Məhkəmə qərarları › İş №e-2(005)-4905/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4905/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4905/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin xeyrinə 400 manat əsas, 20 manat faiz, 70 manat komissiya haqqı və 20 manat cərimə borcu olmaqla cəmi 690 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********001 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 400 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli № **********001 saylı müqavilə üzrə əsas borc üzrə 400 manat, faiz borcu üzrə 20 manat, komissiya haqqına görə 70 manat və cərimə borcuna görə isə 20 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll ediməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və İddiaçı BOKT MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmak qərarına gəlmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 400 manat əsas, 20 manat faiz, 70 manat komissiya və 201 manat cərimə olmaqla, cəmi 691 manat borcun və ödənilmiş dövlət rüsum məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından qəbul edilməmiş, beləliklə də iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin iddiaçının tələbinə dair etiraz bildirilməmişdir. Belə ki, iş materiallarında olan: - İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********001 saylı müqavilədən görünür ki, verilmiş kreditin məbləği: 400 AZN, verilmiş kredit məbləğindən istifadəyə görə haqq 19,50 AZN, verilmiş kredit məbləğindən istifadəyə görə haqq, faizlə: 4,7%, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği: 70 AZN, illik faiz dərəcəsi: 60,85 %, ödəniləcək ümumi məbləğ 489,50 AZN, verilmiş kredit məbləğinin ödənilmə tarixi: xx.xx.2024. - xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə arayış tərtib edilən tarixə 400 manat əsas, 20 manat faiz, 70 manat komissiya haqqı və 201 manat cərimə borcu olmaqla cəmi 691 manat borcu var. - İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, o, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka yaranmış 690 manat borcunu 3 gün ərzində İddiaçı BOKT MMC-yə ödəməsi, ödəmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət olunaraq həmin borcun və məhkəmə xərclərinin alınması tələb ediləcəkdir. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 9, inzibati bina ünvanında qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli, **********57 №-li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh və İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********001 saylı müqaviləyə əsasən sonuncuya 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 400 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləği və bütün digər məbləğləri bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 400 manat əsas borcunu iddiaçıya ödəməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia tələbi iddiaçı tərəfindən dəqiqləşdirilmiş, 400 (dörd yüz) manat əsas, 20 (iyirmi) manat faiz, 70 (yetmiş) manat komissiya haqqı və 201 (iki yüz bir) manat cərimə borcu olmaqla olmaqla ümumilikdə 691 (altı yüz doxsan bir) manat pul tutulması xahiş etmişdir. İddiaçı cavabdeh tərəfindən 20 manat faiz borcunun və 70 manat komissiyanın ödənilməsini xahiş edir. Müqaviləyə əsasən, borcalan tərəfindən verilmiş mikro kredit məbləğinin ödənilmə tarixi 10 təqvim günündən artıq müddətə gecikdirilərsə, bu Müqaviləyə uyğun olaraq verilmiş mikro kredit məbləği və bütün əlavə ödənişlərin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır. Borcalan tərəfindən Müqavilə üzrə həyata keçirilən ödənişin məbləği Borcalanın Müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək üçün yetərli olmadıqda, Borcalanın borcu aşağıdakı ardıcıllıqla ödənilir: 1) gecikmə müddəti ərzində yığılmış borclar üzrə faizlər; 2) verilmiş kreditin Məbləğindən istifadə haqqı, komissiya; 3) şəraitdən asılı olaraq verilmiş kreditin məbləğinə xidmət göstərilməsi üçün məbləğ; 4) Əsas borcun məbləği. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit üzrə illik faiz dərəcəsi 60,85 %, komissiya 70 manat müəyyən olunmuşdur. İllik faiz dərəcəsi verilmiş kredit məbləğinin tam şəkildə alınması və verilmiş kredit məbləğinin ödəniş tarixindən əvvəl qaytarılması ehtimalı əsasında hesablanır. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz və komissiya da müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, borcunu qaytarmamışdır. Belə olan halda cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər, ona əlavə olaraq hesablanmış məbləğləri də ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir İddiaçı həmçinin cavabdehdən 201 manat məbləğində cərimə tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.14-cü bəndinə əsasən, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT-iddiaçı, borcalandan-cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün faiz tələb etmək hüququna malikdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını, tərəflərin hər ikisinin mənafeyini, kredit müqaviləsi üzrə cavabdehdən tələb olunan əsas borcun məbləğini nəzərə alaraq, kredit müqaviləsi üzrə tələb olunan tənasübsüz surətdə yüksək hesablanmış 201 manat məbləğində cərimənin 40 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Beləliklə məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, tərəflərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 23 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2024-cü il tarixli **********001 saylı müqavilə üzrə 400 (dörd yüz) manat əsas, 20 (iyirmi) manat faiz, 70 (yetmiş) manat komissiya haqqı və 40 (qırx) manat cərimə borcu olmaqla, ümumilikdə 530 (beş yüz otuz) manat borc və ödənilmiş 23 (iyirmi üç) manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli **********001 saylı müqavilə üzrə 400 (dörd yüz) manat əsas, 20 (iyirmi) manat faiz, 70 (yetmiş) manat komissiya haqqı və 40 (qırx) manat cərimə borcu olmaqla, ümumilikdə 530 (beş yüz otuz) manat borc və ödənilmiş 23 (iyirmi üç) manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar