Məhkəmə qərarları › İş №e-2(005)-4391/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4391/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4391/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı X3 Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Bakı Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 16 oktyabr 2024cü il tarixə cəmi 545,43 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “X3” Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia ərizəsinin qəbulundan Cavabdeh2 münasibətdə iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, mülki iş materiallarının tədqiqi zamanı məhkəmə tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, cavabdeh (kredit müqaviləsi üzrə əsas borclu) Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixində verilmişdir. Konstitusiyanın 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Konstitusiyanın 71-ci maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilməsə də nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğu daxilində bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Mülki Prosessual Məcəllənin 284-4.1.1-ci maddəsinə uyğun olaraq, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə imtina edir. Hazırki iş üzrə cavabdehin iddia ərizəsi verilməzdən əvvəl ölməsi isə mövcud vəziyyətdə işin məhkəmə qaydasında baxılmalı olmasını aradan qaldırır. Belə ki, vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması yolverilməzdir və bu hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina üçün əsasdır. Həmin Məcəllənin 153.5 və 153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə işə məhkəmədə baxılmalı olmadığından iddiaçı X3 Bakı Filialının Cavabdeh2 qarşı pul tələbinə dair hissədə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə digər Cavabdeh1 ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi, o, “X1” Bakı filialı ilə borclu Cavabdeh2 arasında bağlanmış 01 avqust 2022-ci il tarixli 700 nömrəli kredit müqaviləsinin təminatı qismində bağlanmış zaminlik müqaviləsi üzrə zamin qismində çıxış etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Göründüyü kimi, ölmüş borclunun pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ilk növbədə onun vərəsələrinin olub-olmaması müəyyən edilməli, vərəsələri olduğu təqdirdə tələb ilkin olaraq onlara yönəldilməlidir. Yalnız vərəsələr tərəfindən öhdəliyin icra edilmədiyi və ya və ya lazımınca icra edilmədiyi təqdirdə tələb zaminə yönəldilməlidir. Hazırki iş üzrə isə ölən borclunun vərəsələrinin olub-olmamasının müəyyən edilməsi, olduğu təqdirdə borcun ödənilməsi barədə bildirişin onlara göndərilməsi barədə hər hansı sübut iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən isə ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunan prosessual qanunvericilik normalarının məzmunundan göründüyü kimi, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsində göstərilməsi yalnız o halda məcburidir ki, bu müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş olsun. Pretenziya qaydasına riayət edilməsinin məcburiliyinin müqavilədə nəzərdə tutulmaması tərəflərin bu qaydaya riayət edilməsi vəzifəsini istisna etmir. Yalnız həmin qayda qanunda da nəzərdə tutulmadığı halda tərəflərin müvafiq vəzifəsi istisna olunur. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarı qətidir və məcburi xarakter daşıyır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.2.-ci və 114.1.3-cü maddələrinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə və ya bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə işə məhkəmədə baxılmalı olmadığından iddiaçı X3 Bakı Filialının Cavabdeh2 qarşı pul tələbinə dair hissədə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina edilməlidir. X2 İran Bakı Filialının Cavabdeh1 qarşı pul tələbinə dair hissədə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-153, 263-264, 268-269 və 284-4.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 Bakı Filialının Cavabdeh2 qarşı pul tələbinə dair hissədə işə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina edilsin. İddiaçı X3 Bakı Filialının Cavabdeh1 qarşı pul tələbinə dair hissədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı X3 Bakı Filialı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul (Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) X3 Bakı Filialına qaytarılsın. Qərardadın iddia ərizəsinin geri qaytarılması hissəsindən, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar