Məhkəmə qərarları › İş №e-2(005)-416/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-416/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-416/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Tsujioka Sachie və İravani Babaka qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Tsujioka Sachie və İravani Babaka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Tsujioka Sachie ilə bağlanmış 07 iyul 2021-ci il tarixli, № 001- T saylı kredit müqaviləsinə, X7 ilə bağlanılmış 07 iyul 2021-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi, cavabdehlər Tsujioka Sachiedən və X4 100.000 (bir yüz min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, bildirmişdir ki, cavabdehlərin ondan almış olduqları 100.000 manat borc puldan onların əmək haqqısından cəmi 17.129.80 (on yeddi min bir yüz iyirmi doqquz manat səksən qəpik) manat pul tutulmuşdur. Həmin borc məbləğindən 82.870,20 (səksən iki min səkkiz yüz yetmiş manat iyirmi qəpik) manat pul ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Tsujioka Sachiedən və X4 82.870,20 (səksən iki min səkkiz yüz yetmiş manat iyirmi qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Tsujioka Sachieya 23 saylı Notariat Ofisində onunla 07 iyul 2021-ci il tarixdə kredit müqaviləsi bağlayaraq ondan 100.000 (bir yüz min) manat pul almışdır. Həmin kredit müqaviləsinin təminatı kimi X8 07 iyul 2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri 23 saylı Notariat Ofisində təsdiq edilmişdir. Cavabdeh Tsujioka Sachie Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 8 saylı evin, 22 saylı mənzilini almaq məqsədi ilə borc pul almışlar. Digər cavabdeh X1 Sachieyanın həyat yoldaşıdır. Cavabdehlərin ondan almış olduqları 100.000 manat pulu 60 ay müddətinə hər ay əmək haqqılarından ödəmək şərti ilə qaytarmağı öhdəlik götürmüşlər. Onunla cavabdeh Tsujioka Sachie arasında olan 07 iyul 2021-ci il tarixli kredit müqaviləsinin 5.1.4-cü bəndində göstərilmişdir ki, əsas borcun və faizlərin borc alan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 3 (üç) aydan artıq müddətdə gecikdirildikdə, habelə ödəniş cədvəli ilə müəyyən edilən ardıcıl olaraq 3 (üç) dəfə pozulduqda müqavilədə göstərilən alınmış borc borcverən tərəfindən borcun vaxtından əvvəl icrasını tələb edə bilər. Onunla digər cavabdeh X8 ilə bağlanlımış zaminlik müqaviləsinin 5.2-ci bəndinə əsasən öhdəliklərinin icra edilməməsi fors-major halın baş verdiyi gündən 3 (üç) aydan çox davam edərsə hər bir tərəf digər tərəfə bildirməklə bu müqaviləni qaydada ləğv etmək hüququna malikdir. Göründüyü kimi cavabdehlərlə bağlanılmış kredit və zaminlik müqavillələrinin tələbləri pozulmuş və 3 aydan artıqdır almış olduğu borcları qrafik üzrə ödəməkdən boyun qaçırırlar. Cavabdehlərə bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar müqavilə üzrə qəbul etdikləri öhdəliklərini icra etməkdən boyun qaçırırlar. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması və cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməsini nəzərə alaraq məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli № 001-T saylı Kredit müqaviləsinə əsasən İddiaçı ilə Tsujiko Sachie arasında illik 2 faiz dərəcəsilə, 60 ay müddətinə istehlak məqsədilə 100.000 (bir yüz min) manat məbləğində İddiaçı tərəfindən Tsujiko Sachie-yə kredit verilmişdir.; xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən, X13 alanın (Tsujioka Sachie) 07 iyul 2021-ci il tarixli 001-T nömrəli kredit müqaviləsi üzrə Borc verən (İddiaçı) qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür; AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 22 saylı mənzil xx.xx.2011-ci il tarixdə X9 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu İ.N.Mirzəzadə tərəfindən təsdiqlənmiş 4Ə-764 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə İravani Babakın adına qeydiyyatdan keçmişdir. 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu E.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş 4Ə-1255 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Ar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Tsujioka Sachie və İravani Babakın adlarına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli №18 əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Tsujioka Sachienın əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli №18 əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İravani Babakın əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Tsujioka Sachie-nin əmək haqqından xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 17.129,80 manat məbləğində pul tutulmuşdur. xx.xx.2022-ci il tarixli qəbzə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 490.74 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə zamin İravani Babaka arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdülər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 23 saylı Notariat Ofisində onunla 07 iyul 2021-ci il tarixdə kredit müqaviləsi bağlayaraq ondan 100.000 (bir yüz min) manat pul almışdır. Həmin kredit müqaviləsinin təminatı kimi X8 07 iyul 2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehlər Tsujioka Sachiedən və X4 82.870,20 (səksən iki min səkkiz yüz yetmiş manat iyirmi qəpik) manat pulu tələb edir. Göründüyü kimi, İddiaçı ilə cavabdehlər Tsujioka Sachiedən və İravani Babak arasında kredit müqaviləsi və həmin müqavilənin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən İddiaçı cavabdehə müqavilə üzrə 100.000 manat məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, həm də bundan sonra qaytarmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, cavabdehlər Tsujioka Sachiedən və İravani Babak risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini iddiaçıya ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Tsujioka Sachiedən və İravani Babakdan 82.870,20 (səksən iki min səkkiz yüz yetmiş manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Tsujioka Sachiedən və İravani Babakdan 82.870,20 (səksən iki min səkkiz yüz yetmiş manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Tsujioka Sachie və İravani Babaka qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdehlər Tsujioka Sachiedən və İravani Babakdan 82.870,20 (səksən iki min səkkiz yüz yetmiş manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar