Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-476/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 16420.66 (on altı min dörd yüz iyirmi.66) manat, faiz borcu üzrə 1924.91 (bir min doqquz yüz iyirmi dörd.91) manat, dəbbə pulu 200.88 (iki yüz), cəmi 18546.45 (on səkkiz min beş yüz qırx altı.45) manat məbləğində borcun və ödənilmiş 146 (bir yüz qırx altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı1 ASC-yə ödənilməsi; tələbin girov predmeti olan ümumi çəkisi 293.4 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı1 ASC-yə olan 18546.45 (on səkkiz min beş yüz qırx altı.45) manat məbləğində borcun və 146 (bir yüz qırx altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC “Dostluq” filialı ilə Cavabdeh arasında 07 mart 2023-cü il tarixində LB/23/010/000601 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 48 (qırx səkkiz) ay müddətinə, illik 23 % (iyirmi üç) hesablanmaqla 16635 (on altı min altı yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı1 ASC ilə Cavabdeh arasında 07 mart 2023-cü il tarixində G-LB/23/010/000601 saylı Girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 293.4 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Lakin cavabdeh tərəfindən 07 mart 2023-cü il tarixli LB/23/010/000601 saylı Kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmir. Belə ki, Dos/23-886 saylı 05 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin İddiaçı1 ASC-yə əsas borc üzrə 16420.66 (on altı min dörd yüz iyirmi.66) manat, faiz borcu üzrə 1924.91 (bir min doqquz yüz iyirmi dörd.91) manat, dəbbə pulu 200.88 (iki yüz), cəmi borcu 18546.45 (on səkkiz min beş yüz qırx altı.45) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə xx.xx.2023-cü il tarixinə 16420.66 manat əsas, 1924.91 manat faiz borcu, 200.88 manat dəbbə pulu olmaqla, cəmi 18546.45 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı müqaviləsinə əsasən yaranmış borcun 5 iş günü müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 23 % dərəcəsi ilə 16635 manat kredit verilmişdir. İş materiallarında olan ******* №-li Kredit müqaviləsi əlavə ödəniş cədvəlindən görünür ki, X2 LB/23/010/000601 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2027ci il tarixədək hər ay 533.18 manat, sonuncu ay isə 532.94 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07 mart 2023-cü il tarixli Girov müqaviləsindən görünür ki, Girov qoyan - Cavabdeh xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təminatı olaraq ona məxsus bazar qiyməti 23765 manat, likvid qiyməti 16635.5 manat olan 293.4 gram zinət əyalarını Girov saxlayan - İddiaçı1 ASC-nin sahibliyinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 07 mart 2023-cü il tarixli, LB/23/010/000601 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh “Muğanbank" ASC-nə olan borcu aşağıdak kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə (maliyyə arayışının tarixinə) 18.290,00 AZN: - əsas borc üzrə - 16.450,72 AZN, - faiz borcu üzrə - 1.839,28 AZN. xx.xx.2024-cü il tarixə: (rəyin verildiyi tarixə) 20.192,35 AZN əsas borc üzrə - 16.450,72 AZN faiz borcu üzrə - 3.741,63 AZN Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Sözügedən Qərarda göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır” Qeyd olunur ki, iddiaçı tərəf iddia tələbində faiz borca görə 1924,91 manat pul məbləğinin iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunun surətinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən tam borc məbləğinin ödənilməsini tələb etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu ünvanlandığı tarixdən xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı öhdəlik münasibətləri ləğv edildikdən sonra iddiaçı ləğv olunmuş öhdəlik üzrə faizlər tələb edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 1823.93 manat pul məbləği tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddia tələbində qeyd cərimə məbləğinin əsas borca münasibətdə uyğun olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi cərimə məbləğinin tutulması hissəsində təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə cərimə borcu olaraq 150 manat məbləğində pul vəsaiti ödənilməlidir. Məhkəmə iddia tələbi üzrə tutmanın girov predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı kredit müqaviləsi üzrə borc tələbi tələbin cavabdehə məxsus olan və bank qarşısında girov ilə yüklü edilmiş 293.4 qram olan qızıl zinət əşyalarına yönəldilməsi hissəsində əsaslıdır və təmin edilməli, borc tələbi 293.4 qram olan qızıl zinət əşyalarına yönəldilməlidir. Həmin daşınar əşyalar açıq hərraca çıxarılmalı, ondan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra girov predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 146 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa ekspertiza xərci olan 50 manat Cavabdeh tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli LB/23/010/000601 saylı kredit müqaviləsi üzrə 16420.66 manat əsas, 1823.93 manat faiz, 150 manat cərimə borcu olmaqla, ümumilikdə 18394,59 (on səkkiz min üç yüz doxsan dörd manat, əlli doqquz qəpik) manat borc və 146 (bir yüz qırx altı) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Borc tələbi girov ilə yüklü edilmiş Cavabdeh məxsus 293.4 qram olan qızıl zinət əşyalarına yönəldilsin və həmin daşınar əşyalar açıq hərraca çıxarılsın. Qeyd olunan daşınar əşyalar açıq hərracda satılsın və ondan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra girov predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-476/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-476/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver