Məhkəmə qərarları › İş №e-2(005)-4647/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4647/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4647/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ******* (bir milyon üç yüz qırx min) manat əsas borc, 321600 (üç yüz iyirmi bir min altı yüz) manat faiz borcu olmaqla cəmi ******* (bir milyon altı yüz altmış bir min altı yüz) manat pulun və 1621 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətinin təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əvvəla iddia ərizəsində iddiaçı və cavabdeh kimi təqdim edilmiş şəxslərin hər biri sahibkar kimi dövlət qeydiyyatındadır - iddiaçı və Cavabdeh2 fərdi sahibkar (dövlət reyestrinin açıq məlumatları əlavə edilir) kimi, Cavabdeh1 MMC isə hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti göstərir. Göründüyü kimi, tərəf kimi göstərilən şəxslərin hamısı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əgər iddia ərizəsində ******* (bir milyon altı yüz altmış bir min altı yüz) manatın tələb olunduğunu nəzərə alsaq, əlbəttə ki, bu həcmdə vəsaitin adi məişət münasibətlərindən doğa bilməsinin praktiki baxımdan mümkünsüzlüyü nəticəsinə gəlmiş olarıq. İkincisi, iddia ərizəsinə əlavə edilmiş “akt”da Cavabdeh1 MMC-nin ümumiyyətlə adı çəkilmir. Bu MMC-nin adı iddia ərizəsinə ona görə daxil edilmişdir ki, MMC Nərimanov rayonu ərazisində yerləşir. Yəni ərizə məqsədyönlü şəkildə Nərimanov rayon məhkəməsinə ünvanlandırılıb. Üçüncüsü, cavabdeh kimi göstərilmiş Cavabdeh2 soyadı belə iddia ərizəsində “Hacıyev” yazılıb. Başlıcası isə onun ünvanı cavabdeh kimi təqdim edilmiş digər şəxsin - Cavabdeh1 MMCnin ünvanı ilə eyniləşdirilib. Halbuki, Cavabdeh2un ünvanı Bakı şəhəri, H.ünvan 2sində yerləşir. Belə ki, vəsatətə əlavə edilmiş İddiaçı və Cavabdeh2 vergi uçotuna alınmış vergi ödəyicisi olması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin məlumatlarından müəyyən olunur ki, tərəflər fərdi sahibkar olaraq dövlət qeydiyyatındadırlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdehin nümayəndəsi mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcələnin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən Məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin qərarın 24-cü bəndində qeyd olunmuşdur ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Göründüyü kimi qanunverici tərəflər arasında yaranmış mübahisənin qanuni həlini təmin etmək məqsədi ilə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və növü üzrə hissələrinin meyarını müəyyən etmişdir. Qeyd olunan meyyarlara uyğun məhkəmə aidiyyətinin müəyyən edilməsi və işə aidiyyəti məhkəmədə baxılması yaranmış mübahisələr üzrə tərəfləri hüquqi gözləntilərinin qanuni və tam olaraq bərpa edilməsinə xidmət edir. Belə olan halda iş üzrə subyektlərinin fərdi sahibkar olmaları, habelə yaranmış mübahisənin onların bir başa sahibkarlıq fəaliyyəti ilə bağlı olması faktı hazırki işə ümumi məhkəmələrdə baxılmasını qeyri-mümkün etdiyindən qeyd olunan mülki işə kommersiya məhkəməsinin icraatında baxılmalıdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemindən görünür ki, hazırki iş üzrə İddiaçı (VÖEN: **********) və Cavabdeh2 (VÖEN: **********) fərdi sahibkar kimi Bakı şəhərində qeydiyyatdan kecmişlər. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri- Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-4647/2022 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar