Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-436/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı ASC-nin numayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 931,05 manat əsas borcun, 117,90 manat faiz borcunun, 251,10 manat cərimə borcunun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 33,01 manat pulun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə xx.xx.2020-ci il tarixli restruktizasiya razılaşmasına əsasən cavabdeh (borc alan) Cavabdeh2 bankdan xx.xx.2021-ci ilədək qaytarmaq və illik 21% ödəmək şərti ilə aldığı 3000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcun məbləği əsas borc üzrə 931,05 manat, faizlər üzrə 117,90 manat, cərimə üzrə 251,10 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3 və Cavabdeh1 poçt vasitəsilə pretenziya göndərilmiş, lakin borc ödənilməmişdir. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 436/2023 nömrəli qərardadı ilə iş üzrə icraata Cavabdeh3 aid hissədə (xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən) xitam verilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin numayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 010CASA200660006 nömrəli kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, bank Cavabdeh2 18 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 3000 manat dolları məbləğində kredit verməyi, borc alan isə müvafiq ödənişləri və kredit üzrə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 010FİZAM81104901 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında xx.xx.2020-ci il tarixli, 010CASA********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam icra edilməsi üçün Cavabdeh1 bank qarşısında birgə məsuliyyət daşıyır; İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 010CASA201340004 nömrəli Restrukturizasiya razılaşmasından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 010CASA200660006 nömrəli kredit müqaviləsi restrukturizasiya edilmiş və kreditin son icra müddəti xx.xx.2021-ci il müəyyən edilmişdir; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 010FİZAM81104902 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında xx.xx.2020-ci il tarixli, 010CASA200660006 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam icra edilməsi üçün Cavabdeh1 bank qarşısında birgə məsuliyyət daşıyır; İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər borcun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur; xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 əsas borcu üzrə 931,05 manat, faiz borcu üzrə 117,90 manat, cərimə borcu üzrə 251,10 manat olmaqla, ümumilikdə 1300,05 manat məbləğində borcu vardır; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33,01 manat məbləğində dövlət rüsumu ödənilmişdir; İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 əsas borcu 94,05 manat, faiz borcu 117,9 manat, cərimə borcu 50 manat olmaqla, cəmi borcu 261,95 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2020-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı ASC “borclu” Cavabdeh2 3000 manat məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissəhissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən öhdəlik Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi ilə təmin edilmişdir. Cavabdeh2 müqavilə üzrə əsas borcdan 2905,95 manat, faiz borcundan 554,3 manat ödəniş etmişdir. Cavabdeh məhkəmə prosesi dövründə ödənişlər etmiş, hazırda Cavabdeh2 əsas borcu 94,05 manat, faiz borcu 117,9 manat, cərimə borcu 50 manat olmaqla, cəmi borcu 261,95 manat təşkil edir. İddiaçı cavabdehlərdən müştərək qaydada bankın xeyrinə əsas borc üzrə 931,05 manat, faiz borcu üzrə 117,90 manat, cərimə borcu üzrə 251,10 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 33,01 manat pulun tutulmasını xahiş edir. İddia tələbinin qanuni əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə cavabdeh - Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ona və zamin Cavabdeh1 qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini tam həcmdə banka ödəməkdən yayınmışdır. İddia ərizəsində kredit müqaviləsi üzrə 931,05 manat əsas borcun, 117,90 manat faiz borcunun, 251,10 manat cərimə borcunun mövcud olduğu qeyd edilsə də, məhkəmə baxışı zamanı İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh2 əsas borcu 94,05 manat, faiz borcu 117,9 manat təşkil edir. Digər Cavabdeh1 isə xx.xx.2020-ci il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən əsas borclu və zamin risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliklərinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borca görə 94,05 manat, faiz borcuna görə 117,9 manat pulu iddiaçıya ödəməlidirlər. Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2 və 467-ci maddələrinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddələrin məzmunundan göründüyü kimi, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur. Hazırki iş üzrə iddiaçının tələb etdiyi cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 25 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 94,05 manat, faiz borcu üzrə 117,9 manat, cərimə borcu üzrə 25 manat olmaqla, cəmi 236,95 manat məbləğində pul və ödənilmiş tələblərə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 33,01 manat pulun 7 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 94,05 manat, faiz borcu üzrə 117,9 manat, cərimə borcu üzrə 25 manat olmaqla, cəmi 236,95 (iki yüz otuz altı manat, doxsan beş qəpik) manat məbləğində pul və ödənilmiş tələblərə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 33,01 manat pulun 7 (yeddi) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-436/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-436/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver