Məhkəmə qərarları › İş №e-2(005)-431/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-431/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-431/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh Məhəmmədli oğluna qarşı kredit müqaviləsinin ləğvi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh Məhəmmədli oğluna qarşı kredit müqaviləsinin ləğvi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 23260***-*******02L saylı xx.xx.2021-cu il tarixli kredit limiti müqaviləsinin ləğv edilməsi; Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12943.79 AZN əsas kredit borcu, 1271.26 AZN kreditdən istifadəyə görə faiz borcu və 132.53 AZN cərimə borcu olmaqla, cəmi 14347.58 AZN və iddianın verilməsi üçün ödənilmiş 133.04 AZN pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 23260***-*******02L saylı xx.xx.2021-cu il tarixli kredit limiti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2031-ci il tarixədək 50000.00 AZN məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin kredit limiti müqaviləsi çərçivəsində bankdan 36 ay müddətinə qaytarmaq və illik 21.00% ödəmək şərti ilə aldığı 14700.00 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 26-dək ayda 553.98 AZN ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixə olan borcun məbləğia) əsas borc üzrə 12943.79 AZN; b) faizlər üzrə 1271.26 AZN; c) cərimə üzrə 132.53 AZN təşkiledir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib.Odur ki, borc ondan məhkəmə qaydasında tutulmalıdır Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında izahat verən Cavabdeh Məmmədəli oğlu iddia tələblərini qəbul etmədiyini bildirdi. O qeyd etdi ki, əslində onun digər banklara kredit borcu olduğu üçün iddiaçı tərəfindən ona 14700 manat məbləğində kredit verilməsi qanunsuz olmuşdur. Bunun üçün o həmin puldan 3000 manat məbləğində pulu özlərini bankın əməkdaşları kimi özlərini təqdim edən “Məzahir” və “Zeynal” adlı şəxslərə vermişdir. Buna görə də iddia tələbini qəbul etmir, rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 23260***-*******02L saylı xx.xx.2021-cu il tarixli kredit limiti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2031-ci il tarixədək 50000.00 AZN məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli arayışa əsasən 23260***-*******02L saylı xx.xx.2021-cu il tarixli müqaviləyə uyğun olaraq Cavabdeh Məhəmmədli oğlunun İddiaçı ASC-nə 12943.79 manat əsas, 1271.26 manat faiz borcu, 132.53 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14347.58 manat borcu vardır; xx.xx.2022-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, bank 3 bank iş günü ərzində borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehləri xəbərdar etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh həmin kredit limiti müqaviləsi çərçivəsində bankdan 36 ay müddətinə qaytarmaq və illik 21.00% ödəmək şərti ilə aldığı 14700.00 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 26-dək ayda 553.98 AZN ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Göründüyü kimi, Cavabdeh Məhəmmədli oğlu kredit sazişi üzrə üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borclarını saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh Məhəmmədli oğlu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliklərini icra etməlidir. Cavabdehin izahatında bildirdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, cavabdehin bankadan kredit məbləği kimi aldığı pulu başqa şəxslərə təhvil verməsi onun bank qarşısında öhdəliklərinin olmamasını istisna etmir. Digər tərəfdən cavabdeh ondan bankın əməkdaşları tərəfindən kreditin ayrılması müqabilində pul tələb edilməsi barədə izahat versə də, dediklərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi ilə bağlı cavabdehin şifahi etirazı yalnız formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizələrdən ibarət olduğundan, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən 133,04 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 23260***-*******02L saylı xx.xx.2021-cu il tarixli kredit limiti müqaviləsinin ləğv edilməli, 23260***-*******02L saylı xx.xx.2021-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh Məhəmmədli oğlundan 12943.79 manat əsas kredit borcu, 1271.26 manat kreditdən istifadəyə görə faiz borcu və 132.53 manat cərimə borcu olmaqla, cəmi 14347.58 manat borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133,04 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 52, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 23260***-*******02L saylı xx.xx.2021cu il tarixli kredit limiti müqaviləsinin ləğv edilsin. 23260***-*******02L saylı xx.xx.2021-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh Məhəmmədli oğlundan 12943.79 manat əsas kredit borcu, 1271.26 manat kreditdən istifadəyə görə faiz borcu və 132.53 manat cərimə borcu olmaqla, cəmi 14347.58 (on dörd min üç yüz qırx yeddi manat əlli səkkiz qəpik) manat borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133,04 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə“ informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar