Məhkəmə qərarları › İş №e-2(005)-4456/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4456/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4456/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə haqqının ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. İddia ərizəsindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə kommersiya xarakteri daşıyır. Belə ki, İddiaçı MMC kommersiya hüquqi şəxsidir. Cavabdeh isə fərdi sahibkar kimi qeydiyyatdan keçməklə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) almışdır. Həmçinin “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehin VÖEN üzrə fəaliyyət istiqaməti şəxsi maşınların sürücü ilə icarəsi ilə bağlıdır. Onlar arasında yaranmış mübahisə isə nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi tələbindən irəli gəlir. Belə olan halda hazırkı mübahisəyə mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınaraq ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 41-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinə görə ərizənin bu Məcəllənin 284- 3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin İddiaçı MMC tərəfindən ödənilmiş 33,6 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı icarə haqqının ödənilməsi tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 33,6 (otuz üç manat, altmış qəpik) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, mədaxil qəbzinin nömrəsi – **********) İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar