Məhkəmə qərarları › İş №e-2(005)-4301/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4301/2023

22.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4301/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əlihüsyen oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əlihüsyen oğluna qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh Əlihüsyen oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10872/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2007-ci ildə doğulmuş X1 və xx.xx.2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olub və onların nikahından xx.xx.2007-ci ildə Leylan və xx.xx.2010-cu ildə İbrahim adlı uşaqları doğulub. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-668/2018 №-li qətnaməsi ilə nikah ləğv olunub və uşaqların anasının yanında qalması qət edilib. Bakı Apellyasiya Məhkəməsi MK-nin xx.xx.2017-ci il tarixli 2(103)-10872/2017 №-li qətnaməsi ilə uşaqların saxlanılması üçün xx.xx.2017-ci ildən başlayaraq hər ay hər uşağa görə 136 manat alimentin cavabdehdən alınıb iddiaçıya verilməsi qət olunub. xx.xx.2023-cü ildən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilib. İddiaçı ilkin mediasiya sessiyasında iştirak edib, lakin cavabdeh iştirak etmədiyi üçün mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verib. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əlihüsyen oğlu hazırda rəsmi iş yerinin olmadığını, bəzi hallarda fəhlə işlədiyini, yığılmış aliment borcuna görə iddiaçı tərəfin müraciəti ilə axtarışa verildiyini bildirmiş, maddi imkanı olmaması səbəbindən alimenti gecikdirdiyini, uşaqların saxlanılmasında iştirak etməyə çalışdığını qeyd etmişdir. Cavabdeh onu da qeyd etmişdir ki, qüvvəyə minmiş qətnamə ilə müəyyən olunan alimenti belə ödəməkdə çətinlik çəkir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli, 2(103)-10872/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-665/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında 13 fevral 2006-cı il tarixdə bağlanmış və nikahın baölanması haqqında akt qeydləri kitabında 418 nömrə ilə Bakı şəhəri Səadət Sarayı tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu təvəllüdlü X2 iddiaçı (anaları) İddiaçı yanında qalmaları qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Əlihüsyen oğlu ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər 13 fevral 2006-cı il tarixdə nikaha daxil olmuşlar. Onların nikahından xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu təvəllüdlü X4 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli, 2(103)-10872/2017 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 136 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-665/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İşin materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından məhkəmə iclasında aydın oldu ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh Əlihüsyen oğlunun ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır. İddiaçı alimentin miqdarının artırılmasına əsas olan cavabdehin gəlirləri və ya başqa qazanclarına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin nəzərə alınmalıdır ki, "Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin dəyişdirilməsi imkanlarını nəzərdə tutmuşdur. Belə ki, aliment ödəyən şəxsin, eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, bu hal alimentin miqdarının dəyişdirilməsi üçün əsasdır. Bu barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı iddia tələblərində göstərilən hallar qətnamə ilə müəyyən edilmiş alimentin artırılması üçün əsas hesab edilə bilməz. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarda qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən iddia tələbi əsassızdır, buna görə də iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericinin tələbindən göründüyü kimi, iddia təmin olunmadığından ödənilmiş 50 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Əlihüsyen oğluna qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar