Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-51/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 nömrəli kredit müqaviləsi üzrə 38,467.10 manat, xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 nömrəli kredit müqaviləsi üzrə 22,603.89 manat olmaqla, ümumilikdə 61,070.99 manat məbləğində kredit borcunun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 274 manat məbləğində vəsaitin tutulması, tutmanın ipoteka qoyulmuş ünvan 1i ünvanında yerləşən və cavabdehin mülkiyyətində olan, sahəsi 0.12 ha olan (reyestr nömrəsi: **********28, qeydiyyat nömrəsi: **********) torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və ilkin satış dəyərinin 63,000 manat həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 35000 manat əsas borc, 15191,51 manat faiz borcu, 16628,82 manat cərimə üzrə borc, ümumilikdə 66820,33 manat kredit borcunun, xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 20000 manat əsas borc, 8715,32 manat faiz borcu, 10237,20 manat cərimə borcu, ümumilikdə 38952,52 manat kredit borcunun, yekunda hər iki kredit müqaviləsi üzrə 105772,85 manat kredit borcunun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 396 manat məbləğində vəsaitin və 500 manat hüquqi yardıma görə xərcin tutulması, tutmanın ipoteka qoyulmuş ünvan 1i ünvanında yerləşən və cavabdehin mülkiyyətində olan, sahəsi 0.12 ha olan (reyestr nömrəsi: **********28, qeydiyyat nömrəsi: **********) torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması və ilkin satış dəyərinin 63000 manat həcmində müəyyən edilməsi, hərracdan əldə edilən vəsaitin borc əvəzi ödənilməsi və hərracın yekun nəticələri elan edildikdən 1 ay sonra torpaq sahəsi üzərində inşa edilmiş tikilidə olan əşyaların boşaldılması, o cümlədən ipoteka predmeti olan daşınmaz əmlakın 3-cü şəxslərin hüquqlarından azad şəkildə yeni mülkiyyətçiyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-51/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə icraata “hərracın yekun nəticələri elan edildikdən 1 ay sonra torpaq sahəsi üzərində inşa edilmiş tikilidə olan əşyaların boşaldılması, o cümlədən ipoteka predmeti olan daşınmaz əmlakın 3-cü şəxslərin hüquqlarından azad şəkildə yeni mülkiyyətçiyə təhvil verilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə illik 15% dərəcəsi olmaqla 35000 manat məbləğində, xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 nömrəli kredit müqaviləsinə əsasən borcluya 10 ay müddətinə illik 15% dərəcəsi olmaqla 20000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli sonraki ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqavilələrinə əsasən ünvan 1i ünvanında yerləşən və Cavabdeh mülkiyyətində, sahəsi 0.12 ha olan torpaq sahəsi ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri bağlandıqdan sonra həmin müqavilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində dövlət qeydiyyatına alınmışdır. Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqavilələrə əlavə olunmuş ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh müqavilələrin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, borc məbləğlərinin ödənilməsi tələbi ilə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Cavabdeh 25 iyul 2023-cü il tarixli arayışlara əsasən "xxxx" ASC-yə olan borcunun məbləği xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 35,000 manat, faiz üzrə 3,132.22 manat, cərimə üzrə 334,88 manat olmaqla, ümumilikdə 38,467.10 manat, xx.xx.2022-ci il tarixli nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 20,000 manat, faiz üzrə 1,825.09 manat, cərimə üzrə 778,80 manat olmaqla, ümumilikdə 22,603.89 manat təşkil edir. Beləliklə, Cavabdeh "xxxx" ASC qarşısında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 38467,10 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 22,603.89 manat olmaqla, ümumilikdə 61,070.99 manat öhdəliyi mövcuddur. Müqavilə üzrə öhdəliklər vaxtında icra edilmədiyinə görə borclu Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər göndərilmişdir. Həmin bildiriş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndi ilə ipoteka predmeti olan torpaq sahəsinin likvid dəyəri "xxxx" MMC qiymətləndirmə şirkətinin qiymətləndirmə rəyinə əsasən 63,000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsnini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumalandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 saylı kredit müqaviləsinə əsasən borc verən "xxxx" ASC borc alan Cavabdeh 12 ay müddətinə illik 15% olmaqla 35000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 saylı kredit müqaviləsinə əsasən borc verən "xxxx" ASC borc alan Cavabdeh 10 ay müddətinə illik 15% olmaqla 20000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - “İpoteka saxlayan” "xxxx" ASC və “İpoteka qoyan” Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1i ünvanında yerləşən və Cavabdeh mülkiyyətində, sahəsi 0.12 ha olan torpaq sahəsini (reyestr nömrəsi: **********28, qeydiyyat nömrəsi: **********) xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 saylı krediti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü etmişdir; - “İpoteka saxlayan” "xxxx" ASC və “İpoteka qoyan” Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1i ünvanında yerləşən və Cavabdeh mülkiyyətində, sahəsi 0.12 ha olan torpaq sahəsini (reyestr nömrəsi: **********28, qeydiyyat nömrəsi: **********) xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 saylı krediti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar dəyəri 70000, likvid dəyəri isə 63000 manat müəyyən edilmişdir; - Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0.12 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixində ipoteka ilə yüklü edilmişdir; - Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0.12 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə sonrakı ipotekanın dövlət qeydiyyatı növü ilə yüklü edilməsi xx.xx.2023-cü il tarixində qeydə alınmışdır; - Pul köçürmələri barədə qəbzlərin surətindən görünür ki, Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə 35000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat pul köçürülmüşdür; - Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin məktubundan görünür ki, ünvan 1i ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində xx.xx.2023-cü il tarixdə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı aparılmışdır; - "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 12 aprel 2023-cü il tarixli bildirişlərdən görünür ki, cavabdeh kredit müqavilələri üzrə borcunun olması və onun tam ödənilməsi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı və ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir; - "xxxx" MMC-nin 0130 saylı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablarnalar nəticəsində, ünvan 1ində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsinin dəyəri tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar dəyəri 70000 və likvid dəyəri isə 63000 manat, ünvan 1ində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin bazar dəyəri 217000 manat, likvid dəyəri isə 195000 manat müəyyən edilmişdir; - xx.xx.2025-ci il tarixli maliyyə arayışlarının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 20000 manat əsas, 8715,32 manat faiz, 10237,2 manat cərimə borcu, cəmi 38952,52 manat, xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 35000 manat əsas, 15191,51 manat faiz, 16628,82 manat cərimə borcu, cəmi 66820,33 manat borcu vardır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8233 saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 35000 manat, faiz borcu üzrə 1.630,43 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 35.000 manat faiz borcu üzrə manat 3.132,51 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 20.000,00 manat faiz borcu üzrə 1333,33 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 20.000,00 manat, faiz borcu üzrə 1825 manat təşkil etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8233 saylı rəyindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evi və torpaq sahəsi barədə məlumat olmadığından, sözügedən fərdi yaşayış evinin və torpaq sahəsinin mövcud orta bazar və likvid qiymətini müəyyən etmək mümkün olmamışdır; - Azərbaycan Qiymətləndiricilər Palatasının məhkəmənin müvafiq qərardadına əsasən təyin etdiyi qiymətləndirici "xxxx" MMC-nin 70/E nömrəli, xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinin üzərindəki tikililər nəzərə alınmaqla, bazar dəyəri 153810 manat, likvid dəyəri isə 135352 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqavilələrinə əsasən "xxxx" ASC borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 saylı kredit müqaviləsi üzrə 35000 manat, xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 saylı kredit müqaviləsi üzrə 20000 məbləğində kredit verməyi, borcalan isə müqavilələrdə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh - borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli ipoteka müqavilələrinə əsasən cavabdehə məxsus torpaq sahəsi ilə təmin edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini məhkəmədən xahiş edir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, borc (kredit) müqaviləsinin bağlanması və iddiaçı tərəfindən borcalan Cavabdeh müvafiq müqavilələr üzrə kreditlərin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, kassa məxaric orderi, maliyyə arayışı, həmçinin əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğlər verilmiş, cavabdeh isə müqavilələrdə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8233 saylı ekspert rəyində Cavabdeh xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan xx.xx.2023-cü il tarixə (bildirişin göndərildiyi tarixə) əsas borcu 35000 manat, faiz borcu 1630,43 manat, xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (bildirişin göndərildiyi tarixə) əsas borcu 20000 manat, faiz borcu 1333,33 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Məhkəmə hesab edir ki, iddia faiz borcu hissəsində qismən təmin edilməli, bildirişlərin tərəfə göndərildiyi tarixə uyğun olaraq ekspert rəyində göstərilən məbləğdə pul cavabdehdən tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Cərimə borcu ilə əlaqədar məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462 və 467-ci maddələrinə uyğun olaraq, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, hazırki iş üzrə müqavilələr üzrə tələb olunan cərimə borcları tənasübsüz surətdə yüksək olduğundan iddiaçının cərimə borcu hissəsində tələbi də qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1500 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1000 manat dəbbə pulu (cərimə) tutulmalıdır. İddianın, Cavabdeh məxsus ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və ilkin satış dəyərinin 63000 manat həcmində müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 269.1 və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli bildiriş cavabdehə göndərilmiş və xx.xx.2023-cü il tarixli ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuşdur. Mülki Məcəllənin borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələrini müəyyən edən 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Bunlara əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, eləcə də ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə görə, sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. İş materiallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tərəflər arasında kredit müqavilələrinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2022-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. Həmin ipoteka müqavilələrinə əsasən cavabdehə məxsus ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Hazırki iş üzrə cavabdeh müqavilə şərtlərinə əməl etməyərək ödəniş qrafiki üzrə kredit ödənişlərini gecikdirmişdir, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, tələbin Cavabdeh mülkiyyətində olan Şamaxı rayonu, Axaxıl kəndində yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi hissəsində iddia tələbi təmin edilməlidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadının 21-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipoteka saxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Hazırki iş üzrə ilkin və sonrakı ipoteka müqavilələrində ipoteka predmetinin likvid dəyəri 63000 manat müəyyən edilsə də, müqavilənin bağlanmasından xeyli müddət keçdiyini, həmin qiymət müəyyən edilərkən torpağın üzərində tikilinin nəzərə alınmadığını və əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin həmin məbləği mübahisələndirdiyini nəzərə alaraq məhkəmə tərəfindən qiymətləndirici rəyləri alınmışdır. İlk dəfə "xxxx" MMC tərəfindən ünvan 1ində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin bazar dəyəri 217000 manat, likvid dəyəri isə 195000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf həmin qiymətin yüksək olduğunu bildirərək, təkrar eksoertiza təyin edilməsi barədə vəsatət vermiş, həmçinin cavabdeh özü də rəydə göstərilən qiymətin yüksək olduğunu, həmin qiymətə satılmayacağını, özünün 160000 manata satışa qoyduğunu bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmiş və "xxxx" MMC tərəfindən ipoteka predmeti olan torpaq sahəsinin (üzərindəki tikili ilə birlikdə) bazar dəyərinin 153810 manat, likvid dəyərinin 135352 manat həcmində qiymətləndirildiyi nəzərə alınaraq ipoteka predmetinin, yəni ipoteka qoyan Cavabdeh mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti 135352 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının 500 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulması tələbinə münasibətdə, işin hallarını, mürəkkəblik dərəcəsini, iddiaçı tərəfin hüquqi şəxs olduğunu nəzərə alaraq, vəkil xərcinə görə 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 nömrəli kredit müqaviləsi üzrə 35000 manat əsas, 1630,43 manat faiz borcu, 1500 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, KM/114/5201435/161222 nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borc, 1333,33 manat faiz borcu və 1000 manat cərimə borcu olmaqla, cəmi 60463,76 manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə 320 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 396 manat pulun 230 manatı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən, sahəsi 0.12 ha olan torpaq sahəsinə yönəldilməli, torpaq sahəsi, ilkin satış qiyməti 135352 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan məbləğ borc tələbinin ödənilməsinə yönəldilməli, satışdan artıq qalan vəsait Cavabdeh qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirmə tədqiqatının dəyəri olan 500 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, KM/114/5201435/201022 nömrəli kredit müqaviləsi üzrə 35000 manat əsas, 1630,43 manat faiz borcu, 1500 manat cərimə borcu, xx.xx.2022ci il tarixli, KM/114/5201435/161222 nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borc, 1333,33 manat faiz borcu və 1000 manat cərimə borcu olmaqla, cəmi 60463,76 (altmış min dörd yüz altmış üç manat, yetmiş altı qəpik) manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə 320 (üç yüz iyirmi) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 396 manat pulun 230 (iki yüz otuz) manatı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən, sahəsi 0.12 ha olan torpaq sahəsinə yönəldilsin. Torpaq sahəsi, ilkin satış qiyməti 135352 (yüz otuz beş min üç yüz əlli iki) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan məbləğ növbəlilik qaydasında borc tələbinin ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan vəsait Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ013501**********6944, SWİFT RBTAA722) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-51/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-51/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver