Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4176/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1053/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq birgə nikahdan doğulmuş 07 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət etdiyi vaxtdan cavabdehin əmək haqqı və bütün digər növ qazanclarının, ümumi gəlirinin 1/4 hissəsi miqdarında alimentin və 60 manat məbləğdə məhkəmə xərclərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 oktyabr 2013-cu il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Rəsmi nikahdan 07 avqust 2014-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1053/2015 saylı qətnaməsi ilə rəsmi nikahımız pozulmuş, 07 avqust 2014-cü il təvəllüdlü X1 onun himayəsində qalması və onun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq o uşaqların maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh də bir valideyn olaraq bu məsuliyyəti onunla bərabər bölüşməlidir. Bu səbəbdən alimentin artırılması üçün zərurət yaranmışdır. Qeyd edir ki, tərəfindən alimentin artırılması ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/10/2024-00468 saylı arayış verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin işlədiyi Azərbaycan Respublikasının Kiçik və X3 Agentliyinin 27 avqust 2024-cü il il tarixli, № 3-21-5/2- 4409/2024 saylı məktubu ilə bildirilmişdir ki, Cavabdeh aylıq vəzifə maaşı 5200 manat təşkil edir və əlavə olaraq təsdiq olunmuş ştat cədvəlinə əsasən aylıq vəzifə maaşının 25%-i həcmində mükafat nəzərdə tutulmuşdur. Hər bir uşağın layiqli həyat tərzi, yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatılnda qeyd etmişdir ki, tərəflərin qarşılıqlı razılığ əsasında cavabdeh tərəfindən hər ay 300 manat məbləğində pul aliment qismində ödənilir. Lakin həmin məbləğ uşağın artan tələbatlarını qarşılamağa imkan vermir. Buna görə iddiaçı iddia tələbinin artırılması tələbi ilə məhkəmə mürciət edib. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1053/2015 saylı, 16 mart 2015ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah pozulmuş, 07 avqust 2014-cü il təvəllüdlü X1 onun himayəsində qalması və onun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 410413 nömrəli doğum haqqında məlumatlardan görünür ki, 07 avqust 2014-cü il təvəllüdlü X2 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Azərbaycan Respublikasının Kiçik və X3 Agentliyinin 27 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Agentliyin əməkdaşı Cavabdeh aylıq vəzifə maaşı 5200 manat təşkil edir, əlavə olaraq təsdiq olunmuş ştat cədvəlinə əsasən aylıq vəzifə maaşının 25%-i həcmində nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynin daimi gəliri olduqda, alimentin sabit pul məbləğində tutulması deyil, valideynin gəlirinin bir hissəsi kimi mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də, öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Qanunun mənasından göründüyü kimi, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcud olan “istehlak qiymətləri indeksinin hesablamasına dair” kalkulyatoru vasitəsilə hazırki iş üzrə alimentin məbləğinin təyin edildiyi dövr ilə 2024-cü ilin sentyabr ayını müqayisə etdikdə aydın olur ki, bu zaman kəsiyi ərzində istehlak qiymətləri indeksi 190.3 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 90.3 faiz artmışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, sabit pul məbləğində aliment uşağın saxlanması üçün yetərli olmadığından, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qaydada alimentin cavabdehin gəlirindən tutulması mümkün olduğundan iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, alimentin müəyyən hissə şəklində tutulmasının artıq mümkün olmadığını, ödəmələrin miqdarını müəyyənləşdirən halların dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1053/2015 saylı, 16 mart 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, 07 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh əmək haqqı və bütün digər növ qazanclarının, ümumi gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1053/2015 saylı, 16 mart 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, 07 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh əmək haqqı və bütün digər növ qazanclarının, ümumi gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-4176/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4176/2024
03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver