Məhkəmə qərarları › İş №e-2(005)-491/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-491/2024

04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-491/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2ə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 2nın həyətində yerləşən və ümumi sahəsi 23,6 kv.m olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində iddiaçıya verilməli olan 30 kv.metrlik qaraja görə ümumilikdə 50.000 manat maddi kompensasiyanın və ötən 9 ildən çox müddət ərzində iddiaçının əsassız olaraq incidilməsi nəticəsində onda yaranmış stres və əsəb gərginliyi nəticəsində vurulmuş mənəvi ziyana görə isə 10.000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının ərizəsi əsasında Bakı şəhəri Cavabdeh2 də cavabdeh qismində mülki işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2nın həyətində yerləşən və ümumi sahəsi 23,6 kv.m olan qeyri-yaşayış binası (qaraj) İddiaçı məxsusdur. Buna dair AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı inventar nömrəsi 11/1176 olan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə Bakı şəhərinin baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının inşa olunması nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 29/89 saylı yaşayış binasının və həmin yerdə yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və qeyriyaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, adıçəkilən köçürülmə prosesinin sifarişçisi və zəmanət verəni Cavabdeh2, podratçı şirkət isə Cavabdeh1 MMC olmuşdur. xx.xx.2014-cü il tarixdə sifarişçi və zəmanət verən Cavabdeh2 podratçı Cavabdeh1 MMC və zəmanət alan İddiaçı arasında 31/89 №-li üçtərəfli zəmanət müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçıya məxsus yuxarıda adıçəkilən qarajın əvəzinə həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. 2014-cü il tarixdə adıçəkilən ünvanda söküntü işləri həyata keçirilmiş və ərazidə yeni müasir yaşayış binaları inşa edilmişdir. Lakin İddiaçı ilə bağlanmış zəmanət müqaviləsinin şərtlərinə riayət olunmamış, ona hər hansı məlumat verilmədən və faktiki olaraq müqavilə öhdəliyi pozularaq inşa edilmiş yaşayış binalarının layihə sənədlərində müvafiq dəyişikliklər aparılmış və bununla da yeraltı mərtəbə sahəsi ləğv edilmişdir. Dəfələrlə Cavabdeh2ə, eləcə də Bakı şəhər İcra Hakimiyyətinə İddiaçı etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə iddiaçıya dəymiş ziyan ödəniləcəkdir. Lakin hadisənin törədilməsindən 7 il keçməsinə baxmayaraq hər hansı bir əməli tədbir həyata keçirilmədiyindən İddiaçı məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bundan sonra həmin qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd edilən hallardan müəyyən edilir ki, müqavilə öhdəlikləri icra edilməyərək İddiaçı mülkiyyət hüququ pozulmuşdur. Belə ki, qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasının altında qaraj sahəsi inşa edilməmişdir. Faktiki olaraq İddiaçı aldadılmışdır və müqavilə üzrə öhdəlikləri icra edilməmişdir. Bu səbəbdən də İddiaçı hazırda qarajı yox, qarajın dəyərini tələb edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, H.Əliyev prospektindəki binaların sifarişçisi İcra Hakimiyyəti olub. Cavabdeh1 MMC isə sadəcə podratçı şirkət olub. Cavabdeh1 MMC-yə H.Əliyev prospektində binaların sökülməsi və yerində müasir binaların tikilməsi həvalə edilmişdir. Cavabdeh1 MMC də ona verilən layihə üzrə binalar tikmişdir. Hazırda onların bu iddia ilə heç bir əlaqələri yoxdur. Vətəndaş İcra Hakimiyyətindən tələb etməlidir. İnzibati Məhkəmədə İcra Hakimiyyəti özü də etiraf edib ki, qaraj yerlərini kompensasiya edib vətəndaşlara verəcəklər. Onlar heç bir layihə dəyişikliyi etməmişlər. Dövlət onlara hansı layihəni veribsə, onlar da həmin layihə üzrə bina tikmişlər. Onlar binaları öz maliyyə hesablarına inşa etmişlər. Hazırda həmin binalar onların balansındadır. İşıq pulunu belə onların şirkəti ödəyir. Halbuki həmin binalar İcra Hakimiyyətinin balansında olmalıdır. Dəfələrlə yazışmalar aparsalar da, həmin binaları İcra Hakimiyyətinin balansına keçirə bilməmişlər. Cavabdeh1 MMC heç bir mənzil satmayıb. Hətta vətəndaşlara mənzilləri bağışlama müqaviləsi ilə verib. H.Əliyev prospektində bu tipli 5-6 bina inşa etmişlər. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh Bakı şəhəri Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 619 nömrəli sərəncamının surətindən görünür ki, M.B.Əhmədzadə küçəsi 4 nömrəli binanın həyətində yerləşən, 26 kv.m sahəsi olan daş qarajın, həmin binanın 19-cu mənzilində yaşayan vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır; - ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquq subyekti İddiaçı verilmiş qeyri yaşayış binası-qarajın texniki pasportunun surətindən görünür ki, 16.11.207-ci il tarixli, 619 nömrəli sərəncama əsasən qarajın tikinti sahəsi 26 kv.metrdir. Faktiki olaraq 28.2 kv.m. sahədən istifadə olunur. - Cavabdeh2 (“Sifarişçi və Zəmanətverən”), Cavabdeh1 MMC (“Podratçı”) və İddiaçı (“Zəmanətalan”) arasında bağlanmış 31/89 saylı, xx.xx.2014-cü il tarixli zəmanət müqaviləsinin surətindən görünür ki, tərəflər arasında Bakı şəhərinin Baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binalarının inşa olunması ilə əlaqədar Ağa Neymətulla küçəsi 29/89 saylı yaşayış binasının sökülməsi və sakinlərin köçürülməsi üçün həmin yerdə müasir yaşayış binasının inşa edilməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və ya qeyriyaşayış sahələri ilə təmin olunması məqsədilə, vətəndaş İddiaçı Ağa Neymətulla küçəsi 29/89 saylı binanın həyətində ona məxsus, ümumi sahəsi 28,2 kv.m olan qarajının əvəzinə, həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində bir avtomobil yeri üçün ümumi sahəsi 30,0 kv.m olan qarajla təmin olunması barədə zəmanət müqaviləsi imzalanmışdır; - Cavabdeh2in Sabir Rüstəmova (iddiaçının atasına) ünvanladığı xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli, İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubların surətlərindən görünür ki, Heydər Əliyev prospektinin yenidənqurulması layihəsi çərçivəsində söküntüyə məruz qalmış fərdi qarajın müqabilində qonşu sahədə sökülüb yenidən tikilmiş yaşayış binasının zirzəmisındəki qaraj sahəsinin bir hissəsi ilə əvəzlənməsi nəzərdə tutulmuşdur. Lakin sonradan layihə sənədlərində müvafiq dəyişikliklər aparılaraq yeraltı mərtəbə sahəsi ləğv edilmiş və məhz bu səbəbdən İddiaçı yeni sahə ayrılması mümkün olmamışdır. Dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərcləri hesabına Rayon İcra Hakimiyyətinə bu kimi məqsədlərlə əlavə vəsait ayrılacağı təqdirdə həmin şəxsə kompensasiya ayrılması məsələsinə baxılıb həllinə köməklik göstərilə bilər; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı (Cavabdeh1 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-517/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır; - Məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli, 0135 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 27000 manat müəyyən edilmişdir. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 491/2024 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tədqiq olunan obyektə baxış keçirilmiş, lakin iş üzrə tədqiqat obyekti yerində saxlanılmadığından, eyni zamanda ilkin vəziyyətinə dair hər hansı məlumat olmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, ünvan 2nın həyətində yerləşən və ümumi sahəsi 26 kv.m olan qeyri-yaşayış binası (qaraj) İddiaçı məxsus olmuşdur. İstismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının inşa olunması prosesi çərçivəsində xx.xx.2014-cü il tarixdə sifarişçi və zəmanət verən Cavabdeh2, podratçı Cavabdeh1 MMC və zəmanət alan İddiaçı arasında üçtərəfli müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən əvvəlki ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Sonradan layihədə dəyişikliklər edilmiş və həmin binada qeyri-yaşayış sahələri (qaraj) inşa edilməmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və qarajla təmin olunmamasını əsas gətirərək, öhdəliyin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair “legitim gözləntisi” olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. İş materiallarından göründüyü kimi, İddiaçı mübahisələndirilən ünvanda yerləşən və cavabdehlər tərəfindən sökülmüş qaraja mülkiyyət hüququ qeydə alınmasa da, onun həmin qeyri-yaşayış sahəsinə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Cavabdehlər isə onunla müqavilə bağlayaraq iddiaçıya məxsus qarajın sökülməsi müqabilində 30 kv.m. avtomobil yeri üçün qeyri-yaşayış sahəsi verməyi öhdələrinə götürmüşlər. Mülki Məcəllənin öhdəliyin anlayışını müəyyən edən 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442, 443.1, 443.2-443.3.və 448.2-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən 5.3 və 425.1-ci maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Hazırki iş üzrə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyən edilmişdir. Mülki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı ona məxsus qeyri-yaşayış obyektinin-qarajın sökülməsi və əvəzində tikiləcək yeni binada 30 kv.m qaraj sahəsi verilməsinə razılıq vermiş və obyekti sökülmək üçün cavabdehlərə təqdim etmişdir. Müqaviləyə əsasən, tikinti müddətində söküntüyə məruz qalan mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə (sahibinə) bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan mənzilin və ya qeyri-yaşayış sahəsinin verilməsini təmin etmək və mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmilədirərək mülkiyyətçiyə təhvil vermək “Podratçı”nın (Cavabdeh1 MMC-nin) öhdəlikləri olaraq müəyyən edilmişdir (2.2.1 və 2.2.2-ci bəndlər). Eyni müqavilənin 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən isə müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək və işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirmək “Sifarişçi və zəmanət verən”in (Cavabdeh2in) öhdəlikləri kimi müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya məxsus qarajın sökülməsi və əvəzinin hər hansı bir formada ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Buna əsas kimi isə yeni tikilən binanın layihəsində dəyişiklik edilməsi və qaraj sahəsinin nəzərdə tutulmaması göstərilmişdir. İddiaçı Cavabdeh2ə qarşı kompensasiya ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmiş, lakin iddiası mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, həmin iddiaya cavab verməli olan subyekt Cavabdeh2 ola bilməz, belə ki, tikintini həyata keçirən şirkət Cavabdeh1 MMC olmuşdur. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında bağlanmış mülki hüquqi müqavilənin icra edilməməsi məsələsi araşdırıldığından həmin qərardad hazırki iş üzrə preyudisial xarakter daşıya bilməz. Cavabdeh2in məsuliyyəti ilə əlaqədar qeyd olunmalıdır ki, o, müqavilənin tərəfi, sifarişçi və zəmanət verən olmaqla, yalnız işlərin maliyyələşdirilməsi üzrə deyil, eyni zamanda “Podratçı” tərəfindən işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Buna baxmayaraq, həmin öhdəliyini lazımınca yerinə yetirməmişdir. Halbuki onun zəmanət verən qismində müqavilənn tərəfi olması hər bir pozuntuya görə məsuliyyəti öz üzərinə götürməsi anlamına gəlir. Xüsusilə vurğulanmalıdır ki, İcra Hakimiyyəti tərəflər arasındakı münasibətlərin hər hansı bir mərhələsində bu öhdəliyini inkar etməmiş, əksinə onun tərəfindən iddiaçıya ünvanlanmış məktublardan da göründüyü kimi, iddiaçının qarajla təmin edilməsi baş tutmadığı üçün Dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə kompensasiyanın ödəniləcəyini qeyd etmişdir. Digər Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkilinin, MMC-nin hər hansı bir təqsirinin olmaması, onların sadəcə onlara verilmiş layihə əsasında tikintini həyata keçirmələri dəlili ilə bağlı məhkəmə qeyd edir ki, həmin dəlillər əsassız olmaqla, müqavilə öhdəliklərinin icra edilməsindən yayınmaq məqsədi daşıyır. Belə ki, qeyd olunduğu kimi, tikinti müddətində söküntüyə məruz qalan qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə (sahibinə) müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin verilməsini təmin etmək podratçı olan Cavabdeh1 MMC-nin öhdəliklərindən biri olmuşdur. Lakin həmin öhdəlik onun tərəfindən icra edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçıya məxsus əmlakın sökülməsinə baxmayaraq, cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl edilməməklə sökülmüş əmlakın əvəzinin iddiaçıya verilməməsi qanunsuz olmuşdur. Cavabdehlər müqavilənin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini icra etməmiş, onların icrasından yayınmışlar. İddiaçının isə müqavilə ilə ona verilməsi nəzərdə tutulan əmlak mövcud olmadığından onun dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 31/89 saylı müqavilə üzrə həm “Sifarişçi və zəmanət verən” Cavabdeh2in, həm də “Podratçı”nın Cavabdeh1 MMC-nin müqavilə ilə müəyyən edilən öhdəlikləri olmuş və müqavilənin icra edilməməsi ilə hər iki tərəf müqavilə öhdəliklərini pozmuşdur, bu hal isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. Hazırki mülki iş üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və bu səbəbdən də iddiaçının mülkiyyətində olan qaraj sahəsindən məhrum olunması müəyyən edildiyindən və yeni inşa edilmiş binada qaraj sahəsi nəzərdə tutulmadığından, həmin avtomobil yeri üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin dəyəri iddiaçıya ödənilməlidir. Müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli qiymətləndirmə rəyi ilə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (qarajın) mövcud tarixə bazar dəyəri 27000 manat olaraq müəyyən edilmişdir. Odur ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıya dəymiş maddi zərərə görə qarajın dəyəri olan 27000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Ekspert rəyində də qeyd edildiyi kimi, qiymətləndirilməsi tələb olunan qeyri-yaşayış sahəsi (qaraj) mövcud olmadığından, o cümlədən təqdim edilən sənədlərdə obyektin bəzi texniki göstəriciləri barədə dəqiq məlumatlar verilmədiyindən ekspert, müaqvilədə verilməsi nəzərdə tutulmuş 30 kv.m. sahəsi olan qarajların qiymətini araşdıraraq, internet resurslarına, bu sahədə nəşr edilən qəzet, jurnal və s. daşınar əmlak bazarındakı vəziyyəti xarakterizə edən analoji bazar məlumatlarına, etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinadən obyektin nəzəri olaraq qiymətləndirilməsini həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin qeyd edilməlidir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının vəsatətinə əsasən, məhkəmə əmtəəşünaslıq eksrpertizası təyin edilsə də, əmlakın ilkin vəziyyətinə dair hər hansı məlumat olmadığından Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İddiaçının mənəvi ziyana görə 10000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının qeyriyaşayış sahəsindən məhrum olması, müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq onun icra edilməməsi, iddiaçının məhkəmələrə və müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalması nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu proseslər zamanı keçirdiyi stress və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, xüsusilə müqavilənin bağlanmasından uzun müddət keçməsini, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 2000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına və ona maddi və mənəvi zərərin dəyməsinə səbəb olduğundan iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 27000 manat, mənəvi zərərə görə 2000 manat məbləğində pul cavabdehlərdən tutuluraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan ekspertiza xərci Cavabdeh1 MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən yerləşən qeyriyaşayış sahəsinin sökülməsi nəticəsində İddiaçı verilməli olan 30 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin (qarajın) dəyəri olan 27000 manat pul və vurulmuş mənəvi zərərə görə 2000 manat, cəmi 29000 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 270 manat məbləğində pulun 131 manatı cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat məbləğində pul cavabdehlər Bakı şəhəri Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində İddiaçı verilməli olan 30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin (qarajın) dəyəri olan 27000 manat pul və vurulmuş mənəvi zərərə görə 2000 manat pul, cəmi 29000 (iyirmi doqquz min) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 270 manat məbləğində pulun 131 (yüz otuz bir) manatı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul cavabdehlər Bakı şəhəri Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAAZ22) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar