Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-462/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 90000 manat əsas borcun, iddiaçı tərəfindən vəkilə ödənilmiş 226 manat məbləğində xidmət haqqının, 360 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla məhkəməyə verildiyindən mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə mülki işin kommersiya məhkəməsinə göndərilməsinə zərurət olmadığını, iddia ərizəsinin düzgün olaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə verildiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Lakin cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsinə münasibət bildirib. Əlavə olaraq iddiaçının adından bildirir ki, kredit müqaviləsi üzrə pulu Şəmkirdə parnik əkmək üçün almışdır. Həmçinin cücə fermasına sərmayə qoymalı idi. Aldığı pulu faizə götürüb. Bu pula görə də faizlər qaytarmışdır. Sadəcə sahibkarlıq fəaliyyəti baş tutmadı və sonradan faizlə götürdüyü pulu tam olaraq qaytara bilmədi. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 11-ci bəndinə görə nəzərə alınmalıdır ki, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş çıxarışlardan görünür ki, İddiaçı və Cavabdeh fərdi sahibkar statusuna malik olan fiziki şəxslər kimi dövlət qeydiyyatına alınmışdır. Beləliklə məhkəmədə müəyyən edilir ki, hazırki mübahisənin həm subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Kommersiya məhkəmələri başlıca olaraq müxtəlif hüquqi şəxslər, o cümlədən fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər arasında yaranan mübahisələri araşdırır. Burada “hüquqi şəxs” dedikdə, həm müxtəlif dövlət orqanları, həm mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq kommersiya xarakterli qurumlar (şirkətlər, MMC-lər, səhmdar cəmiyyətləri, idarə, müəssisə və təşkilatlar), həm də qeyri-kommersiya təşkilatları (ictimai birliklər, fondlar və s.) başa düşülür. Beləliklə, EMİS-dən əldə olunmuş çıxarışdan müəyyən olunur ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) fərdi qaydada sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərindən, cavabdehin ərizələrindən, o cümlədən tərəflərin polis orqanında verdiyi izahatlarından tərəflər arasındakı kredit müqaviləsi üzrə münasibətlərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi şübhəsizdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə, şərh olunanlara əsasən, işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-462/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-462/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-462/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver