Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4338/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 308,80 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən **********0944-555272 saylı kart hesabı açılmış və ona kart verilmişdir. Müştəri xx.xx.2023cü il tarixində terminal vasitəsilə kart hesaba 2000 manat vəsait mədaxil etmişdir. Texniki səhv nəticəsində həmin vəsait karta ikiqat mədaxil olunmuşdur. xx.xx.2024 tarixində səhv mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, müştəri hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından ona aid olmayan pulu xx.xx.2023-cü il tarixində xərcləmişdir. Nəticədə xx.xx.2024-cü il tarixində həmin texniki səhv düzəliş olunub və vəsait geri çəkildiyi zaman hesabda 507,79 manat overdraft borcu yaranmışdır. Bugünə qədər mədaxil olunan vəsaitlərdən 206,37 manat overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 301,42 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 7,38 manat faiz borcu olmaqla, cəmi 308,80 manat borcu vardır. Tərəflərindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-4825 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək Banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla Banka maddi zərər vurur. Mülki Məcəllənin hazırki maddələrindən də göründüyü kimi, Cavabdeh hazırki vəziyyətdə banka zərər vurub və əsassız varlanıb. Eləcə də, Cavabdeh əsassız varlanma halı onunla sübut olunur ki, Cavabdeh həmin məbləğin ona məxsus olmamasını bilə-bilə onu kartdan çıxarmış və çıxarmasından da əlavə onu bu günə kimi banka geri qaytarmaqdan imtina etmişdir. İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 8.5-ci maddəsinə əsasən müştəri kart hesabı üzrə yaranan overdraft borcunu banka ödəməyi öz öhdəsinə götürür. Müştəri bankın overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 % faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KMP-00555272-384134/22 nömrəli kartmane müqaviləsinin surətindən görünür ki, Bank Müştəriyə “Kartmane” xidməti üzrə cari hesabın açılması, həmin hesabda Müştərinin təqdim etdiyi vəsaitin yerləşdirilməsi, həmin hesaba bağlı kartın verilməsi, hesabdakı qalığa bu müqavilədə nəzərdə tutulmuş qaydada faizlərin hesablanması və ödənilməsini Müştəri isə müqavilədə müəyyən edilmiş qaydada kartdan istifadə etməyi, kart ləğv edildikdə və ya istifadə edilməsi dayandırıldıqda kartı müvafiq xəbərdarlıq tarixindən 30 təqvim günü ərzində banka öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 8.3 və 8.4, 8.5-ci bəndlərinə əsasən müştəri bank tərəfindən kart hesabına əsassız olaraq və səhvən daxil edilmiş pul vəsaitindən və ya digər Texniki Overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti banka bu müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdı ger ödəməlidir.Müştəri kart hesabı üzrə yaranmış Overdraft borcunu, bu haqda bankdan məlumat alan tarixdən etibarən 30 günü müddətində Banka ödəməyi öz öhdəsinə götürür. Müştəri bankın overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 % faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-xx.xx.2024-cü tarixləri aralığında ödəniş əməliyyatları icra etmişdir. İş materiallarında olan bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 301,42 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 7,38 manat faiz borcu olmaqla, cəmi 308,8 manat borcu vardır. Həmçinin iş materiallarından görünür ki, bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ödəniş kartından istifadəyə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kartmane müqaviləsinə əsasən bank Cavabdeh kart hesabı açmış, Cavabdeh ödəniş əməliyyatları icra etmişdir. Bank tərəfindən kart hesabına mədaxil edilməli vəsait texniki səhv səbəbindən iki dəfə köçürülmüşdür. Müştəri, qeyd edilən pul vəsaitinin silinməsini gözləmədən xərcləmiş, vəsaitin geri ödənilməsinin tələb edilməsinə baxmayaraq, heç bir ödəmə həyata keçirməmişdir. Bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində cavabdehin banka 301,42 manat əsas borcu və geri ödəməni həyata keçirmədiyi üçün hesablanmış 7,38 manat faiz borcu yaranmışdır. Mülki Məcəllənin 954.1-ci maddəsinə uyğun olaraq, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın (Mülki Məcəllənin 956.1, 960.1 və 960.2-ci maddələri). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsassən əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Hazırki mülki iş üzrə cavabdeh plastik kart hesabından istifadə zamanı onun hesabına səhv köçürülmüş və ona aid olmayan iddiaçıya məxsus pul vəsaitini xərcləməklə heç bir qanuni əsas olmadan əsassız olaraq varlanmış və bunun nəticəsində banka ziyan vurmuşdur Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı tərəfindən xidmət edilən plastik kart vasitəsilə apardığı əməliyyatlar zamanı overdraft halının baş verməsi təsdiq edildiyindən, əsassız varlanma hallarını tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının cavabdehə qarşı hazırkı tələbi əsaslıdır. Tələb edilən məbləğin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, əsas borca münasibətdə iddia tam əsaslıdır Faiz borcu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 8.5-ci maddəsinə əsasən müştəri kart hesabı üzrə yaranan overdraft borcunu banka ödəməyi öz öhdəsinə götürür. Müştəri bankın overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 % faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi öz öhdəsinə götürür. Qeyd edilən müddəaya əsasən iddiaçı tərəfindən, bankın əmlkaının qanunsuz saxlanmasına görə cavabdehə 7,38 manat faiz borcu hesablanmışdır. Məhkəmə tərəflər arasındakı razılaşmanı və işin hallarını əsas götürərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 308,8 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 308,8 (üç yüz səkkiz manat, səksən qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4338/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4338/2024
28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver