Məhkəmə qərarları › İş №e-2(005)-504/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-504/2023

12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-504/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X19 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X10iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanmasına dair Nərimanov Rayon Məhkəməsinin 2(005)-3478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan aliment məbləğinin artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 17-də yerləşən 13 saylı mənzilin cavabdehə məxsus 1/2 pay hüququ üzərində iddiaçının 2/3 pay hüququnun, Cavabdeh 1/3 pay hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3478/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməsi, Cavabdeh ilə X7 arasında 06 dekabr 2018-ci il tarixdə Babək rayonu İH-i Qanah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 16 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, qarşılıqlı iddia qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X8 iddiaçı X3 yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh hər ay 175 (yüz yetmiş beş ) manat sabit məbləğdə aliment tutulub, iddiaçı X4 verilməsi, Cavabdeh xx.xx.2019-cu i! təvəllüdlü X2 üç yaşınadək, yəni 26 oktyabr 2022-ci il tarixinədək hər ay 50 (əlli) manat tutulub X4 verilməsi, alimentin və əlavə xərcin tutulma vaxtı 26 iyul 2021-ci il tarixdən hesablanması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Cavabdeh ilə birgə nikah dövründə bir neçə əmlak əldə etmişlər. Həmçinin atası Möysün Əsədovun pul vəsaiti ilə əldə edilmiş və 1/2 pay hüququ da məhz atasına məxsus olan Nərimanov rayonu, Faiq Yusifov küçəsi 17-də yerləşən 13 saylı mənzilin də ½ pay hüququ cavabdehə məxsusdur. Qeyd edilən daşınmaz əmlakın birgə nikah dövründə əldə edildiyindən, həmin mənzilin pulu tam atası tərəfindən ödəndiyindən və birgə nikahından anadan olan övladının iddiaçının himayəsində olması səbəbindən həmin əmlak üzərində 2/3 pay hüququ müəyyən edilməlidir. Bu səbəbdən hesab edir ki, iddia tələbində tam haqlıdır və iddiası təmin edilməlidir. Belə ki, qeyd etdiyi halları şahidlərin də təsdiq edəcəyindən və nə çıxarışın, nə də alqı-satqı müqaviləsinin cavabdehdə olmaması da sübut edir. Həqiqətən həmin əmlak cavabdehin pulu ilə alınmış olsa çıxarış və alqı-satqı müqaviləsi də onda olardı, atasında deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o iddiaçının atasıdır. Mübahisəli evin cavabdehə heç bir aidiyyəti yoxdur. Həmin ev iki mərtəbəli evdir. Hardasa evin sahəsi 118 kv/m təşkil edir. Ev söküntüyə gedəcəkdi. Fikirləşdi ki, evə dair iki alqı-satqı müqaviləsi bağlansın. Evi aldığı tarix yadında deyil. Təqribi 2018-ci il tarixində almışdır. O, çoxsaylı evin alqı-satqısı ilə məşğul olduğu üçün tarixlər yadında qalmır. Çünki onun işi budur. Belə ki, o təmirsiz yerləri alıb təmir etdikdən sonra satır. Keçmiş kürəkəni də onun briqadasında işləyirdi. Mübahisəli evi 100 min manata almışdı. Həmin vaxt iki alqsatqı müqaviləsi bağladılar. Evin dəyərinin yarısını öz adına, qalan yarısını isə keçmiş kürəkəninin adına rəsmiləşdirdi. Evin tam pulunun onun tərəfindən ödənildiyini həm alıcının makleri həm də satıcının makleri təsdiq edə bilər. Şahid suallara cavab olaraq bildirdi ki, alqı-satqı müqavilələri eyni gündə bağlanıb. Hər iki evin pulu onun tərəfindən ödənilib. Onun 28 Mayın çıxışında obyekti olub, həmin obyekti 983 min manata satmışdı. Ordan əldə etdiyi pula da mübahisəli yeri almışdı. Evi ona görə qızının adına almadı ki, iki fərqli soyad olsun. Belə ki, həmin ərazidə söküntü edən şirkət bunun əvəzində iki ayrı-ayrı ev versin. Digər tərəfdən kürəkəninin Bakıda qeydiyyata düşməsi üçün burada adına evin olması lazım idi. Bundan əlavə də evin təmiri üçün xeyli xərc də çəkmişdi. Çünki həmin ev təmirsiz vəziyyətdə idi. Təmirə azı 50 min manat xərc çəkmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçının atası ilə yaxın dost olublar. Belə ki, onların iş birliyi olub. Ev alqı-satqısı ilə məşğul olublar. Cavabdehi Hacı Möysünün kürəkəni kimi tanıyıb. Həmin evi Hacı Möysünə o tapıb. Evə dair çıxarış alanda Hacı Möysün dedi ki, iki alqı-satqı müaviləsi bağlayır. Cavabdehin elə imkanı yox idi. Çünki o, həmişə görürdü ki, kürəkəninə çörək pulunu belə Hacı Möysün verirdi. Hacı Möysün onu yanında fəhlə kimi işlədirdi. Şahid suallara cavab olaraq bildirdi ki, o Hacı üçün ev tapırdı, sonra Hacı həmin evi təmir edib satırdı. Cavabdeh heç pulun üzünü görmürdü, qalmışdı ki, 50 min manat verib ev alsın. Şahid dizayn işlərini edirdi, Hacı Möysün alqı-satqı zamanı onun pulunu faiz kimi verirdi. Səhv etmirsə, həmin yerin təmirinə 30-40 min manat xərc çəkmişdi. Hacı Möysün ora qapı qoymuşdu. Onu xərci isə ayrı idi. Hacı dedi ki, evin yerləşdiyi sahə söküntüyə gedir, ona görə də iki alqı-satqı müqaviləsi bağladı ki, əvəzində iki ayrı mənzil ala bilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçı Hacı Möysünün qızıdır, tərəflərin toyunda iştirak edib. Cavabdehi hələ iddiaçı ilə nişanlı olduğu vaxtdan tanıyır. O həmin toyda Hacı Möysünün dostu kimi iştirak edib. Hətta mübahisəli evi onun vasitəsilə alıblar. Şahid suallara cavab olaraq bildirdi ki, digər makler Ələddin evin satıcının tərəfindən iştirak edirdi. Onlar bütün Nərimanov ərazisində evin alqı-satqısı ilə məşğuldu. O, Ələddin ilə birgə işləyir. Ev tapanda bir-birilərinə zəng edib xəbər edirlər. Cavabdeh Hacı Möysünün yanında fəhlə kimi işləyib. Hacı Möysün onlar üçün bazarlığa qədər edirdi. Deyəsən 500 manat maaş da verirdi. Ümumiyyətlə, onların hamısı birlikdə təmirsiz yerlərin alınıb satılması ilə məşğul idilər. Hazırki evi də aldıqdan sonra təmir elədilər, qeyri-yaşayış sahəsi kimi sənədləşdiəcəkdilər. Lakin cavabdehin imzası lazım olduğu üçün sənədləşmə işi qaldı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o usta işləyir. Cavabdeh də onun yanında işləyirdi. Hacı Möysün həmin evi onun yanında alıb. Şahid suallara cavab olaraq bildirdi ki, Hacı Möysün dedi ki, ev almışam gedir evin pulunu verməyə. O, ev alındıqdan sonra da evi təmir etmişdir. Yadındadır ki, evin üç otağını təmir edib. Deyəsən bina evi idi, köhnə tikili olan binalardan idi. Mənzil 2-ci mərtəbədə yerləşirdi. Ümumiyyətlə, ev tam dəqiq yadında qalmayıb. Amma onu deyə bilər ki, Rəsul onun yanında fəhlə işini görürdü. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses izahatlarını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 16 fevral 2023-cü il tarixli məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri 9 saylı NO-nun 4Ə 1267 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1/2 hissəsi X12 adma qeydiyyata alınmışdır. Bakı şəhəri 9 saylı NO-nun 4Ə 1268 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin digər 1/2 hissəsi isə Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nə görə, “Satıcı” X6 “Alıcı” Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118,3 kv/m olan mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus hissəsindən ½ hissəsini 50000 manat qiymətinə satdı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh ilə X7 arasında 06 dekabr 2018-ci il tarixdə Babək rayon İH-i Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 16 nömrəli akt qeyd ilə nikahın bağlanması, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X8 adlı övladlarının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşaqların anasının yanında saxlanılması və onların saxlanılması üçün alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin halların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(005)-3478/2021 saylı qətnaməsi). Məhkəmə iddianın və iddiaya olan etirazın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın əsasını birgə nikah dövründə əldə edilmiş mənzilə payın müəyyən edilməsi təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından aydın olur ki, tərəflər 06 dekabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. xx.xx.2019cu il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118,3 kv/m olan mənzilin ½ hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflərin arasında belə bir kontrakt mövcud deyil. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 17-də yerləşən 13 saylı mənzilin ½ hissəsinə İddiaçı qızının 1/2 hissədə payı, Cavabdeh 1/2 hissədə payı müəyyən edilməlidir. Belə olan halda məhkəmə iddiaçının “həmin mənzilin pulunun bütövlükdə onun atası tərəfindən ödənildiyi üçün mənzildəki payların qeyri-bərabər bölünməli olması” dəlili ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, mübahisəli mənzilin iddiaçının atasının vəsaiti hesabına alınması Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə təkzib olunur, göründüyü kimi həmin müqavilə qüvvədədir, ləğv edilməyib, etibarsız hesab edilməyib. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin ½ hissəsinə dair mülkiyyət hüququnun əldə olunması üçün iddiaçının atası tərəfindən hər hansı vəsait verilmişdirsə, bu zaman o, cavabdehə qarşı pulun ödənilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etmək hüququndan məhrum olmamışdır. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qohumu və atasının yaxını olan şahidlər mübahisəli mənzilin pulunun bütövlükdə iddiaçının atası tərəfindən ödənildiyini bildirirlər. Şahidlər iddiaçı ilə yaxın münasibətlərdə olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onların ifadəsi birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü zamanı tərəflərin paylarının qeyri-bərabər müəyyən edilməsi üçün mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan halın müəyyən edilməsi şahid ifadələri ilə təsdiq oluna bilməz. Bundan əlavə məhkəmə video yazı olan diskə münasibətdə qeyd edir ki, həmin yazıdakı danışıqlarla da hər hansı faktın müəyyən edilməsi hazırki iş üzrə mötəbər sübut sayıla bilməz. Belə ki, yazıdakı danışıqların mahiyyəti, o cümlədən mənsubluğu və s. hallar araşdırılmaqla onlara qiymət verilməlidir. Beləliklə müəyyən olunur ki, qeyd olunan daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdir. Məhkəmə bu qənaətə gələrkən iddiaçı tərəfin iddia tələbi ilə bağlı əsaslandırdığı halları nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37-ci maddəsinin tələbinə əsasən iddiaçı qeyd olunan daşınmaz əmlakın onun xeyrinə 2/3 hissədə payının müəyyən edilməsini xahiş edir. İddiaçı bunu onların birgə nikahından doğulmuş uşaqların onun yanında qalması və həmin mənzilin pulunun bütövlükdə onun atası tərəfindən ödənilməsi ilə əsaslandırır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, qeyd olunan daşınmaz əmlakın 2/3 və 1/3 hissədə paylara bölünməsini əsassız hesab edir. Belə ki, hazırda arvadın diqqətəlayiq mənafeyi, o cümlədən ər-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar məhkəmə araşdırması zamanı müəyyən edilmir. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, tərəflərin birgə nikahından anadan olmuş uşaqların iddiaçının himayəsində qalması (digər hal, yəni həmin mənzilin pulunun bütövlükdə onun atası tərəfindən ödənilməsi ilə bağlı məhkəmə öz mövqeyini yuxarıda bildirmişdir) sonuncuya birgə nikah dövründə əldə olunmuş əmlaka artıq payının müəyyən olunması üçün əsas deyildir. Qanuna əsasən prezumpsiya olaraq tərəflərin əmlakda payları bərabər hesab olunur və yalnız Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş hallarda başqa qaydada bölgü aparıla bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 17-də yerləşən 13 saylı mənzilin ½ hissəsinə İddiaçı 1/2 hissədə payı, Cavabdeh 1/2 hissədə payı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 17-də yerləşən 13 saylı mənzilin ½ hissəsinə İddiaçı 1/2 hissədə payı, Cavabdeh 1/2 hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar