Məhkəmə qərarları › İş №e-2(005)-433/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-433/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-433/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1. İddiaçı Ləğv prosesində olan "Atrabank” ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan "Atrabank” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "Atrabank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvafiq qaydada 2443 (iki min dörd yüz qırx üç) manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəlik müddətinin bitdiyi xx.xx.2013-cü il tarixinə faiz borcu 3860,21 (üç min səkkiz yüz altmış manat iyirmi bir qəpik) manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1031,22 (bir min otuz bir manat iyirmi iki qəpik) manat borcunun, müqavilə üzrə borcun gecikdirildiyi günə hesablanmış 1201,04 (bir min iki yüz bir manat dörd qəpik) manat cərimə borcunun, cəmi isə 8535,47 (səkkiz min beş yüz otuz beş manat qırx yeddi qəpik) manat borcun və tərəflərindən ödənilmiş dövlət rüsumunun tutulub Ləğv prosesində olan "Atrabank” ASCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Mövcud kredit müqaviləsinə əsasən kreditin müddəti 15 (on beş) ay, illik faizi isə 30 (otuz) % müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə görə borcalan krediti və onun faizlərini kredit müqaviləsinə əlavə edilmiş 1 saylı əlavəyə əsasən ödəməyi öhdəlik götürmüşdür. Lakin cavabdeh xx.xx.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməmiş, ona xəbərdarlıqlara baxmayaraq, borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh kredit üzrə banka olan əsas borcu 2443 (iki min dörd yüz qırx üç) manat, kredit müqaviləsi öhdəliklərinin icra müddətinin bitdiyi xx.xx.2013-cü il tarixinə faiz borcu 3860,21 (üç min səkkiz yüz altmış manat iyirmi bir qəpik) manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcu 1031,22 (bir min otuz bir manat iyirmi iki qəpik) manat, müqavilə üzrə borcun gecikdirildiyi günə hesablanmış cərimə borcu 1201,04 (bir min iki yüz bir manat dörd qəpik) manat, cəmi isə 8535,47 (səkkiz min beş yüz otuz beş manat, qırx yeddi qəpik) manat təşkil edir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan "Atrabank” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixində iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçının tələbi üzrə iddia müddəti keçdiyinə görə həmin iddia tələbi rədd edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən icra müddəti 15 aydır. İddiaçının sözügedən kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013cü il Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, hüquqi müəyyənlik potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia müddətinin keçməsi ilə əlaqədar olaraq İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən hazırki mülki işə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2012-ci il tarixli, 0 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh məişət texnikasının alınması məqsədi ilə 15 ay müddətinə, illik 30% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 3.000 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və məbləğdə krediti qaytarmağı, ona hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür; İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə əsas borcu 2.443 (iki min dörd yüz qırx üç) manat, faiz borcu 3860,21 (üç min səkkiz yüz altmış manat iyirmi bir qəpik) manat və cərimə borcu 1201,04 (bir min iki yüz bir manat dörd qəpik) manat təşkil edir. xx.xx.2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, Ləğv prosesində olan "Atrabank” ASC tərəfindən cavabdehə müqavilə üzrə yaranmış borcunun qısa zaman ərzində ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; 24 iyun 2022-ci il tarixli ödəniş qəbzinə əsasən Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 106 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qərarda qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş, lakin götürdüyü kredit üzrə əsas və faiz borcunu, habelə öhdəliyi vaxtında icra etmədikdə hesablanmış cərimə borcunu kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə ödəməsi barədə öhdəlik götürsə də, bu öhdəliyini icra etməmiş, nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin icrası müddəti xx.xx.2013-cü il tarixdə bitmişdir. Ləğv prosesində olan "Atrabank” ASC cavabdehə qarşı hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2012-ci il tarixli kredit müqavilə üzrə öhdəliyin icrası müddəti isə xx.xx.2013-cü il tarixdə bitmişdir.. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırki mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı və Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsasında hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddiaçı Ləğv prosesində olan "Atrabank” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 106 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan "Atrabank” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia яризяси иддиа мцддяти тятбиг едилмякля rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar