Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-481/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə2 və X1, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və “xxxx” MMC-yə qarşı “nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və “xxxx” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iş üzrə “xxxx” MMC-ni 3-cü şəxs kimi yox,cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sentyabr 2018-ci il tarixində “X3” MMC-dən əldə etdiyi X5 LC 200 minik markalı,**-RH-*** dövlət nömrəli avtomobilini Cavabdeh MMC-yə vasitəçi “X6” MMC vasitəsilə 142 000,00 (bir yüz qırx iki min) manata nisyə olaraq satmış və həmin nəqliyyat vasitəsinə **-PS-*** dövlət nömrə nişanı alınmışdır. Avtomobili satarkən ondan xahiş etdilər ki, bu avtomobili Cavabdeh MMC-nin yeni direktoru Vüqar Süleymanov üçün alırlar və nəqliyyat vasitəsini zavodun adına rəsmiləşdirdikdən sonra uzağı 1 ay müddətinə pulunu ödəyəcəklər. O, Cavabdeh MMCnin direktorunun adını eşidərək inanıb təzə aldığı, heç istifadə etmədiyi, sıfir yürüşlü, qara rəngli, ban nömrəsi HU01J5J5143190 olan, mühərrik nömrəsi B766929 olan, 2018-ci il buraxılışlı X5 LC 200 minik maşınını Cavabdeh C-nin adına rəsmiləşdirdikdən sonra maşını evakuator üzərinə qoyaraq öz əli ilə Qazax rayonuna, Cavabdeh MMC-nin ərazisinə aparıb verdi. Onu zavodda əmin etdilər ki, yaxın günlərdə nəqliyyat vasitəsinin dəyəri vasitəçi “X6” MMC vasitəsilə ona ödəniləcək. O təqribən Oktyabr ayının əvvəllərində zavodun maliyyə idarəsinin rəhbəri Ruslan adında şəxsə və daha sonra digərlərinə müraciət etdikdə ona dedilər ki, hal-hazırda pul ehtiyatı yoxdur. Qısa zamanda ödənişi həyata keçirəcəklər. Elə həmin vaxt onun zavoda satdığı avtomobilin üzərindəki nömrənin **-AA-*** dövlət nömrə nişanına dəyişdirildiyini gördü. 2019-cu ilin Avqust- Sentyabr aylarında isə o, yenidən zavodun maliyyə idarəsinə müraciət etdikdə ona bildirdilər ki, Ruslan müəllim işdən çıxıb, onun işi ilə bağlı heç bir məlumatları yoxdur. Daha sonra ona məlumat verdilər ki, zavod rəhbərliyi nəqliyyat vasitəsinin dəyərini ödəməkdən tam imtina edir və daha bura müraciət etməməyini bildirdilər. Onun məhkəmədən kənar məsələnin həll edilməsi üçün atdığı bütün addımlar da boşa çıxmışdır. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və “xxxx” MMC-yə qarşı “nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair 12 aprel 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ilə “X6” MMC arasında və “X6” MMC ilə Cavabdeh MMC arasında 24 Sentyabr 2018-ci il tarixində BDYPİ-də bağlanmış alqı-satqı müqavilələrini etibarsız hesab edərək nəqliyyat vasitəsinin İddiaçı adına rəsmiləşdirilməsi və nəqliyyat vasitəsinin iddiaçıya qaytarılmasına, sözügedən nəqliyyat vasitəsinin köhnəlməsini nəzərə alaraq bugünkü mövcud dəyərin fərqini 102 000,00 (bir yüz iki min) manat müəyyən edərək iddiaçıya dəyən ziyan olaraq ödənilməsinin təmin edilməsinə, 3 (üç) il dövründə ailə üzvlərinin itirdiyi sağlamlıqlarının bərpa edilməsi üçün tələb olunan 300 000,00 (üç yüz min) manat vəsaitin cavabdehdən tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC ilə “X6” MMC arasında 142 000,00 (bir yüz qırx iki min) manata nəqliyyat vasitəsinə **-PS-*** dövlət nömrə nişanı alqı - satqısı zamanı hər hansı bir ödəniş edilməmişdir. Bu nəqliyyat vasitəsi elə həmin gün yəni 24 Sentyabr 2018-ci il tarixində onun adından “X6” MMC-yə alqı-satqı edilmişdir. Buradan aşkardır ki, alqı-satqı zamanı “X6” MMC ondan avtomobili qəbul etməyibsə və o, avtomobili bilavasitə Cavabdeh MMC-yə özü təqdim etmişdirsə, burada mülki münasibətlərin məqsədi onun avtomobili Cavabdeh MMC-yə satmağı olmuşdur. Belə halda bu münasibətlərdə tərəflər imzaladığı müqavilələrdə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd yaratmış və əslində başqa əqdi , yəni onun tərəfindən bu avtomobili Cavabdeh MMC-yə satmağı barədə əqdi pərdələmək məqsədi ilə bağlanan əqd olmuşdur. AR MM-nin 340.1 maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə müəyyən olunur ki, 24 Sentyabr 2018-ci il tarixli Cavabdeh MMC-ilə “X6” MMC arasında 142 000,00 (bir yüz qırx iki min) manata ban nömrəsi JTMHU01J5J5143190 olan, mühərrik nömrəsi B766929 olan,2018-ci il buraxılışlı X5 LC 200 minik markalı, avtomobilini alqı - satqısı müqaviləsi və eyni tarxdə həmin avtomobilin onun adından “X6” MMC-yə alqı - satqısı müqaviləsi uydurma və yalan əqd olmuşlar və əslində bu mübahisəli avtomobil onun ilə Cavabdeh MMC arasında alqı - satqısı müqaviləsini pərdələmişdir. Bu səbəbdən də ban nömrəsi JTMHU01J5J5143190 olan, mühərrik nömrəsi B766929 olan, 2018-ci il buraxılışlı X5 LC 200 minik markalı avtomobilinin alqı-satqısına mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilməlidir. Bu səbəbdən o, ban nömrəsi JTMHU01J5J5143190 olan, mühərrik nömrəsi B766929 olan, 2018-ci il buraxılışlı X5 LC 200 minik markalı avtomobilinin alqı satqısına dair 24 Sentyabr 2018-ci il tarixdə onunla “X6” MMC arasında və Cavabdeh MMC ilə “X6” MMC arasında imzalanan alqısatqı müqavilələrinin AR MM-in 340-ci maddəsi qaydasında etibarsız hesab edilməsi və bu müqavilələrin predmeti olmuş ban nömrəsi JTMHU01J5J5143190 olan, mühərrik nömrəsi B766929 olan, 2018-ci il buraxılışlı X5 LC 200 minik markalı avtomobilinin ona qaytarılması barədə Qətnamə qəbul edilməlidir. 2018-ci il buraxılışlı X5 LC 200 minik markalı avtomobilin Cavabdeh MMC-nin istismarında olduğunu və bu zavod sement istehsalı ilə məşğul olduğundan, həmçinin bu nəqliyyat vasitəsi vaxtaşırı olaraq Qazax - Bakı istiqamətində istismar edildiyindən aşkardır ki, avtonəqliyyat vasitəsinin istismarı nəticəsində aşınması normal həddə deyil, daha intensiv baş vermişdir. Belə halda məhkəmənin təmin etmə tədbiri kimi Avtomobilin müvəqqəti dayanacağa salıb saxlanılması barədə qanuni qüvvəyə minmiş qərardadı olmasına baxmayaraq , cavabdeh “X7” MMC təmin etmə tədbirini icra etməmiş və bu səbəbdən real olaraq avtomobilin hazırda olan qiymətinin müəyyən edilməsi mümkün deyil. Bu səbəbdən məhkəmədən xahiş edir ki, cavabdeh “X7” MMC-dən 2018-ci il buraxılışlı X5 LC 200 minik markalı avtomobilin qiymətləndiriciyə təqdim edilməsi barədə Qərardad qəbul edilsin və ya bu mümkün olmasa 3-cü il istimarda olan avtomobilin aşınmasının normativ aşınma dərəcəsinin son həddi olaraq ildə 25% qəbul edilərək cəmi 80% qiymətləndirilsin. Ailə üzvlərinin itirdiyi sağlamlıqları barədə təsdiqedici sənədlər və bərpasına tələb olunan xərclərin müəyyən edilməsi məqsədilə tibbi araşdırmaların nəticəsini əldə etmək üçün məhkəmədən Məhkəmə-tibbi ekspertizası keçirilməsini xahiş edir və ya onun ailə həkiminin verdiyi məlumatın məhkəmə tərəfindən qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iddia tələbinin dəyişdirilməsinə dair ərizəni icraata götürərək, müvafiq prosessual hərərkətlər etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrılıqda iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə2 və X2 iddia tələbinə yazılı etiraz edərək, iddianın əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş etdilər. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “İddiaçı”) Cavabdehnə (bundan sonra “Cavabdeh”) qarşı “müqavilələrin ləğvi və nəqliyyat vasitəsinin geri qaytarılması tələbinə dair ” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “X6” MMC arasında və “X6” MMC ilə Cavabdeh arasında 24 sentyabr 2018-ci il tarixdə BDYPİdə bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilərək nəqliyyat vasitəsinin İddiaçının adma rəsmiləşdirilməsi və nəqliyyat vasitəsinin İddiaçıya qaytarılması, sözügedən nəqliyyat vasitəsinin köhnəlməsini nəzərə alaraq bugünki mövcud dəyər fərqinin - 62.000 manat müəyyən edilərək İddiaçıya dəyən zərər olaraq ödənilməsi və 2 il dövr ərzində dəymiş mənəvi ziyana görə 200.000 manat kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı səbəblərə görə, hesab edirlər ki, iddiaçının tələbi əsassızdır və məhkəmə tərəfindən rədd olunmalıdır: 1. İddianın “müqavilələrin ləğvi və nəqliyyat vasitəsinin geri qaytarılması tələbinə dair” hissəsi ilə bağlı: İddiaçı, öz ərizəsində göstərmişdir ki, o, 24 sentyabr 2018-ci il tarixdə “X3” MMC-dən “X5 LC 200” markalı nəqliyyat vasitəsini əldə etmiş, vasitəçi “X6” MMC vasitəsilə nisyə olaraq 142.000 manata Cavabdehə satmış və guya Cavabdeh həmin nəqliyyat vasitəsinin dəyərini sonradan İddiaçıya ödəməmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, Cavabdeh “X5 LC 200” markalı nəqliyyat vasitəsini İddiaçıdan deyil, “X6” MMC-dən satın almışdır. Belə ki, cavabdehlə “X6” MMC arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqaviləyə görə, adı çəkilən avtomobil cavabdehin mülkiyyətinə keçmişdir (BDYPİ-nin 10.12.2020-ci il tarixli arayışı tərəfindən məhkəməyə təqdim olunub). Qanunvericiliyin tələbindən məlum olur ki, müqavilənin ləğv edilməsi/dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ yalnız müqavilə tərəflərinə aiddir. Üçüncü şəxsin isə tərəflər arasında bağlanmış müqavilənin ləğvinə dair mübahisə açmaq üzrə subyektiv hüququ yoxdur. Qeyd edir ki, məhkəmə iclası zamanı iddiaçı, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun cavabdehlə hər hansı əlaqəsi və ya sövdələşməsi olmamış, cavabdeh isə öz növbəsində iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir. Digər tərəfdən, Cavabdeh “X5 LC 200” markalı nəqliyyat vasitəsini iddiaçıdan deyil, məhz “X6” MMC-dən satın aldığına görə, Cavabdeh vicdanlı əldə edən sayılır. Çünki, Cavabdehin İddiaçı ilə “X6” MMC arasında hər hansı mübahisə olmasından xəbəri olmamışdır. Odur ki, Cavabdehlə “X6” MMC arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqavilə ləğv edilə və nəqliyyat vasitəsi İddiaçıya geri qaytarıla bilməz. 2 İddianın maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissəsi ilə bağlı: İddiaçı öz ərizəsində maddi və mənəvi zərərin vurulduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul edərək, iddia ərizəsinin dəlillərini təsdiq etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 07.04.2021-ci il tarixli məktubundan görünür ki, **-RH-*** dövlət qeydiyyat nişanlı X5 LC 200 minik markalı avtomobil 24.09.2018-ci il tarixdə İddiaçı adına, daha sonra **-PU-*** dövlət qeydiyyat nişanlı, X5 LC 200 minik markalı avtomobil 24.09.2018-ci il tarixdə “X6” MMC-nin adına, **-PS-*** dövlət qeydiyyat nişanlı X5 LC 200 minik markalı avtomobil Cavabdeh MMC-nin adına qeydiyyatdan keçmişdir. Bundan sonra **-AA-*** dövlət qeydiyyat nişanlı, X5 LC 200 minik markalı avtomobil 26.09.2018-ci il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 24.09.2018-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsinin surətindən görünür ki, “Satıcı” İddiaçı **-RH-*** dövlət qeydiyyat nişanlı X5 LC 200 minik markalı avtomobili “Alıcı” “X6” MMC-yə 178000 manata satmışdır və bu məbləği “Satıcı” “Alıcı”dan alıb. İş materiallarında olan 24.09.2018-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsinin surətindən görünür ki, “Satıcı” “X6” MMC **-PU-*** dövlət qeydiyyat nişanlı X5 LC 200 minik markalı avtomobili “Alıcı” Cavabdeh MMC-yə 178000 manata satmışdır və bu məbləği “Satıcı” “Alıcı”dan alıb. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, **-RH-*** dövlət qeydiyyat nişanlı X5 LC 200 minik markalı avtomobil 24.09.2018-ci il tarixdə İddiaçı adına, daha sonra **-PU- *** dövlət qeydiyyat nişanlı, X5 LC 200 minik markalı avtomobil 24.09.2018-ci il tarixdə “X6” MMC-nin adına, **-PS-*** dövlət qeydiyyat nişanlı X5 LC 200 minik markalı avtomobil Cavabdeh MMC-nin adına qeydiyyatdan keçmişdir. İddiaçı 24.09.2018-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsinə əsasən, **-RH-*** dövlət qeydiyyat nişanlı X5 LC 200 minik markalı avtomobili “Alıcı” “X6” MMC-yə 178000 manata satmışdır. 24.09.2018-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsinə əsasən, Cavabdeh MMC-yə 178000 manata satmışdır. “X5 LC 200” minik markalı avtomobilin dövlət qeydiyyat nömrəsi fərqli olsa da, tərəflər arasında mübahisəli əmlakın eyni avtomobil olması işin mübahisəsiz halıdır. İddiaçı qeyd edir ki, “X6” MMC (hazırki iş üzrə cavabdeh “xxxx” MMC) arasında və Cavabdeh MMC ilə “X6” MMC arasında bağlanmış 24.09.2018-ci il tarixli müqavilələr hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlərdi və əslində başqa əqdi , yəni onun tərəfindən mübahisəli avtomobili Cavabdeh MMC-yə satmağı barədə əqdi pərdələmək məqsədi ilə bağlanan əqdlər olmuşdur. Bununla da iddia edir ki, bəhs edilən müqavilələr başqa əqdi pərdələmək məqsədilə bağlanmış, cavabdeh “xxxx” MMC ilə onun arasında alqı-satqı müqaviləsinə dair münasibət olmamışdır. Cavabdeh “xxxx” MMC iddiaçının istinad etdiyi halları qəbul edir və onun bu müqavilədə yalnız vasitəçi olduğunu bildirir. Digər Cavabdeh MMC iddia tələbini qəbul etmir, iddianın işmaterialları ilə əsassız olduğunun sübuta yetirildiyi qeyd edərək, iddiaçının özü tərəfindən alqı-satqı müqaviləsi imzalanarkən 178000 manat pul vəsaitinin qəbul edilməsi təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə görə, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər. Lakin hazırki işdə iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında alqı-satqı müqaviləsi, cavabdehlər “xxxx” MMC ilə Cavabdeh MMC ilə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə mübahisəli avtomobil nəticə etibarilə Cavabdeh MMC-yə verilmişdir. Avtomobilin verilməsi üçün lazım olan bütün sənədlər, o cümlədən alqı-satqı müqaviləsinin özünü iddiaçı şəxsən imzalamış və hərəkətlərinin hüquqi nəticələri ona məlum olmuşdur. Alqı-satqı müqaviləsi tərəflər arasında hüquq və vəzifələr yaratdığından və görünüş üçün bağlanmadığından, həmin əqd uydurma, yəni əhəmiyyətsiz əqd hesab edilə bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi əqdlər yalan əqd kimi də qiymətləndirilə bilməz. Göründüyü kimi, alqı-satqı müqavilələri forma və məzmun baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Odur ki, alqı-satqı müqavilələrinin yalan əqd olması bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq alqı-satqı müqaviləsini yalan əqd hesab edə bilməz. İddiaçı müqavilənin yalan əqd olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və ya sübutun tələb edilməsi barədə vəsatət qaldırmamışdır. Ona görə də müqavilələr yalan əqd sayıla bilməz. Hətta hesab edilsə belə ki, mübahisələndirilən əqdllər yalan əqddir, yenə də iddiaçı belə bir tələb irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Bununla belə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsində göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və həmin müddətin tətbiq edilməsi üçün tərəfin ərizə verməsi tələb olunmur. Eyni zamanda iddiaçı iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinə etiraz edərək, hazırki iddiasının səbəbinin Cavabdeh MMC-nin ona pul ödəməkdən bir neçə ay bundan öncə imtina etməsi, iddianın hüquqi əsasının dəyişməsinin səbəbi isə onu avtomobilin satıcısı kimi tanımaması olmuşdur. Məhkəmə iddia tələbini və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı mübahisəli əqdləri məhkəmə müstəvisində mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, 24.09.2018-ci il tarixli iddiaçı mübahisələndirdiyi əqdlərlə bağlı hüquqlarının pozulmasından, 2019-cu ildən məlumatlı olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində 2019-cu ilin avqust-sentyabr aylarında zavod tərəfindən ona rəhbərlikdə dəyişiklik edildiyini, hər hansı pul ödənilməyəcəyini bildirilməsini qeyd etsə də, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş 1 illik müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə ki, iddiaçı mübahisəli alqı-satqı müqavilələrini 14.10.2020-ci il tarixdə daha sonra isə iddia tələbini dəyişərək 12.04.2021-ci il tarixdə məhkəmə müstəvisində mübahisələndirmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Bundan başqa məhkəmə iddiaçının iddia tələblərinin digər hissələrinə münasibətdə qeyd edir ki, həmin hissələrdə iddia tələbi əsas tələbdən törəmə tələblər olduğundan, məhkəmə həmin tələblərə əlavə olaraq hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və “xxxx” MMC-yə qarşı “nəqliyyat vasitəsinin alqısatqısına dair müqavilələrin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və “xxxx” MMC-yə qarşı “nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-481/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-481/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver