Məhkəmə qərarları › İş №e-2(005)-4321/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4321/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4321/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13600 manat, eləcə də pul vəsaitini uzun müddət ərzində qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə və ona vurduğu maddi ziyana görə 1292 manat, müdafiəçiyə ödənilmiş 190 manat, etibarnaməyə ödənilmiş 18 manat, ümumilikdə 15100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 13600 manat, eləcə də pul vəsaitini uzun müddət ərzində gecikdirdiyi üçün, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdirdiyi üçün 1292 manat, müdafiəçiyə ödənilmiş 190 manat, etibarnaməyə ödənilmiş 18 manat, ümumilikdə 15100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh ilə notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinin 1ci maddəsində göstərildiyi kimi ona 13600 manat məbləğində faizsiz borc vermişdir. Müqavilənin 2-ci maddəsindən irəli gələn öhdəliyə əsasən cavabdeh krediti xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra dəfələrlə cavabdehə müraciət edib ona olan 13600 manat pulun geri qaytarılmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qanunsuz saxlamaqla, bu günədək geri qaytarmamışdır. Müqavilədə göstərilən vaxtın çatmasına baxmayaraq, Cavabdeh hələ də öz öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır. Müqavilənin 8-ci maddəsində göstərilir ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 4-cü maddəsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa müvafiq izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2023-cü il tarixinədək faizsiz 13600 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - Xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 13600 manat məbləğində pul təhvil verilmişdir; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 9 saylı notariat ofisinə İddiaçı tərəfindən 18 manat rüsum ödənilmişdir; - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına İddiaçı tərəfindən 191 manat pul ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixində tərəflər borc müqaviləsi bağlamış, müqaviləyə əsasən İddiaçı “borclu” Cavabdeh 13600 manat məbləğində borc verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu xx.xx.2023-cü il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini icra etməməsinə istinad edərək müqavilə üzrə yaranmış əsas borca görə 13600 manat, müqavilənin müddəti bitdikdən sonra hesablanmış faiz borcuna görə 1292 manat, müdafiəçiyə ödənilmiş 190 manat, etibarnaməyə ödənilmiş 18 manat, ümumilikdə 15100 manat məbləğində pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixinədək, faizsiz 13600 manat məbləğində kreditin verilməsi notarial qaydada bağlanmış kredit müqaviləsi, kassa mədaxil orderi ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, müqavilənin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. İddianın pul vəsaitlərinin qanunsuz saxlanılmasına və qaytarılmasından boyun qaçırılmasına görə 1292 manat pulun ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. İddiaçı isə yuxarıda qeyd olunan halların təsdiqi barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən isə Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizələrdə Mülki Məcəllənin 449.1 və 445.7-ci maddələrinə istinad etsə də, hazırki vəziyyətdə hər hansı bir sübut təqdim etmədiyi nəzərə alınaraq, iddiaçının cavabdehdən pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsi tələbi təmin edilə bilər. Yəni, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 447.5-ci maddəsi təşkil edir. Hazırki iş üzrə borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Maddənin məzmunundan göründüyü kimi, özgə vəsaitini qanunsuz saxlamağa görə gecikdirilmiş vaxt üçün faiz illik beş faizlə hesablanmaqla ödənilməlidir. Qeyd edilənləri, o cümlədən borc müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixində bitdiyini, borc məbləğinin 13600 manat təşkil etdiyini, cavabdehin hər hansı bir ödənişin edilməsi ilə bağlı sübut təqdim etmədiyini, məhkəməyə xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə müraciət edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət üçün 13600 manatın 5 faizi həcmində faiz hesablanmalıdır. Bu səbəbdən qeyd edilən hissədə iddia qismən təmin edilməklə, gecikdirilmiş vaxt üçün, yəni cəmi 118 gün üçün illik 5 faizlə hesablanmaqla (5 faiz/13600manat:365x118gün) 220 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia gecikdirilmiş vaxt üçün qalan pulun ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 190 manat, eləcə də vəkilə etibarnamə verilməsi üçün ödənilmiş 18 manat pulun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilə ödənilmiş 190 manat pulun ağlabatan məbləğ olduğunu və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1 və 119.2-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 13600 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla faiz borcuna görə 220 manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 190 manat və vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi olaraq 18 manat olmaqla, cəmi 14028 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Dövlət rüsumu olaraq ödənilməli olan 132,08 manat məbləğində pul Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 13600 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcuna görə 220 manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 190 manat və vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi olaraq 18 manat olmaqla, cəmi 14028 (on dörd min iyirmi səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu olaraq ödənilməli olan 132,08 (yüz otuz iki manat, səkkiz qəpik) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar