Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4151/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(005)- 4067/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğini dəyişərək, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazanc və gəlirlərinin ¼ hissəsində aliment tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2017-ci il təvəllüdlü Raul adlı övladları anadan olmuşdur. Cavabdehlə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək birgə yaşamaqla birgə təsərrüfat aparmışlar. Cavabdehin təqsiri üzündən birgə yaşamaqları baş tutmamış və aralarında olan nikah münasibətləri faktiki olaraq xx.xx.2018-ci il tarixdən kəsilmişdir. Ona görə də tərəfindən nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 29 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahları pozulmuş, birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının himayəsində qalması müəyyən edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 154 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Uşağın təlim-tərbiyəsi və böyüməsi ilə bağlı tələb olunan xərclər hər il artır, cavabdeh isə bir dəfə də olsa uşağın təlim-tərbiyəsi ilə maraqlanmamış və hazırda da maraqlanmır. Cavabdehin ödədiyi aliment çox cüzi olduğundan uşağın saxlanması üçün tələb olunan xərcləri demək olar ki, ödəmir. İddiaçı isə heç bir yerdə işləmir. Belə olan halda uşağın saxlanmasında böyük çətinliklərlə üzləşir. Ona görə də uşağın saxlanması üçün alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən tərəflər iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki: İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-4067/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş və xx.xx.2017-ci il təvəllüdlü X2 anasının himayəsində saxlanılmaqla, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Daxili Qoşunları N saylı hərbi hissəsinin 397-6028-1222 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, baş leytinant Cavabdeh hal-hazırda N saylı hərbi hissədə xidmət edir və onun aylıq əmək haqqı 1158.4 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin birgə nikahından xx.xx.2017-ci il tarixdə X2 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-4067/2018 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat alimentin ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancının və əlavə gəlirinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. İddiaçı cavabdeh tərəfindən hər ay onun qazancının və əlavə gəlirinin ¼ hissəsi miqdarında alimentin ödənilməsini tələb edir. Cavabdehin hazırda işləməsi və aylıq sabit əmək haqqı alması öz təsdiqini tapmışdır. Belə olan halda cavabdehin hər ay qazancının və əlavə gəlirlərinin xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ¼ hissəsi aliment olaraq tutulmalıdır. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bu Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsində tutulur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və əlavə gəlirlərinin ¼ hissəsi tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)- 4067/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və əlavə gəlirlərinin ¼ hissəsi tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4151/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4151/2022
29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver