Məhkəmə qərarları › İş №e-2(005)-4842/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4842/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4842/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" KB ASC cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 334.87 AZN məbləğində əsas borc, 369.36 AZN məbləğində faiz borcu,cəmi 704.23 AZN məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-yə Cavabdeh müraciət edərək imzaladığı xx.xx.2020-ci il tarixli ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizəyə əsasən sonuncuya AZN valyutasında debet (Visa Classic) kartı verilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizəsiəsasında yaradılmış 424448**6799 saylı kartı hesabına müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin, xx.xx.2021-ci il tarixdən etibarən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə o, 334.87 AZN məbləğində banka məxsus pul vəsaitinı istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 334.87 AZN məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Banka məxsus qanunsuz istifadə edilmiş 334.87 AZN məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılmasımümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdehtərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 334.87 AZN məbləğində əsas, 369.36 AZN məbləğində faiz borc olmaqla,cəmi 704.23 AZN məbləğində borcu yaranmışdır. 424448**6799 saylı kart hesabı üzrə yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardir. Bildiririk ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, 424448**6799 saylı kart hesabı üzrə yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılımüraciətlərimiz nəticəsiz qalmışdır. İddia ərizəsi tərtib edilərkən xx.xx.2020-ci il tarixli ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizəsədən, hesabdan çıxarışdan, şəxsiyyət vəsiqəsindən və sairə sənədlərdən istifadə edilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları. Cavabdeh İddiaçı ASC-yə olan overdraft borcunun faizlərini və penyanın hesablanması haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddia qaldıran günə borcun məbləği 334,87 manat, iddia qaldıran günə faiz borcunun məbləği 379,50 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan 26 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 424448**6799 saylı kart müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka olan borcun məbləği əsas borc üzrə 334,87 manat, cərimə üzrə 369,36 manat, cəmi 704,23 manat təşkil etdiyi bildirilmiş və 3 gün müddətində göstərilən məbləğdə borcun banka ödənilməsi tələb edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Bu halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə olan overdraft borcunun faizlərini və penyanın hesablanması haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddia qaldıran günə borcun məbləği 334,87 manat, iddia qaldıran günə faiz borcunun məbləği 379,50 manat təşkil edir. İş materiallarında olan bank tərəfindən Cavabdeh göndərilmiş 26 sentyabr 2024-cü il tarixli bildirişdən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 3 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. Həmçinin iş materiallarından görünür ki, bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli vəi.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

439. Pul öhdəliklərinin icrası ...439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1 092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.... Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 1 19.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda- 30 manat Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizə ilə İddiaçı ASC-yə müraciət etmişdir. Ərizədə cavabdeh kombpeks bank xidməti müqaviləsi və İddiaçı ASCnin bank kartlarından istifadə və xidmət Qaydaları” ilə tanış olduğnu, onlar ilə razılaşdığını və yerinə yetirəcəyini təsdiq etmişdir. Həmin əsasən sonuncuya AZN valyutasında debet (Visa Classic) kartı verilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizəsiəvsasında yaradılmış 424448**6799 saylı kartı hesabına müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Məhkəmə qeyd edir ki, overdraft əməliyyatı elmi ədəbiyyatda müştəri-borcalanın hesablaşma hesabında vəsait çatmadıqda və ya olmadıqda onun tərəfindən hesablaşma sənədlərinin ödənilməsi üçün müştərinin hesablaşma hesabının bank tərəfindən kreditləşdirilməsidir. Bu zaman bank müştərinin hesabından vəsaiti tam həcmdə çıxarır, yəni avtomatik olaraq müştəriyə vəsait qalığından artıq məbləğdə kredit verir. Overdraft adi kreditdən onunla fərqlənir ki, müştərinin hesabına daxil olan bütün məbləğlər borcun ödənilməsinə yönəldilir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, overdraft üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Məhkəmə faiz borcu ilə bağlı qeyd edir ki, iddia ərizəsində cavabdehdən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququnun olduğu göstərilmişdir. Lakin nə iddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən visa ödəniş kartının hazırlanması üçün təqdim edilən ərizədə, nə də bankın rəsmi internet səhifəsində yerləşdirilmiş İddiaçı ASC-nin bank kartlarından istifadə və və xidmət qaydalarında (cavabdehin ərizəsində də həmin qaydalara istinad edilmişdir) overdraft yaranacağı təqdirdə faizlərin hesablanması qaydası nəzərdə tutulmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, bank tərəfindən cavabdehə göndərilən pretenziya məktubunda cavabdehdən cərimə borcu tələb edilsə də, iddia ərizəsində eyni məbləğ faiz borcu olaraq göstərilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 42,61 manat məbləğində pulun 40 manatı cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında olan xx.xx.2020-ci il tarixli ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizə üzrə Cavabdeh 334,87 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manatın 14 manatı tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında olan xx.xx.2020-ci il tarixli ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizə üzrə Cavabdeh 334,87 (üç yüz otuz dörd manat səksən yeddi qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manatın 14 manatı tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar