin Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi açılmışdır. Binanın tikintisi başa çatdırılmamış, 9-cu mərtəbəyə çatdıqda iş dayandırılmış, sonradan sakinlərin vəsaiti hesabına müəyyən tikinti və tamamlama işləri aparılmışdır. Hazırda iddiaçı binanın yarımçıq inşasına, başqa şəxsə satılmasına görə ziyana düşdüyünə, mənzilin sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olmasına istinad edərək, vurulmuş maddi və mənəvi zərərin cavabdehlərdən tutularaq, ona ödənilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə üçüncü şəxsə ödənilmiş 10000 manat məbləğində zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, iddiaçı tərəfindən üçüncü şəxsə 10.000 manat məbləğində pul vəsaitinin ödənilməsi məhz cavabdehlərin hüquqa zidd hərəkətlərinin birbaşa nəticəsi olmuşdur. İş materiallarından görünür ki, eyni mənzilin bir neçə şəxsə satılması faktı istintaq materialları ilə təsdiq edilmiş, həmin hal cavabdehlərin qanunsuz davranışının mövcudluğunu göstərmişdir. İddiaçı mənzil üzərində hüquqlarını faktiki həyata keçirə bilməsi və əvvəlki alıcı ilə mübahisəni aradan qaldırması üçün həmin şəxsə 10.000 manat ödəməyə məcbur qalmışdır. Bu ödəniş könüllü xarakter daşımamış, məhz cavabdehlərin qanunsuz və təqsirli davranışları nəticəsində yaranmış hüquqi vəziyyəti aradan qaldırmaq məqsədi ilə edilmiş zəruri xərc olmuşdur. Beləliklə, göstərilən məbləğ mülki qanunvericiliyin tələbləri baxımındab real zərər hesab edilir və həmin zərərlə cavabdehlərin hərəkətləri arasında birbaşa səbəbli əlaqə mövcuddur. Məhkəmə hesab edir ki, iş materiallarında olan cinayət işi üzrə ittiham aktı ilə də təsdiq olunduğu kimi, Cavabdeh3 sözügedən hüquq münasibətləri ilə bağlı təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş və digər cavabdeh ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməklə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsində iştirak etmişdir. İttiham aktında əks olunmuş faktiki hallar göstərir ki, onların hərəkətləri vahid niyyətə və ümumi məqsədə xidmət etmiş, hüquqa zidd nəticə məhz birgə fəaliyyətlərinin nəticəsində baş vermişdir. Mülki hüquqi məsuliyyət baxımından birgə zərərvurma halında zərərin ödənilməsi vəzifəsi həmin şəxslərin hər biri üçün müştərək xarakter daşıyır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh3 digər cavabdehlə əlbir olaraq hüquqazidd hərəkət etməsi iş materialları ilə təsdiq olunduğundan onun mübahisə predmeti üzrə məsuliyyəti istisna edilə bilməz və o da vurulmuş zərərə görə digər cavabdehlərlə birlikdə mülki-hüquqi qaydada məsuliyyət daşımalıdır. Qeyd olunmalıdır ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Podrat müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi, binanın inşasının başa çatdırılmaması nəticəsində vurulmuş zərərin cavabdehlərdən tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Eyni Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi). Hazırki iş üzrə müqavilə, tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları podrat müqaviləsidir və həmin müqavilə çərçivəsində çıxış edən Cavabdeh1 MTK sifarişçi kimi üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin tikilib ona təhvil verilməsi üçün tələb olunan məbləği tam ödəmiş, MTK isə həmin məbləği qəbul edərək onu bağladığı əqd üzrə sifarişçi kimi tanımışdır. Lakin iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə baxmayaraq, Cavabdeh1 MTK mənzili alıcıya hazır şəkildə təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 451-ci maddəsinə görə, borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. İddiaçı tərəfindən çəkilmiş tikintinin tamamlanması ilə bağlı xərclərə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın görünür ki, mübahisə predmeti olan binanın tikintisi ilkin mərhələdə başa çatdırılmamış, konstruktiv və daxili tamamlama işlərinin bir hissəsi yarımçıq vəziyyətdə qalmışdır. Həmin fotoşəkillər, dövlət qurumunun məktubu, şahid ifadəsi və digər sübutlar binanın istismara yararlı vəziyyətə gətirilməsi üçün sonradan sakinlərin şəxsi vəsaitləri hesabına əlavə tikinti və tamamlama işlərinin aparıldığını təsdiq edir. Şahid ifadəsinə və təqdim edilmiş qəbzlərə əsasən müəyyən edilmişdir ki, bu məqsədlə sakinlərdən müxtəlif məbləğlərdə vəsaitlər toplanmış, o cümlədən iddiaçı tərəfindən binanın tamamlanması işlərinə görə 2500 manat, anbar məqsədi ilə istifadəsi nəzərdə tutulmuş su hovuzunun tikintisi ilə bağlı isə 500 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə binanın vəziyyətini, 9-cu mərtəbədən yarımçıq qalmasını, işıq, qaz, su xətlərinin tamamlanmamasını, lift çəkilməməsini, həyətin abadlaşdırılmağını, hər sakinin binanın tamamlanması üçün təxminən 140 sakinin 2500 manat ödədiyini, buraya liftin, qapı-pəncərinin və digər işlərin daxil olduğunu, həmin məbləğin ağlabatan olduğunu, eyni zamanda su hovuzunun inşasının böyük xərc tələb etdiyini nəzərərə alaraq, müqavilə öhdəliklərinin tam icra edilməməsi nəticəsində vurulmuş zərərə görə 3000 manat pulun tutulmasını məqsədəmüvafiq və işin hallarına uyğun hesab edir. Məhkəmə hesab edir ki, həmin zərər müqavilənin tərəfi olan Cavabdeh1 MTK-dan və hüquqazidd qaydada hərəkət edərək müqavilə öhdəliklərini təqsirli şəkildə icra etməyən direktoru Cavabdeh2 tutulmalıdır. Müqavilə öhdəliklərinin icra edilməsi və ya icra edilməməsinə görə zərərin ödənilməsi tələbi yalnız müqavilədə iştirak edən şəxslərə qarşı irəli sürülə bildiyindən binanın tamamlanması üçün çəkilmiş xərcin digər cavabdeh. Cavabdeh3 tutulmasının hər hansı qanuni əsası mövcud deyildir. Digər xərclərlə bağlı qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş qəbzlər və şahid ifadəsi nəzərə alınarsa, həmin məbləğlər ümumi ödənilmiş vəsaitlərdir. Məhkəmə iddiaçının həmin xərclərdə iştirakını təsdiq edəcək hər hansı bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyini dən iddia qalan hissədə təmin ediləməlidir. Məhkəmə təqdim olunmuş sübutların məcmusunu və şahid ifadəsini nəzərə alaraq hesab edir ki, tikinti və tamamlama xərcləri üzrə iddiaçının faktiki çəkdiyi zərərin 3000 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir. İddiaçının mənzilin sahəsinin 17 kv.m az olması səbəbindən zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən mənzilin sahəsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun qaydada hesablandıqda 117 kv.m təşkil edir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, sahənin fərqli göstərilməsi yalnız ölçmə metodologiyası və normativ hesablama qaydalarından irəli gəlir və bu hal mənzilin faktiki sahəsinin müqaviləyə zidd olduğunu təsdiq etmir. Ekspertiza rəyi xüsusi biliyə malik mütəxəssis tərəfindən verilmiş sübut növü olmaqla məhkəmə üçün mühüm sübut əhəmiyyəti daşıyır və onun düzgünlüyünü şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən qeyd olunan hissədə iddia tələbi əsaslı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Lakin hazırki iş üzrə tərəflər arasında mənzilin sahəsinin hesablanma qaydası müəyyən edilmiş, nzilin ümumi sahəsi həmin mənzilin kənar (fasad və qonşuluq) divarlarından hesablanması şərti razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahisələndirilən müqavilədə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanması nəzərdə tutulmuşdur. İddiaçının mənəvi ziyana görə 6000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının uzun müddətdir ki, mənzil sahibi olmaq niyyəti və həmin niyyətin müəyyən hüquqazidd əməllər nəticəsində uzun müddət həyata keçməməsi, başqa şəxsə satılmış mənzilin ona satılması, həmin şəxsə pul ödəmək məcburiyyətində qalması, binanın inşasının tamamlanması ilə bağlı müyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxslərin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 3000 manat müəyyən edilməsini və hüquqazidd hərəkət edən hər üç cavabdehdən tutulmasını ağlabatan və ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 Südeib oğlundan vurulmuş maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 13000 (on üç min) manat məbləğində pul, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 binanın tamamlanması xərclərinə görə 3000 (üç min) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 120 manatın 90 (doxsan) manatı tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia həmin hissədə təmin edilmədiyindən ekspertiza tədqiqat dəyəri olan 100 manat pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 Südeib oğlundan vurulmuş maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 13000 (on üç min) manat məbləğində pul, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 binanın tamamlanması xərclərinə görə 3000 (üç min) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 120 manatın 90 (doxsan) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar