Məhkəmə qərarları › İş №e-2(005)-428/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-428/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-428/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı, X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2825 manat maddi ziyanın, qəzaya uğraması nəticəsində avtomobilin əmtəə dəyərinin itirilməsinə görə 2200 manat, 71 manat məbləğində ödənilmiş dövlət rüsumunun və vəkil üçün etibarnamə alınmasına görə ödənilmiş 18 manat xidmət haqqının, cəmi 5114 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 sentyabr 2023-cü il tarixdə Cavabdeh MMC-yə məxsus, həmin təşkilatın işçisi X2 idarə etdiyi BMC Procity Avtobus markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtobus “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq İddiaçı idarə etdiyi “Toyota Prius” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X4 barəsində qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı inzibati xətaya dair materiala səlahiyyətli orqan - Bakı şəhər Dövlət yol polisi idarəsi tərəfindən baxılaraq onun Azərbaycan Respublikası İXM 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsiri təsdiq olunmuş və 40 manat məbləğində cərimə edilmişdir. Odur ki, hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törənməsində Cavabdeh MMC-nin işçisi olan X2 təqsirli olduğu qanuni qüvvəyə minmiş qərarla sübuta yetirildiyindən, Cavabdeh MMC həmin hadisə nəticəsində işçisinin İddiaçı vurulmuş ziyana görə mülki hüquq pozuntusu törətmiş olmaqla mülki hüquq məsuliyyəti daşıyır. Dəfələrlə ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək ziyanı ödəməkdən yayınmışdır. Hadisə törədilən və cavabdehə məxsus BMC Procity Avtobus markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtobus qanunvericiliyin tələbləri pozulmaqla şirkət tərəfindən sığortalanmadığından ziyanın sığorta şirkəti tərəfindən İddiaçı ödənilməsi mümkün olmamışdır. Buna görə də yol-nəqliyyat hadisəsi zamanı avtomaşına dəymiş maddi ziyanın hesablanması üçün müstəqil sığorta ekspertinə müraciət etdi və sığorta eksperti (X5) tərəfindən “Toyota Prius” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomaşına keçilən baxış zamanı avtomaşının sıradan çıxan hissələri üzrə 865 manat, işçi xərci isə 1330 manat məbləğində olmaqla cəmi 3195 manat müəyyən edilmiş və bu barədə 17 sentyabr 2023-cü il tarixdə müstəqil ekspert rəyi verilmişdir. ƏN MEM tərəfindən təqdim edilmiş rəydə isə avtomobilin təmir-bərpa işlərinə 2825 manat və əmtəə dəyərinin itirildiyi üçün 2220 manat olduğu qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, verilmiş ekspert rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinin itirilmiş dəyərinin nəzərə alınmasını və digər iddia tələbləri ilə yanaşı bu məbləğin də cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan müəyyən olunur ki, “BMC Procity Avtobus” markalı 99JK737 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X4 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş yol vərəqindən müəyyən olunur ki, “BMC Procity Avtobus” markalı 99JK737 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə ediləsi X3 etibar edilmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - xx.xx.2023-cü il tarixli müstəqil ekspert rəyindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Toyota Prius” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan ehtiyat hissələrinin dəyəri olan 1865 manat və işçi xidmətinə görə ödənilməli olan 1330 manat pul, cəmi 3195 manat məbləğində pul təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 9/9504 nömrəli ekspert rəyində qeyd olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı Toyota Prius” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 2825,0 manat müəyyən edilir. “Toyota Prius” markalı, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 22000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən təxminən (təmir bərpa işlərinin səviyyəsindən asılı olaraq) 10% itirməsi nəzərə alınmaqla orta bazar qiymətinin təxminən 19800 manat olması istisna edilmir. - "xxxx" MMC-nin yol vərəqəsində görünür ki, BMC Procity ** JK *** qeydiyyat nömrəli avtobus 01-30 sentyabr tarixlərində sürücü X3 təhvil verilmişdir. - Elektron çıxarışdan görünür ki, ** JK *** qeydiyyat nömrəli, BMC Procity model avtobus Cavabdeh MMC-nin xüussi mülkiyyətindədir. - “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan şəxs barəsində aparılmış notariat hərəkətləri barədə məlumatlardan aydın olur ki, İddiaçı Vəkil “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü və İnzibati Prosessual Məcəlləsinin 31-cü maddələrinə uyğun olaraq mülki işlər, kommersiya mübahisələri və inzibati məhkəmə icraatı ilə bağlı işlər üzrə şəxsin birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində, Azərbaycan Respublikasının Ali Məhkəməsində və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində imza etmək hüququ ilə təmsil edilməsi və s. hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixdə verilmişdir. - “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan aydın olur ki, İddiaçıun xüsusi mülkiyyətində “Toyota Prius” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı mülkiyyətində olan və idarə etdiyi “Toyota Prius” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-yə məxsus olan, MMC-nin verdiyi yol vərəqi əsasında X2 idarə etdiyi avtobusun toqquşması nəticəsində İddiaçı mülkiyyətində olan avtomobilə zərər dəymişdir. X4 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertizanın nəticəsi olaraq əldə edilmiş rəydən avomobilə vurulmuş zərərin aradan qaldırılması üçün 2825 manat pulun tələb olunduğu, o cümlədən avtomobiinl bazar dəyərinin 2200 manat dəyərində azaldığı müəyyən edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iş materialları ilə “Toyota Prius” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin üçüncü şəxs X2 qanunsuz hərəkəti nəticəsində vurulması, X2 idarə etdiyi avtobusun Cavabdeh MMC-yə məxsus olması və onun bu avtobusu qanunauyğun qaydada Cavabdeh MMC-nin verdiyi yol vərəqi əsasında idarə etməsi, hadisədə X2 təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər avtobusun məxsus olduğu Cavabdeh MMC tərəfindən ödənilməlidir. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, nəqliyyət vasitəsinə vurulmuş zərərin məbləğini müəyyən etmək üçün mülki iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyindən avomobilə vurulmuş zərərin 2825 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, “Toyota Prius” markalı, 77HS 796 dövlət qeydiyyat nişanlı avtomobil in təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə müəyyən edilməsi eləcə də avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, təqdim edilmiş Məhkəmə Ekpertiza Mərkəzinin 29 dekabr 2023-cü il tarixli rəyi sübut kimi götürülməlidir. Belə ki, həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmişdir. Digər tərəfdən istinad edilən ekspert rəyində “Toyota Prius” markalı, 2015-ci il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin təxminən 22000 manat olması və avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % aşağı olması istisna edilmədiyi müəyyən edilmişdir. Belə olan halda isə “Toyota Prius” markalı, 2015-ci il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin 10 % məbləği (22000x10:100=2200) 2200 manat avtomaşının itirilmiş əmtəə dəyəri kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunan normanın tələbinə əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin itirilmiş dəyərin də vurulmuş zərər anlayışına daxil olduğu qənaətinə gəlir və bu məbləğin iddiaçıdan tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə etibarnamə verilməsi üçün ödənilmiş rüsumun cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməli olduğu hallar həmin Məcəlləinin 108-ci maddəsində öz əksini tapmış, işə baxılması ilə əlaqədar olan məsrəflərin isə nələrdən ibarət olması 115-ci maddədə qeyd edilmişdir. Etibarnamə üçün ödənilmiş rüsum Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələbi baxımından dövlət rüsumu deyil, eyni zamanda 115-ci maddəyə əsasən də işə baxılması ilə əlaqədar olan məsrəflərə daxil deyil. Belə ki, 115.0.5-ci maddəyə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər anlayışı etibarnamə verilməsi üçün orqanın hesabına ödənilən rüsumu əhatə etmir. Bu səbəbdən də məhkəmə etibarnamə verilməsi üçün ödənilmiş rüsumun məhkəmə xərci olmadığı qənaətinə gəlir və tutulması üçün heç bir əsas müəyyən olunmadığından iddianın bu hissədə rədd edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 71 manat pul Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda keçirilmiş məhkəmə ekspertizasının xərci olaraq 50 manat pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh MMC-dən “Toyota Prius” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2825 manat, qəzaya uğraması nəticəsində avtomobilin əmtəə dəyərəinin itirilməsinə görə 2200 manat, cəmi 5025 manat pul, 71 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən “Toyota Prius” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2825 manat, itirilmiş əmtəə dəyərinə görə 2200 manat, cəmi 5025 manat pul, 71 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar