Məhkəmə qərarları › İş №e-2(005)-453/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-453/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-453/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4741.08 manat məbləğində əsas bоrc və 817.05 manat faiz borcu оlmaqla, cəmi 5558.13 (Beş min beş yüz əlli səkkiz (.13)) manat borcun və 75.99 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalanCavabdeh1 arasında bağlanmış 14 mart 2022 il tariхli, 109801-70286/9 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 27 ay müddətinə, illik 19% dərəcəsi ilə 8000.00 (Səkkiz min (.00)) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh2 arasında 14 mart 2022 il tariхli, 109801-70286/9 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 14 mart 2022 il tariхli, 109801-70286/9 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 20 sentyabr 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4741.08 manat məbləğində əsas bоrcu və 817.05 manat faiz borcu оlmaqla, ümumilikdə 5558.13 (Beş min beş yüzəllisəkkiz(.13)) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, banka müəyyən ödənişlər edildiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14 mart 2022-ci il tarixli, 109801-70286/9 nömrəli kredit müqaviləsi üzrə əsas borc -4127 manat, əsas borca hesablanmış faiz borcu— 1352.64 manat olmaqla, cəmi 5479.64 (Beş min dörd yüz yetmiş doqquz (.64)) manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 75.99 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etdiyini, əsas və faiz borc məbləğinə etiraz etmədiyini, həmin borcun olduğunu, onu hissə-hissə ödəyəcəklərini bildirmişdir. Cavabdeh1 əsas və faiz borc məbləğinə etiraz etmədiyini, iddia tələbini qəbul etdiyini, banka borcları olduğunu bildirmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “Expressbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 109801-70286/9 saylı kredit müqaviləsinə əsasən borc verən İddiaçı ASC borc alan Cavabdeh2 27 ay müddətinə, illik 19% hesablanmaqla 8000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 109801- 70286/9 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 109801-70286/9 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; - xx.xx.2022-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, 80000 manat pul Cavabdeh1 ödənilmişdir; - "xxxx" ASC tərəfindən borclulara ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşlar; - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4741,08 manat əsas, 817,05 manat faiz borcu, cəmi 5558,13 manat borcu yaranmışdır; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 75,99 manat məbləğində dövlət rüsumu və 0,40 manat komissiya ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsi və kredit kartına dair müqaviləyə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh2 ilə bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. İddia tələbinin qanuni əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə iddiaçının cavabdeh - Cavabdeh1 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, cavabdeh - Cavabdeh2 (zamin) Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyin icrası üçün məsuliyyət daşıdığına görə ona qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh1 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4127 manat əsas, 1352.64 manat faiz borcu yaranmışdır. Digər Cavabdeh2 isə xx.xx.2022-ci il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4127 manat əsas, 1352.64 manat faiz borcu olmaqla, cəmi 5479.64 (beş min dörd yüz yetmiş doqquz, altmış dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 75.99 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14 mart 2022-ci il tarixli, 109801-70286/9 nömrəli kredit müqaviləsi üzrə 4127 manat əsas borc, 1352.64 manat faiz borcu, cəmi 5479.64 (beş min dörd yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün 75.99 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar