Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-463/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan artıq ödənilən məbləğ 19500 manat, vurulmuş zərər olaraq gediş gəliş biletinin ödənişi olan 1863 manatın, əldən çıxmış fayda olaraq 15000 manatın və mənəvi zərər olaraq 2000 manatın, ümümlikdə 38363 manat pul vəsaitinin, həmçinin 206 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə aralarında xx.xx.2021-ci il tarixdə 67.39A.21 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan binalarda ona məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək xx.xx.2019-cü il tarixdə Cavabdeh ona sökülmüş mənzilin əvəzində Dgirişi 4-cü mərtəbədə ümümi sahəsi 55.1 kv.m olan 1 otaqlı təmirsiz mənzili təhvil verməyi, o isə təmirsiz mənzili öhdəsinə götürməyi qəbul etmişdir. Lakin evin kv.m kiçik olduğu üçün ödəniş etməklə kv.m sahəsi böyük olan digər evin alınması üçün Cavabdeh MTK-ya müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə o, D girişi 4-cü mərtəbədə yerləşən sahəsi 55.1 kv.m olan mənzili 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunda reyester nömrəsi № 8i-30152 ləğv edərək Cavabdeh MTK-ya təhvil vermiş, əvəzində D girişi 16-cı mərtəbədə yerləşən ümümi sahəsi 76.1 kv.m olan 103 saylı mənzili əldə etmişdir. MTK ilə qarşılıqlı razılığa gələrək, daxili ölçüləri 70 kv.m, oxlar üzərində olan ölçüləri isə 76.1 kv.m mənzil ona verilmişdir. xx.xx.2021-ci il tarixli, 67.39A.21 saylı müqavilədə də qeyd olunduğu kimi, xx.xx.2019-cü il tarixdə verilmiş mənzil ilə xx.xx.2021ci il tarixdə verilmiş mənzil arasında fərq yaranmışdır. Yaranmış fərq (70-55=15 kv.m) təşkil etmişdir. Yaranmış fərqi 15x1300=19500 manat, ilin sonunadək yəni 2021-ci il dekabr ayının 30-dək ödəməyi öhdəsinə götürmüşdür. Tərəfindən müqavilənin 1.1-ci bəndinə əməl olunmuş, qeyd edilən mənzilin tam dəyərini ödəmiş, lakin MTK müqavilənin şərtlərinə əməl etməmiş, kobud şəkildə pozmuşdur. Müqavilədə mənzilin kv.m 76.1 kv.m qeyd olunsa da, çıxarışda mənzilin kv.m sahəsi 56.30 kv.m olduğu məlum olmuşdur. xx.xx.2021-ci il tarixli, kassa mədaxil orderinin qəbzindən görünür ki, D bloku 16-cı mərtəbə 103-cü mənzil üçün 19500 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, tərəfindən "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan “D” binası,16-cı mərtəbə, 103 nömrəli 1 otaqlı ümümi sahəsi 76.1 kv.m olan mənzilin dəyəri tam ödənilmiş və kooperativə borcu yoxdur. Lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 şəxsindən ona təqdim olunmuş çıxarışdan görünür ki, AZ1007, ünvan 2 ünvanında olan mənzil 56.30 kv.m. O, 76.1 kv.m mənzil ücün 19500 manat pul ödədiyi halda, aldığı yaşayış sahəsinın kv.m 56.30-dur. Müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılmasına və artıq ödəniş məbləginin 19500 manat ona geri qaytarılması ilə bağlı cavabdehə ərizə ilə müraciət etməsinə baxmayaraq, cavab verilməmişdir. O, X3 yaşayır və oranın vətəndaşıdır. Aylıq gəliri ortalama 15100 manat təşkil edir. Dəfələrlə o Azərbaycana gəlib, qeyd olunan şirkətə borcunu ödəmişdir. Son dəfə mənzilin dəyişdirilə bilməsi üçün MTKya gəlməli olduğu təkid edilmiş və məcbur qalıb bilet alıb Bakıya gəlmiş və ödənişi nağd etmişdir. 1 aydan artıq olaraq Bakıda qalaraq şirkətlə pulun geri qaytarılması ilə məşğul olmuş və nəticədə vəkil tutmaq məcburiyyətində qalmışdır. Bu zaman qalığı içərisində o, əmək fəaliyyətindən məhrum olmuşdur. Biletə isə 1863 manat pul vermişdir. Həmçinin MTK-ya 19500 manat pul ödəsə də, mənzilin kv.m sahəsi müqavilədə qeyd olunandan az olduğu müəyyən olunmuşdur. Bu dövr ərzində aldandığını anladığında bir neçə dəfə mənəvi sarsıntı keçirmişdir. Burada qalmaq məcburiyyətində qaldığından işləri Amerikada yarım qalmışdır. MTK-nin icraçı direktoru B.C.Məmmədov olsa da, bütün danışıqları Cəfərov Əmiraslan ilə olmuşdur. Bütün mənzil alıcıları binanın sahibi kimi məhz Cəfərov Əmiraslanı tanımaqdadır. Artıq ödənilən məbləğ 19500 manat, vurulmuş zərər olaraq gediş-gəliş biletinin ödənişi olan 1863 manatın, əldən çıxmış fayda olaraq 15000 manatın və mənəvi zərər olaraq 2000 manatın, ümümlikdə 38.363 manat pul vəsaitinin, həmçinin 206 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Cavabdeh MTK-dan vurulmuş maddi zərərin əvəzi olaraq (mənzil sahəsinin fərqi 13,7 kv.m üçün) 31510 manat (19500 manat olan hissəsi maddi zərər, 12010 manat olan hissəsi isə maddi zərərə daxil olan əldən çıxmış fayda), həmçinin vurulmuş maddi zərər olaraq gediş-gəliş biletinin ödənişi olan 1863 manatın, əldən çıxmış fayda olaraq 15000 manatın (işləmədiyi dövr üçün) və mənəvi zərər olaraq 2000 manatın, ümümlikdə 50373 manat pul vəsaitinin, həmçinin 250 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin nəzərə alınaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 ekspert rəyində və müqavilədə qeyd edilən oxlar üzərində sahənin 76 kv.m təşkil etdiyini və mənzillərin oxlara görə olan sahə ilə satıldığını, eyni zamanda iddiaçının Azərbaycana gəlməsi mənzil almaq üçün deyil, mənzilini daha böyük ölçüdə olan mənzillə əvəz etmək üçün gəldiyini, cavabdeh şirkətin bununla bağlı hər hansı bir məsuliyyət daşımadığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, yeni qaydalarla AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155, M16, 5 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 67.39A.21 saylı müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhər M. Sənani küçəsi ev 39 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək. xx.xx.2019-cu il tarixində Cavabdeh MTK Mülkiyyətçinin sökülmüş mənzilinin əvəzində ona D girişi 4-cü mərtəbədə ümumi sahəsi 55,1 kv\m olan 1 (bir) otaqlı təmirsiz mənzili Mülkiyyətçiyə təhvil verməyi, Mülkiyyətçi isə həmin təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixindən Mülkiyyətçi İddiaçı D girişi 4-cü mərtəbədə yerləşən sahəsi 55.1 kv.m olan mənzili 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda reyestr nömrəsi №8i- 30152 ləğv edərək Cavabdeh MTK-ya təhvil verdi, əvəzində D girişi 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 76.1 kv.m olan 103 saylı mənzilin Mülkiyyətçisi olmaq istəmişdir. Cavabdeh MTK Mülkiyyətçi ilə qarşılıqlı razılığa gələrək, daxili ölçüləri 70 kv.m, oxlar üzərində olan ölçüləri isə 76.1 kv.m mənzili İddiaçı verildi. xx.xx.2019-cu il tarixdə verilmiş mənzil ilə xx.xx.2021ci il tarixində verilmiş mənzil arasında fərq yaranmışdır. Yaranmış fərq (70-55=15 kv.m) təşkil edir. Mülkiyyətçi yaranmış fərqi 15x1300=19500 AZN, ilin sonunadək (2021-ci il dekabr ayının 30-dək) ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan “D” binası 16-cı mərtəbədə yerləşən 103 nömrəli, 1 otaqlı, ümumi sahəsi 76.1 kv.m mənzilinin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və kooperativə borcu yoxdur. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 205 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli **********75 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 44 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9960 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının "D” girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 58,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan “D” binası, 16-cı mərtəbə, 103 nömrəli 1 otaqlı mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və arakəsmə divarlarının altı nəzərə alınmaqla, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4843 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları’-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D” girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmaqla, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 56,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D'’ girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin daxili ölçülərinin 58,5 kv.m oxlar üzərində ölçülərinin isə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni, çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisi Cavabdeh MTK tərəfindən həyata keçirilərək, xx.xx.2019-cu il tarixində Cavabdeh MTK Mülkiyyətçinin sökülmüş mənzilinin əvəzində ona D girişi 4-cü mərtəbədə ümumi sahəsi 55,1 kv\m olan 1 otaqlı təmirsiz mənzili Mülkiyyətçiyə təhvil verməyi, Mülkiyyətçi isə həmin təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Sonradan iddiaçı evin kv.m kiçik olduğu üçün ödəniş etməklə kv.m sahəsi böyük olan digər evin alınması üçün Cavabdeh MTK-ya müraciət etmiş, xx.xx.2021-ci il tarixdə iddiaçı D girişi 4-cü mərtəbədə yerləşən sahəsi 55.1 kv.m olan mənzili 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda reyester nömrəsi № 8i- 30152 ləğv edərək Cavabdeh MTK-ya təhvil vermiş, əvəzində D girişi 16-cı mərtəbədə yerləşən ümümi sahəsi 76.1 kv.m olan 103 saylı mənzili əldə etmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılan zaman həmin mənzilin ümumi sahəsinin 56.30 kv.m olmasının müəyyən edildiyini bildirərək müqavilənin digər tərəfi olan cavabdehdən sahə fərqinə görə pulun tutulmasını tələb edir. Mülki iş üzrə təyin edilmiş ekspertiza ilə mənzilin müqavilədə nəzərdə tutulmuş sahəsi ilə faktiki sahəsi arasında 11,85 kv.metr fərq olduğu müəyyən olunmuşdur. (azaltma əmsalı tətbiq olunmadan) c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-cı maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 766-cı maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) İş materiallarında aydın olur ki, Cavabdeh MTK tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ümumi sahəsi 76,1 kv.m olan mənzil verməyi öz öhdəsinə götürsə də, ümumi sahəsi 56.30 kv.metr olan mənzil vermişdir. Bununla da Cavabdeh MTK müqavilə üzrə öhdəlikllərini lazımi qaydada icra etməmiş, İddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə, mülki işin araşdırılması nəticələrini əsas götürüb, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, bağlanmış müqavilədə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D'’ girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin daxili ölçülərinin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən 58,5 kv.m, oxlar üzərində ölçülərinin isə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir. Məhkəmə iddia tələbinin mənzilin əksik olan sahəsinə görə ödənilmiş 19500 manat pul hissəsində qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, mənzilin müqavilə üzrə razılaşdırılmış şərtlərinə görə daxili ölçüsü 70 kv.m nəzərdə tutulmuş, lakin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən (Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ekspert rəylərinə əsasən) 58.5 kv.m olduğu müəyyən edilmişdir. Göründüyü kimi müqavilədə qeyd edilən və faktiki ümumi sahə arasında fərq 11.85 kv/m təşkil edir. Mübahisə predmeti olan mənzilin müqavilədən göründüyü kimi təmirsiz olaraq dəyəri 1 kv.m üçün 1300 manat məbləğində razılaşdırılmışdır. Belə olan halda sahə fərqinə görə ödənilməli ümumi məbləğ 15405 manat (11.85 kv/metr x1300 manat =15405 manat) təşkil edir. İddiaçı 15 kv.m sahə fərqinə görə 19500 manat tələb etsə də, (lakin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində əksik sahənin 13,7 kv/metr olduğunu bildirib cavabdehdən 17810 manat maddi ziyanın əvəzini tələb edir), lakin məhkəmə araşdırması zamanı fərqin 11,85 kv.m olduğu müəyyən edilmiş, iddiaçı tərəfindən iddianın qeyd edilən hissədə tam təmin edilməsi üçün sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə pul tələbi hissəsində qeyd edir ki, iddia həmin hissədə də, qismən təmin edilməlidir. Belə ki, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Hazırki iş üzrə cavabdeh daxili ölçüsü 70 kv.m olan mənzili iddiaçıya verməyi öhdəsinə götürsə də, faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən 58.5 kv.m olan mənzil təhvil vermişdir. Yuxarıda da, qeyd edilən kimi cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmiş və sahəsi 11.85 kv.m az olan mənzili təhvil vermişdir. İddiaçının həmin mənzilə münasibətdə hüququnu pozmuş və nəticədə iddiaçı müvafiq hüquqlarından, mənzillə bağlı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən (nemətlərdən) məhrum olmuşdur. Müasir bazar şəraitində mənzilin dəyərlənməsi və qiymətinin qalxması nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçı mənzili vaxtında əldə etsə idi, hazırda onu daha yüksək qiymətə özgəninkiləşdirmək, bundan əlavə daha yüksək qiyməti olan əmlaka sahib olmaq hüququna malik olacaqdı. Bu baxımdan göründüyü kimi, cavabdeh tərəfindən mənzil müqavilədə qeyd olunan ölçülərdə verilmiş olsa idi, hazırda həmin mənzili bazar dəyəri daha yüksək olardı. 2021-ci il tarixdə həmin mənzilin kv.m sahəsinin bazar dəyəri 1300 manat təşkil etmiş, hazırda isə (FM Consulting” MMC-nin rəyinə əsasən) 2300 manat təşkil edir. Göründüyü kimi əvvəlki və hazırki bazar dəyəri arasında 1000 manat (2300-1300=1000) təşkil edir. Bu baxımdan məhkəmə cavabdehin müqavilə üzrə ödədiklərinin geri qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbini nəzərə alaraq, sözügedən müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməməsi nəticəsində iddiaçıya vurulmuş zərər kimi mənzilin müqavilə üzrə nəzərədə tutulmuş daxili sahəsi və faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən 11,85 kv.metr fərq hazırki dəyərinin, yəni 11850 manat (11.85 kv.m x 1000 manat = 11850 manat) cavabdehdən tutulmasını ağlabatan və məqsədə müvafiq hesab edir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hissədə iddia tələbinə qiymət verərkən iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatında mübahisəli mənzilin dəyəri ilə bağlı nəticənin ağlabatan və inandırıcı olması qənaətinə gələrək, sonuncunu mötəbər sübut kimi qəbul edir. Üstəlik də həmin qiymətləndirmə hesabatı ilə bağlı cavabdeh tərəfin hər hansı etirazının olmadığını da diqqətə alır. Məhkəmə, iddia tələbinin sözügedən “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, həmin hissə də iddia qismən təmin edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərərivurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarınndakı mövqeyinə görə, mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə qeyd edir ki, mənəvi zərər insana təbii hüquq olaraq anadangəlmə məxsus bir sıra hüquqlarının da məhdudlaşmasına səbəb olur və yalnız onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Hazırki işdən göründüyü kimi, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə ilə üzərinə götürdüyü həcmdə mənzil təhvil verilməsi barədə öhdəliyini icra etməmiş, iddiaçının qeyd olunan əksik sahə ilə bağlı müraciətlərinə müsbət cavab verilməməklə ona ziyan vurmaqda davam etmişlər. İddiaçı hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş, onun yanına gedib-gəlməsi, daha sonra məcbur qalaraq məhkəməyə müraciət etməsi, onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 2000 manatın iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Məhkəmə mənəvi zərər həddinin 300 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 300 manat məbləğində mənəvi zərərin əvəzi tutulmalıdır. Məhkəmə vurulmuş maddi zərər olaraq gediş-gəliş biletinin ödənişi olan 1863 manatın, habelə hazırki mübahisə ilə bağlı əmək fəaliyyətindən məhrum olması səbəbindən itirilmiş 15100 manat qazancının əvəzinin cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan xərclərin (itkilərin) məhz cavabdeh tərəfin müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsi səbəbinə görə yarandığını bildirir və buna görə 1863 manat biletə görə ödədiyi, habelə ay ərzində taksi fəaliyyəti ilə məşğul olaraq 15100 manat pul vəsaitindən məhrum olduğundan cavabdehdən onun xeyrinə tutulmasını qaytarılmasını tələb edir. Bu baxımdan qeyd olunan iddia tələblərinin dəlillərini təsdiq etmək üçün müvafiq sübutlar təqdim edir. Halbuki, iddiaçının yuxarıda qeyd olunan iddia tələbinin dəlilləri üzrə faktiki halların həqiqətən cavabdehin təqsiri ucbatından yarandığını təsdiq edən hər hansı mötəbər sübutu mövcud deyil. Belə ki, iddiaçı dəfələrlə Azərbaycana gəldiyini və 1 aydan artıq olaraq Bakıda qaldığını bildirsə də, iddiaçının məhz cavabdehin müqavilə üzrə vəzifələrini lazımı qaydada və keyfiyyətdə icra etməməsi səbəbindən X1 Azərbaycana gəldiyi barədə dəlili öz-özlüyündə əsaslı deyil, işin məhkəmə tərəfindən müəyyən edilmiş digər faktiki halları ilə də uzlaşmır. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı bu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan İddiaçı xeyrinə ümumilikdə 27,555 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (27555 manat) ödənilmiş 250 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun (27555 x 250 / 50373 = 136,75) 136,75 manat pul iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 113,25 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan maddi zərərə görə 15,405 ( on beş min dörd yüz beş) manat, maddi zərərə daxil olan əldən çıxmış faydaya görə 11,850 (on bir min səkkiz əlli) manat, mənəvi zərərə görə isə 300 ( üç yüz) manat olmaqla, cəmi 27555 (iyirmi yeddi min beş yüz əlli beş) manat və 136,75 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 113,25 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh MTK-dan tutulsun, Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-463/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-463/2024
29.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver