Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4757/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 1187.00, faiz borcu 229.65 manat, cərimə borcu 178.05 manat həmçinin ərizəyə görə ödənilmiş 36.35 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1631.05 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 1187,00 manat manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022 il tarixli 547-TEL-0081-22 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borcu 1187.00 manat, faiz borcu 229.65 manat, cərimə borcu 178.05 manat ümumi borcu 1594.70 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli, 3840/22 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır” qeydi aparılmaqla pretenziya (xəbərdarlıq) məktubunun bizdən asılı olmayan səbəbdən cavabdehə çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan VTBsının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 547-TEL-0081-22 nömrəli “Kredit müqaviləsi”nə əsasən “Bank” tərəfindən “Müştəri”yə illik 35 faiz hesablanması şərti ilə 12 ay müddətinə 1187 manat məbləğində istehlak krediti verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh kreditlə 1319 manat dəyərindəki Samsung SM-A736 model məhsulu almaq üçün müraciət etmişdir. İş materiallarında olan “Satıcı” "xxxx" QSC ilə “Ödəyən” BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli əməkdaşlıq müqaviləsinin surətindən görünür ki, “Satıcı”nın satdığı müxtəlif növ və çeşidli elektron və məişət avadanlıqlarının kreditlə satışını “ödəyən” vasitəsilə həyata keçirir. “Ödəyən” isə “Satıcı”nın satdığı müxtəlif növ və çeşidli elektron və məişət avadanlıqlarının satışını müvafiq kredit qaydalarına uyğun olaraq maliyyələşdirir. İş materiallarında olan bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli son xəbərdarlıq məktubunun surətindən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 3 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 547-TEL-0081-22 saylı “Kredit müqaviləsi” üzrə Cavabdeh əsas borcu 1187 manat, faiz borcu 229,65 manat, cərimə borcu 178,05 manat, cəmi borcu 1594,7 manat təşkil edir. Həmçinin iş materiallarından görünür ki, bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borcu 1187 manat, faiz borcu 229,65 manat, cərimə borcu 178,05 manat olmaqla, cəmi 1594,7 manat borcu yaranmışdır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq, 60 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə uyğun olaraq dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1187 manat əsas borc, 229,65 manat faiz borcu, 60 manat cərimə borcu olmaqla, cəmi 1476,65 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 36,35 manat pulun 33 manatı tutularaq BOKT "xxxx" QSC-yə ödənilməlidir. İdda qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1187 manat əsas borc, 229,65 manat faiz borcu, 60 manat cərimə borcu olmaqla, cəmi 1476,65 (min dörd yüz yetmiş altı manat, altmış beş qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 36,35 manat pulun 33 (otuz üç) manatı tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4757/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4757/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver