Məhkəmə qərarları › İş №e-2(005)-5171/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5171/2021

24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5171/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.10.2020-ci il tarixdə BMW-740 markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili alarkən ödənilmiş 8500 manat pulun və təmirinə sərf olunan 1000 manat pulun, həmçinin iddianın verilməsi ilə əlaqədar ödənilmiş 115 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.10.2020-ci il tarixdə BMW-740 markalı **- KF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Cavabdeh 8500 manata almışdır. Cavabdeh avtomobili mülkiyyətçisi - Bakı şəhər sakini X4 tərəfindən cavabdehə verilmiş və Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş 7E-43972 №-li etibarnamə əsasında ona satmışdır. Cavabdehin ona verdiyi 29.10.2020-ci il tarixli ƏN-Vİİ 459873 №li etibarnamə 15.11.2020-ci il tarixdə avtomobilin mülkiyyətçisi Emil Şahbazov tərəfindən ləğv edilmişdir. O, Emilə zəng edərək hansı səbəbdən etibarnaməni ləğv etdiyini soruşmuş və telefon danışığı zamanı Emil bildirmişdir ki, əvvəllər cavabdehin direktor olduğu şirkətdə işləmiş, cavabdehə təcili pul lazım olduğunu biləndə avtomobili satması üçün etibarnamə əsasında cavabdehə vermiş, cavabdeh avtomobili satıb əldə etdiyi pulu zəruri ehtiyaclarına xərclədikdən bir müddət sonra pulu ona qaytarmalı olduğu halda pulun qaytarılmadığını görüb cavabdehin adına verdiyi etibarnaməni 15.11.2020-ci ildə ləğv etmiş, etibarnaməni ləğv edərkən isə avtomobilin artıq ona etibarnamə əsasında satıldığını bilmişdir. O, Emil Şahbazova avtomobili 8500 manata aldığını bildirsə də, E.Şahbazov keçmiş direktoru olan Cavabdeh tərəfindən avtomobilin satılması ilə bağlı ona pul vermədiyini, bu səbəbdən də etibarnamə ləğv etdiyini demişdir. Emil Şahbazov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin avtomobilin ona qaytarılmasını, bu mümkün olmadıqda isə avtomobilin qiymətləndirilərək orta bazar qiymətinin İddiaçı və Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmiş, məhkəmənin 2(005)-1890/2021 saylı iş üzrə 30.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. O Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti versə də, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində Emil Şahbazov onun avtomobili 8500 manata aldığını bildiyini qeyd etmiş və bu, məhkəmənin qətnaməsində öz əksini tapmışdır. Qeyd olunan avtomobili 8500 manata aldığını şahidlər də təsdiq edə bilər. Avtomobili aldıqdan sonra isə avtomobilin mühərrikində olan nasazlıqla əlaqədar 1000 manat məbləğində xərc çəkmiş və avtomobili təmir etdirmişdir. Məhkəmənin qərarlarına əsasən avtomobil Emil Şahbazova qaytarılacağını nəzərə alaraq, avtomobili alarkən ödədiyi 8500 manat cavabdeh tərəfindən ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirmişdir ki, maşın alveri ilə məşğuldur və Sahib üçün avtomobil axtarırdılar. Əlixan onun avtosalonuna gələrək, BMW- 740 markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili satmağ niyyətində olduğunu bildirmişdir. Sahibə maşın barədə xəbər verdi və Sahib maşını yoxladıqdan sonra almaq niyyətinə gəldi. Əvvəl avtomobilin Əlixanın adına olduğunu düşünmüşlər, lakin sonra Əlixan avtomobil onun olduğunu bildirdi və etibarnamə əsasında alqı-satqı eləməyi təklif etdi. X6 Əlixana 8500 manat pul vermişdir. Sonrada avtomobil ilə əlaqədar məlum problemlər yarandı. Sahibə etibarnamə verildikdən 14 gün sonra həmin etibarnamə ləğv edilmişdir. Avtomobilə 1000 manat xərc çəkilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 digər şahidin izahatına uyğun izahat verərək, Sahibin Əlixana 8500 manat BMW-740 markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün pul verdiyini təsdiq etmişdir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1890/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər Cavabdeh və İddiaçı qarşı avtomobilin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. X4 iddia ərizəsində özünə məxsus BMW-740 markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili 15000 manat qiymətə Cavabdeh hissə-hissə ödəmək şərti ilə satdığını qeyd etmiş, lakin Cavabdeh həmin avtomobili 8500 manata İddiaçı satdığını qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək, özünə məxsus olmayan avtomobili etibarnamə verməklə alqı-satqı edərək, sonuncudan 8500 manat pul almış, lakin sonra avtomobilin mülkiyyətçisi cavabdehə verdiyi etibarnaməni ləğv etmiş, bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamədə ləğv olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddianın vurulmuş 8500 manat real zərər hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia həmin hissədə tam sübut olduğu üçün təmin edilməlidir. Məhkəmə iddianın avtomobilin təmiri üçün çəkilmiş 1000 manat pulu cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində qeyd edir ki, iddiaçı həmin xərcin çəkilməsi və qeyd olunan məbləği ödəməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı Cavabdeh tərəfindən tələb etdiyi məbləğin 8500 manat məbləğində pul məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan qeyd edilən pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 102,90 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 102,90 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar