Məhkəmə qərarları › İş №e-2(005)-473/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-473/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-473/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat pulun və 135 manat məbləğində dövlət rüsumunun, etibarnamə üçün ödənilmiş 19 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2015-ci il tarixdə tanış olmuşdur. Cavabdeh özünü vəkil kimi təqdim etməklə ondan 7000 manat pul almış, daha sonra 8000 manat borc alaraq, qısa müddətdə qaytaracağı barədə söz vermiş, lakin ümumilikdə 15000 manat pulu qaytarmamışdır. İddiaçı 15 sentyabr 2023-cü il tarixdə cavabdeh ilə olan telefon danışığını qeydə almış, həmin danışıq zamanı cavabdeh pulu həftə sonuna qaytaracağını bildirmişdir. İddiaçı polisə müraciət edəcəyini bildirəndə cavabdeh ona şikayət etməməsi üçün yalvarmışdır. İddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Eyni zamanda iddia müddətinin keçmədiyini qeyd edərək, cavabdehin ərizəsinin əsassız olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında əvvəl iddiaçının anasını tanıdığını, özünü isə son zamanlarda tanıdığını, iddiaçı ilə aralarında pul söhbətinin olmadığını, bu səbəbdən iddia tələbinin əsassız olduğunu bildirdi. Bundan əlavə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etməklə, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, o, iddiaçının həyat yoldaşıdır. İddiaçını cavabdeh ilə Sabunçu Rayon Məhkəməsində olan mülki işlə əlaqədar qardaşı Ramiz tanış etmişdir. Cavabdehə iddiaçı tərəfindən məhkəmə mübahisəsi ilə bağlı 3000 manat, daha sonra kassasiya şikayəti verilməsi üçün 4000 manat məbləğində pul ödənilmişdir. Bundan əlavə cavabdehə 4000 manat və 3000 manat olmaqla, ümumilikdə 7000 manat məbləğində borc verilmişdir. Həmçinin 1000 manat da işlərin tezləşdirilməsi üçün ödənilmişdir. Beləliklə cavabdehə İddiaçı tərəfindən 15000 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-697/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər İddiaçı, Bakı şəhəri 16 saylı Notariat Kontoru və 4 saylı “Bakı ASAN Xidmət” mərkəzinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” iddia tələbi üzrə Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə iddiaçı və onun nümayəndəsi və vəkili X1, cavabdeh İddiaçı nümayəndəsi Cavabdeh iştirakı ilə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müvafiq qətnamə qəbul etmişdir. Fləş yaddaş diskinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bu yaddaş diskində 4 ədəd fayl mövcuddur. Bu fayllarda iddiaçı, iddiaçının arvadı və cavabdeh arasında olan telefon danışıqlarının səs yazıları qeyd edilmişdir. Səs yazılarında iddiaçı və onun arvadı cavabdehə məhkəmə işləri üçün və borc qismində verdikləri ümumilikdə 15000 manat pulun istənilməsi əks olunur. Həmin səs yazılarında cavabdeh pulu Ali Məhkəmənin qərarını verə bilməyəcəyi halda qaytaracağını bildirir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmşdir ki, iddiaçı cavabdeh ilə 2015-ci il tarixdə tanış olmuşdur. Tərəflər arasında olan münasibət Sabunçu Rayon Məhkəməsində baxılan mülki mübahisəyə görə yaranmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh İddiaçı Sabunçu Rayon Məhkəməsində və yuxarı məhkəmələrdə təmsil etməyi öhdəsinə götürmüşdür. Cavabdeh özünü vəkil kimi təqdim etməklə ondan işin apellyasiya instansiyası məhkəməsində həll edilməsi üçün 3000 manat, daha sonra həmin instansiyanı buraxıb, birdəfəlik kassasiya instansiyasında həl edilməsini tövsiyə edərək, daha 4000 manat məbləğində pul almışdır. Həmçinin 1000 manat da işlərin sürətləndirilməsi üçün almışdır. Bundan başqa həmin ərəfələrdə iddiaçı evinin yaxınlığında cavabdehə 4000 manat borca pul vermiş, daha sonra qaynı Ramiz vasitəsi ilə göndərərək, yenidən 3000 manat borca pul vermişdir. Cavabdeh 2016-cı il tarixdə iddiaçıdan 4000 manat borc aldığını, 3000 manatı isə məhkəmədə təmsilçilik üçün aldığını etiraf edir. Etiraf etdiyi hissədə cavabdeh iddia müddətinin ötürüldüyünü bildirir. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbinin 8000 manat borcun verilməsi hissəsində qəbul etmir və bu məbləğin ona ödənilmədiyini qeyd edir. Məhkəmə iş üzrə tərəflərin izahatını və şahid X2 ifadəsində qeyd olunanları, təqdim edilmiş səs yazılarını qiymətləndirməklə hesab edir ki, iddia cavabdehin etiraf etmədiyi hissədə də, yəni 8000 manat pulun cavabdehə ödənilməsi hissəsində də sübuta yetir. Belə ki, telefon danışıqlarında da cavabdeh bu pulun ona ödənildiyini inkar etmir. Qısa müddət ərzində aldığı bütün məbləği iddiaçıya qaytaracağı ilə bağlı söz verir. Cavabdeh təqdim edilən səs yazılarının əksini sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Həmçinin təqdim edilən səs yazılarını və verilən şahid ifadəsini şübhə altına alacaq faktiki hallar da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 15000 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti ümumi və xüsusi iddia müddətlərindən ibarətdir. Ümumi iddia müddəti 10 il olmaqla, barəsində xüsusi iddia müddəti tətbiq edilməyən və ümumiyyətlə, iddia müddəti tətbiq edilməyən hüquq münasibətləri istisna olmaqla, bütün hüquq münasibətlərinə tətbiq edilir. Məsələn, mülkiyyətçinin özgə şəxsin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı ümumi iddia müddəti tətbiq edilir. AR Mülki Məcəlləyə görə Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. (135.1 və 135.2). Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, bu mübahisə üzrə ümumi iddia müddəti tətbiq edilməlidir. Belə olan halda isə iddia müddəti ötürülməmişdir. Digər tərəfdən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun (tələbkarın) öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Həmçinin qeyd edilməlidir ki, qanunla müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Tərəflərin arasında olan telefon danışıqları və məhkəmə iclasında verilən izahatlarla müəyyən edilir ki, cavabdeh aldığı pulu qaytarmaqla bağlı iddiaçıya söz verir, lakin qaytara bilməyəcəyini qeyd edir. Qeyd olunanlar isə iddiaçının tələb etmə müddətini ötürmədiyinə dəlalət edir. Bu əsasla cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 135 manat dövlət rüsumu və etibarnamənin verilməsi üçün ödənilmiş 19 manat məbləğində xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 135 manat dövlət rüsumu və 19 manat etibarnamənin verilməsi üçün ödənilmiş xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar