Məhkəmə qərarları › İş №e-2(005)-4282/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4282/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4282/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021 il tarixli 11180***-*******01 №-li kredit müqaviləsinin ləğv olunması; cavabdehdən İddiaçı ASC-nin xeyrinə həmin kredit müqaviləsi üzrə 6970.24AZN əsas borcun, 467.66 AZN faiz borcunun, 37.01 AZN cərimənin və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 97 AZN pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Respublika” ASC ilə bağladığı xx.xx.2021 il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bankdan xx.xx.2023 ilədək qaytarmaq və illik 18 % ödəmək şərti ilə aldığı 12800 AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022 il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 6970.24 AZN; b) faizlər üzrə 467.66 AZN; c) cərimə üzrə 37.01 AZN təşkil edir. Sübutların siyahısı: kredit müqaviləsi və ona əlavə ödəniş cədvəli; kassa məxaric orderi; bank hesabından çıxarış; borc haqqında arayış. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc ondan məhkəmə qaydasında tutulmalıdır. Cavabdehlər Cavabdeh iddia tələbini qismən qəbul edərək, borcun ödənilməsindən yayınmadığını, maddi vəziyyətinin ağırlığı ilə borcun ödənilməsini gecikdirdiyini bildirərək, borcun ödənilməsi üçün ona müəyyən müddət lazım olduğunu qeyd etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, göstərilənlərə əsasən iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Borc Alan Cavabdeh bankdan illik 18 % ödəmək şərtilə 24 ay müddətinə, 12800 manat kredit götürmüşdür. İş materiallarında olan, Cavabdeh İddiaçı ASC ilə xx.xx.2021-ci tarixli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən, 12800 manat məbləğində krediti, illik 18 faiz dərəcəsi ilə, 24 ay müddətinə 447,18 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 6970,24 manat əsas, 467,66 manat faiz və 37,01 manat cərimə borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə xx.xx.2022-ci il tarixli maliyyə arayışını və hesabdan çıxarışı nəzərdən keçirərək hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə pulunun tutulması hissəsində əsaslıdır, həmçinin cavabdeh xx.xx.2023-cü il tarixdə müddəti bitəcək müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, iş materiallarında olan hesabdan çıxarışa və maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6970,24 manat əsas, 467,66 manat faiz və 37,01 manat cərimə olmaqla cəmi 7474,91 manat borc tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 97 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh 6970,24 manat məbləğində əsas, 467,66 manat məbləğində faiz və 37,01 manat cərimə borcu olmaqla, cəmi 7474,91 manat pul vəsaiti və 97 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar